EN

Abşeron rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Bakı, 13 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Abşeron rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi və əlaqəli fəaliyyətinin təmin edilməsi olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, Fövqəladə Hallar Komissiyası və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Kompleks təlimə FHN-in və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 177 nəfərdən ibarət şəxsi heyəti və 30 ədəd texnikası cəlb edilib.

 

Chosen
70
14
azertag.az

10Sources