EN

ASCO: Bakı Gəmiqayırma Zavodunda inşa edilən "Ro-Pax" tipli gəmi-bərə üzrə işlərin 64 %-i tamamlanıb

Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa edilən növbəti "Ro-Pax" tipli gəmi-bərə üzrə işlərin 64 %-i tamamlanıb.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.

Məlumata görə, gəmi-bərə ASCO-nun yerləşdirdiyi sifariş əsasında inşa edilir və işlər qrafikə uyğun şəkildə davam etdirilir.

"Hazırda gəminin gövdə hissəsinin hazırlanması üzrə 98 %, mühəndislik işləri üzrə 99 %, satınalma və təchizat mərhələsi üzrə işlər isə 91 % yerinə yetirilib. Bu müddət ərzində baş mühərriklər, yanğınsöndürmə və şirin su sistemləri, eləcə də yük liftinə aid avadanlıqlar, nasoslar və elektrik panelləri artıq gəmi üzərinə quraşdırılıb.

Tikinti prosesi çərçivəsində 33 blok və sub-blok üzrə boyama və birləşdirmə işləri başa çatdırılıb. Daha 12 blok və sub-blok üzrə birləşdirmə işləri hazırda davam edir. Eyni zamanda, əsas gövdə üzrə blokların yığılması prosesi tam şəkildə tamamlanıb. Hazırda gəmidə elektrik sistemləri üçün kabellərin çəkilişi, boru sistemlərinin hazırlanması və montajı üzrə işlər aparılır", - ASCO bildirir.

Yeni "Ro-Pax" tipli gəmi-bərənin ASCO-ya 2026-cı ilin birinci rübündə təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, gəmi-bərənin maksimal sürəti 14 uzel, uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metr təşkil edəcək. Yeni gəmi eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul etmək imkanına malik olacaq.

Chosen
4
8
report.az

10Sources