EN

Ermənistan savaş poliqonuna çevrilə bilər

Kilsə-hakimiyət qarşıdurması ölkədə siyasi böhrana səbəb olub

Sürüşkən xarici siyasət konsepsiyası yürüdən Ermənistan elə xaricdən idarə olunan kilsənin təzyiqi ilə üzləşib. Zaman-zaman dövlətin siyasətinə müdaxilə edən, çürük ideologiyası ilə erməni cəmiyyətini idarə etməyə çalışan Erməni Apostol Kilsəsi indi də ölkənin Baş naziri Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyətini ortaya qoyub. Məsələ orasındadır ki, kilsə ölkənin baş nazirini 44 günlük Vətən müharibəsində uğursuzluqda ittiham edir, hakimiyyət dəyişikliyi zamanı isə hansısa nailiyyətin əldə olunacağına ümid edir. Başqa  sözlə, Erməni Apostol Kilsəsi ənənəsinə sadiq qalaraq bütün gücünü Azərbaycana qarşı fəaliyyətə səfərbər edib. Xatırladaq ki, Erməni Apostol Kilsəsi azərbaycanlıların tarixi vətənimiz - Qərbi Azərbaycandan zorla deportasiyası və Qarabağda aqressiv separatizmin formalaşmasında başlıca rol oynayan ünsürlərdən birincisi olub. Erməni keşişləri terror və qətllərlə müşahidə olunan torpaqlarımızın işğalında  ASALA və "Daşnaksütyun" kimi terrorçu və cinayətkar qruplaşmalarla eyni yolu keçib. Dünyanın heç bir yerində, heç bir dinində erməni kilsəsi qədər bölücülüyə, separatizmə, kriminala meylli teokratik qurum tapmaq mümkün deyil. Erməniliyin dövlət yaratmaq istəyi tarix boyu kilsənin ətrafında ərsəyə gəlib. Dağınıq və pərakəndə şəkildə yaşayan, dövlətçilik ənənəsi olmayan, ömrü boyu dövlət arzusunda olan bu xalqın özünün də formalaşması kilsə ilə ayrılmaz şəkildə bağlıdır.

Hazırda da Ermənistanda kilsə-hakimiyyət savaşı pik həddə çatıb. Ermənistan Baş naziri Nikol Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib. Ermənistanın Baş naziri katolikos II Qaregini və onu müdafiə edənləri kəskin şəkildə tənqid edib. Paşinyanın sözlərinə görə, onun II Qareginə ünvanlanmış tənqidlərini "Azərbaycan" və ya "Türkiyə izi" kimi təqdim etmək cəhdləri ikiüzlülüyün təzahürüdür. Paşinyan vurğulayıb ki, çoxları onun yeni katolikosluğa namizədinin olmasına haqq qazandırmaq istəsə də, təəssüf ki, onun bu posta namizədi yoxdur. Ermənistanın Baş naziri Kilsənin rəhbəri İkinci Qaregini dəyişməyə və onun təbirincə, "kilsəni xalqa qaytarmağa" çağırıb. "2-ci Qaregin verdiyi subaylıq əhdini pozub və onun övladı var. Bu, faktdır və əgər 2-ci Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edərəm",- deyə  Paşinyan bildirib. Kilsə isə Baş naziri dövlətin və xalqın birliyini pozmaqda günahlandırıb. 

Qarşılıqlı ittihamlar kilsə və hakimiyyət arasındakı gərgin münasibətləri daha da dərinləşdirib. Artıq nəinki Ermənistanın siyasi elitasının, hətta sadə vətəndaşların da müxtəlif qütblərə parçalanmaq ehtimalı artıb. Proseslərin gedişi deməyə əsas verir ki, Ermənistanın daxilində siyasi-ictimai proseslər artıq böhran həddinə çatıb. Proseslərin sürətlə və kəskin şəkildə inkişafı 
Ermənistan cəmiyyətindəki qarşıdurmanın hətta silahlı toqquşmalara qədər yüksələ biləcəyi mümkünlüyünü ortaya qoyur. Siyasi ekspertlərin qənaətinə görə,  hakimiyyətlə müxalifət düşərgəsi arasında qarşıdurma kəskin şəkildə davam edərsə, Ermənistan bütövlükdə savaş poliqonuna çevrilə bilər. 

