BAKI, TurkicWorld
İsrailin hücumları bölgədə hava nəqliyyatını iflic edib.
TurkicWorld xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İsrailin İrana hücumlarının ardından təhlükəsizlik səbəbilə İran, İraq, Suriya və İordaniyaya uçuşların 16 iyun 2025-ci il tarixinədək təxirə salındığını açıqlayıb.
Nazir Uraloğlu bildirib ki, İsrailin 13 iyun səhəri İrana qarşı başladığı hücumlar nəticəsində bölgədə hava məkanları müvəqqəti bağlanıb. Təhlükəsizlik səbəbilə Mülki Aviasiya Baş İdarəsi və hava yolu şirkətləri tərəfindən uçuş marşrutları dəyişdirilib və riskli hava məkanlarından istifadə edilməməsi üçün tədbirlər görülüb.
“Hazırkı mərhələdə sərnişin və heyət risk altında deyil. Böhran masası fəaliyyətini davam etdirir. Türk Hava Yolları başda olmaqla bütün müvafiq aviaşirkətlər 16 iyuna qədər İran, İraq, Suriya və İordaniyaya uçuşları dayandırıb”, – deyə o qeyd edib.
Qeyd edək ki,bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib.
Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir.