EN

Müstəqil Azərbaycanı quran Lider

Heydər Əliyev dövlətimizin güclü iqtisadi və ideoloji əsaslarını yaratdı

Hələ sağlığında ikən Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksələn böyük siyasətçi Heydər Əliyevin parlaq ideyaları daim mayak kimi yolumuzu işıqlandırıb və bundan sonra da işıqlandıracaq. Heydər Əliyev Azərbaycana ideoloji cəhətdən bir-birindən kəskin şəkildə fərqlənən iki formasiyada rəhbərlik edib. Lakin bu fərqliliyə baxmayaraq, O, hər iki dönəmdə respublikamızın sürətli inkişafına nail olmağı bacarıb. Bu, Onun müdrikliyinin, unikal idarəçilk qabiliyyətinin əyani göstəricisidir.

Azərbaycanda Heydər Əliyev epoxası 1969-cu ildən başlayıb. O, keçmiş sovet hakimiyyəti illərində rejimin buxovlarını məharətlə sındırmağı bacararaq respublikamızın gələcək müstəqilliyi üçün ideoloji və iqtisadi zəmin yaratmış, xalqın milli özünüdərk hissini gücləndirməyə nail olmuşdur. Sonrakı mərhələdə isə tale elə gətirdi ki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyini qorumaq missiyası da Onun üzərinə düşdü. Belə ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikamızın siyasi rəhbərliyinə gələn Ulu Öndər ölkədə vətəndaş müharibəsinin genişlənməsinə imkan vermədi, qısa müddətdə sabitliyi bərqərar etdi. Heydər Əliyevin verdiyi bir sıra müdrik qərarlar milli gücün Ermənistanın təcavüzünün qarşısının alınmasına, müstəqilliyimizin ideoloji və iqtisadi əsaslarının möhkəmlənməsinə zəmin yaratdı.

Ulu Öndərin azərbaycançılıq ideologiyası

Hər bir dövlətin inkişafında onun ideoloji əsasları müstəsna önəm daşıyır. Milli-etnik və sosial mənsubiyyətindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin vahid məqsədlər uğrunda səfərbər edilməsi son nəticədə qarşıya qoyulan hədəflərə çatmağa güclü impuls verir. Bunu qısa müstəqillik tarixində bütün sahələrdə möhtəşəm uğurlara imza atan, dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilən, milli maraqlarını qətiyyətlə qorumağı bacaran Azərbaycanın təcrübəsində aydın şəkildə izləmək mümkündür. Müstəqil Azərbaycan dövlətinin ideoloji əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası təşkil edir. Bu ideologiya həm milli-etnik və sosial mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını, həm də respublikamızın hüdudlarından kənarda yaşayan azərbaycanlıları vahid amal uğrunda birləşdirməyə xidmət edir. Azərbaycançılıq ideologiyası Vətəni, milli maraqları hər şeyin fövqündə qoyur. Ulu Öndərin qənaəti belə idi ki, hər bir azərbaycanlı Vətənin ona nə verdiyi barədə deyil, onun özünün Vətənə nə verdiyi barədə düşünməlidir. Ümummilli Liderimizin həyatı və fəaliyyəti də məhz bu prinsip üzərində qurulmuşdu. Onun tərcümeyi-halı, keçdiyi yol azərbaycanlılar üçün əsl örnəkdir. Bütün varlığı ilə doğma Azərbaycana bağlı olan dahi şəxsiyyət Heydər Əliyevin kritik məqamlarda xalqına dayaq durması, Vətənin köməyinə gəlməsi, həmişə insanların qəlbində ümid işığı yandırması böyük vətənsevərlik nümunəsidir. O, nə edirdisə, Azərbaycan naminə edirdi.

Biz tarixdə bu və ya digər ölkədə elan edilən hansısa bir təmtəraqlı ideologiyanın öz ömrünü elə beşikdəcə başa vurduğunun şahidi olmuşuq. Bu qəbildən olan ideologiyaların həyat qabiliyyətindən məhrum qalması onların milli maraqlara və zamanın çağırışlarına uyğun təməl prinsiplərinin olmaması ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, inzibati resurslar tükəndikdə və yaxud formasiyalar dəyişdikdə cəmiyyətlərə sırınan saxta ideologiyalar da tarixin arxivinə göndərilir.