Nəzərə almaq lazımdır ki, son dövrlərdə Ermənistanda hakimiyyət uğrunda mübarizənin iştirakçı tərkibi ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, bu ölkədə ənənəvi siyasi qüvvələr artıq sadəcə, idarə olunan "alətə" çevriliblər. Arxası xaricə bağlı olan revanşist müxalifətin elə xaricdən idarə olunan kilsə ilə birləşməsi erməni xalqına heç də firəvan gələcək vəd etmir. Çünki, "Qarabağ klanı" kartından müsbət nəticə əldə edə bilməyən super güclər indi ümidlərini kilsəyə bağlayıblar. Belə halda ortada radikal-revanşist siyasi düşərgənin zərərsizləşdirilməsi Paşinyana elə də asan olmayacaq. Bunu anlayan Baş nazir növbəti parlament seçkilərində qələbəni təmin etmək üçün potensial baryerləri sıradan çıxarmağa üstünlük verir. Əslində, istər kilsə-radikal revanşist camiyyənin, istərsə də  Paşinyanın ortaya qoyduğu arqumentlər erməni xalqının mənafelərinə yox, növbəti seçkilərə hesablanıb. Bu toplumun arxasında duran xarici qüvvələrin də məkrli niyyətlərinin olduğunu nəzərə alsaq Ermənistanın gələcək taleyini anlamaq elə də çətin olmaz. Məlumdur ki, illər boyu sözügedən siyasi qüvvələrin pərdəarxası dəllallarının təlimləri yanlız və yalnız öz maraqlarına hesablanıb. "Bir güllə ilə iki dövşan vurmaq" siyasəti yürüdən xarici qüvvələrin təlimlərinin ana xəttini isə  Paşinyanın guya Azərbaycanın maraqlarından çıxış etməsi iftirası təşkil edib. Millət və dövlət maraqlarını satmaqda suçlanan Paşinyan təbii ki, illərlə gizli saxladığı kartları açmaq zorunda qalıb.  

Məlumdur ki, Ermənistanda kilsə-hakimiyyət qarşıdurması ilk deyil, dəfələrlə eyni proses müxtəlif ssenarilər üzrə həyata keçirilib. Hər dəfə də Paşinyan uydurma siyasi iddiaları dəf edərək məkrli təlim mərkəzlərinin ifşasına nail olub. Bu dəfə də Nikol Paşinyanın erməni kilsəsinə qarşı açıq savaş açması bu prosesdə həlledici xarakter daşıyır. Belə ki, Baş nazir Ermənistanın əsas düşməninin məhz kilsə olduğunu birmənalı şəkildə bəyan etməklə erməni katolikosun Rusiya kəşfiyyatının agenti olduğunu, onun barəsində ifşaedici materialların mövcudluğunu təsadüfən ortaya atmayıb. Subaylıq andını pozduğuna görə, dili qısa olan kilsə rəhbəri məhz bu səbəbdən erməni kilsəsinin "şərəfini"qorumaqdan ötrü açıq siyasi savaşa önəm vermir. Üstəlik, radikal-revanşist düşərgə  Paşinyan hakimiyyətinə qarşı savaşda bu məsələni ön plana keçirməməyə çalışır. Bütün cəhdlərə baxmayaraq bu taktikanın erməni kilsəsinə faydalı ola biləcəyi hələlik bir o qədər də inandırıcı görünmür. Çünki Nikol Paşinyan  parlament seçkiləri ərəfəsində erməni kilsəsi ilə açıq siyasi savaşda güzəştə getmək niyyətində olmadığını prinsipial şəkildə biruzə verir. Böyük ehtimalla seçki ərəfəsində erməni baş nazir kilsəyə qarşı ifşaedici materialları daha intensiv şəkildə gündəmə gətirəcək, erməni kilsəsinin Rusiya kəşfiyyatı ilə bağlılığını sübuta yetirmək üçün dəridən-qabıqdan çıxacaq. Bu baxımdan, növbəti parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında qarşıdurmanın daha təhlükəli istiqamətlər ala biləcəyi istisna olunmur. Bu qarşıdurmanın Ermənistan dövləti və xalqı üçün faydalı olub-olmaması isə parlament seçkilərinin nəticələrindən asılı olacaq. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
50
olaylar.az

1Sources