Azərbaycançılıq isə uzunömürlü, gələcəyə hesablanan, milli dövlətçiliyimizin güclənməsinə xidmət edən bir ideologiyadır. Əslində, azərbaycançılıq ideologiyasını xalqımızın özünəməxsusluğunu şərtləndirən dəyərlərin ümumi bir məcmusu kimi də səciyyələndirmək mümkündür. Azərbaycançılığın ayrılıqda dövlətçiliyin, hər bir azərbaycanlının məfkurəsinə və ümummilli səviyyədə bizi birləşdirən çox mühüm ideoloji platformaya çevrilməsi məhz bununla bağlıdır.

Məlumdur ki, hazırda dünyada yaşanan bir sıra hadisələr, ələlxüsus da qloballaşma deyilən proses milli dövlətlərin və ayrı-ayrı xalqların qarşısına yeni çağırışlar çıxarıb. Bu çağırışların mühüm bir qismi hər bir xalqın identlikliyini səciyyələndirən milli-mənəvi dəyərlərinin getdikcə artan təzyiqlərdən qorunması, onların daha da zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlıdır. Bu kontekstdə Azərbaycandakı mühit bir nümunə kimi diqqəti cəlb edir. Azərbaycan cəmiyyətində xalqımızın tarixin dərin qatlarından gələn zəngin milli-mənəvi və onun tərkib hissəsi olan dini dəyərlərinə möhkəm bağlılıq var. Deyə bilərik ki, bu gün əcdadlarımızın bizə miras qoyduqları zəngin mənəvi irslə qürur duyur, bu irsi özümüzün gündəlik həyat tərzimizdə yaşatmağa çalışırıq. Eyni zamanda, Azərbaycan dövləti cəmiyyətdən gələn sosial sifarişə əsaslanaraq xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrimizin yad təsirlərdən qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə, milli və dini abidələrimizin bərpa olunmasına, yenilərinin tikilməsinə güclü siyasi iradə nümayiş etdirir. Öz növbəsində, dövlətin və cəmiyyətin birgə səyləri ilə qorunaraq daha da zənginləşdirilən milli-mənəvi dəyərlərimiz ölkəmizdə sabitlik, birlik, bərabərlik, həmrəylik ovqatının, tolerantlıq mühitinin daha da möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan öz müstəqilliyini cəmi üç onillik bundan əvvəl bərpa edib. Ancaq məhz milli-mənəvi dəyərlərimiz, zəngin mədəniyyətimiz, dilimiz xalqımızı müstəqillikdən əvvəlki dövrdə assimilyasiyaya uğramaqdan qoruyub. Perspektivdə xalqımızın identikliyini saxlaması yenə də milli-mənəvi dəyərlərimizin qorunmasından, gənclərin vətənpərvərlik və milli ruhda tərbiyə edilməsindən asılı olacaq.

Müstəqil respublikamızda azərbaycançılıq ideologiyasının ölkəmizin milli gücünü artıran bir platformaya çevrilməsini təmin etmək üçün görülən məqsədyönlü tədbirlər, ardıcıl şəkildə aparılan təbliğat işi öz müsbət nəticəsini verir. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan cəmiyyəti ümummilli məsələlər ətrafında sıx birləşən və öz qüvvəsini səfərbər edən bir cəmiyyətdir. Biz bunu ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi ilə nəticələnən 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində bir daha gördük. Müharibə dövründə Azərbaycan cəmiyyəti, siyasi partiyalar, vətəndaş cəmiyyəti təsisatları Prezident, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza yüksək dəstək nümayiş etdirdilər. Müharibənin davam etdiyi günlərdə Prezident İlham Əliyevin ünvanına cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərindən, ayrı-ayrı xalqların nümayəndələrindən çoxsaylı məktublar daxil olurdu. Məktublarda vətəndaşlar Ali Baş Komandanın çağırışı ilə hər an döyüşlərə atılmağa hazır olduqlarını bildirirdilər.

Eyni zamanda, biz Vətən müharibəsi günlərində dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın ana Vətənə necə böyük rəğbət bəslədiklərinin bir daha şahidi olduq. Onlar ayrı-ayrı ölkələrin iri şəhərlərində müxtəlif səpkili aksiyalar keçirərək ermənilərin yalanlarını ifşa edir, Azərbaycan həqiqətlərini, o cümlədən də ölkəmizin ədalətli mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırırdılar. Bütün bunlar dünya azərbaycanlılarının qəlbinin ana Vətənlə döyündüyünü əyani şəkildə təsdiqləyir. Bütün bu reallıqlar isə bir daha deməyə əsas verir ki, azərbaycançılıq ideologiyası konseptual milli məfkurə kimi dünya azərbaycanlılarını eyni amal uğrunda sıx birləşdirib. Bu isə Azərbaycan dövlətinin milli gücünün mühüm tərkib hissəsi və dövlətimizin qüdrətinin əyani ifadəsidir.

İslahatlar yolu ilə iqtisadi inkişafa doğru

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Ölkənin qarşısında dayanan çoxsaylı prioritetlər sırasında əsas məsələlərdən biri də milli iqtisadiyyatın gücləndirilməsi idi. Ulu Öndər xüsusi olaraq vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Heydər Əliyevə AXC-“Müsavat” iqtidarından dağıdılmış, təchizat-satış əlaqələri pozulmuş iqtisadiyyat miras qalmışdı. Belə vəziyyətdə Heydər Əliyev iqtisadiyyatın dirçəlməsinə yönələn müdrik qərarlar qəbul etdi, o cümlədən 100-dən çox fərman və sərəncam imzaladı. Ulu Öndərin təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edildi. Nəticədə, 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı.

Ən vacib məqamlardan biri o oldu ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə hesablanan yeni neft strategiyasını işləyib hazırladı və Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələri cəlb etməyə nail oldu. Yeni neft strategiyasının reallaşdırılması çərçivəsində Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına start verildi. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Sonrakı illərdə neft gəlirlərinin artması hesabına ölkənin iqtisadi inkişafı üçün böyük imkanlar yarandı.

Bütövlükdə, 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Bəhs olunan dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi.

Həmin dövrdə Azərbaycan müstəqilliyini bərpa etsə də, iqtisadiyyatda keçmiş sovet dönəmindən miras qalan yanaşmalar tətbiq edilirdi. Stereotipləri aradan qaldırmadan yeni dövrün iqtisadiyyatını da qurmaq mümkün deyildi. Bütün bunları nəzərə alan ulu öndər Heydər Əliyev qəti şəkildə belə müəyyənləşdirdi: Müstəqil Azərbaycanın iqtisadi inkişaf yolu islahatlar vasitəsilə liberializm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu olmalıdır. Ümummilli Lider Heydər Əliyev iqtisadi sahədə dövlət siyasətinə belə aydınlıq gətirmişdi: “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun uğurla həyata keçirilməsi sayəsində ölkədə iqtisadi fəallıq artdı, iqtisadiyyatın müxtəlif sahələrinin investisiya təminatı gücləndi, tələbata işləyən geniş müəssisələr şəbəkəsi yarandı, fəal insanların məşğulluğu təmin olundu və bu əsasda əhalinin sosial vəziyyəti yaxşılaşdı.

Ümummilli Liderin siyasi iradəsinə uyğun olaraq ölkədə yaradılan mükəmməl hüquqi baza sosialyönümlü liberal iqtisadiyyat quruculuğuna uğurlu keçidi təmin edib. İlk növbədə onu vurğulayaq ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması ilə bağlı müddəalar öz əksini tapıb. Ulu Öndər milli iqtisadiyyatın inkişafına mane olan bürokratik əngəllərin və o cümlədən də sahibkarlıq subyektlərində yoxlamaların qarşısının alınması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə bir sıra Fərman və sərəncamlar imzalayıb.

MDB məkanında ilk dəfə geniş torpaq islahatı

Ümummilli Lider Heydər Əliyevin aqrar sektorda apardığı islahatlar da həm iqtisadi əhəmiyyət daşıyır, həm də böyük sosial önəm kəsb edirdi. Məlumdur ki, Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından bir sıra üstünlüklərə malik olan ölkədir. Respublikamızda aqrar sektorda tarixən güclü ənənələr formalaşıb, eyni zamanda, ölkəmiz bir sıra istehlak bazarları ilə əhatə olunub. Bundan başqa, ölkənin fəal məşğul əhalisinin təxminən 40 faizi bölgələrdə məskunlaşıb.

Lakin stereotiplər, o cümlədən də torpaq üzərində mövcud mülkiyyət münasibətləri aqrar sektorda da inkişafı əngəlləyirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda MDB məkanında ilk dəfə geniş torpaq islahatı həyata keçirməklə aqrar sektora, necə deyərlər, yeni nəfəs verdi.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixdə imzaladığı “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” müvafiq fərmanla respublikamızda geniş torpaq islahatına başlanıldı. Fərmanda nəzərdə tutulan tədbirlərin reallaşdırılması sayəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinəyararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi respublikanın kənd təsərrüfatında dönüş yaratdı. Bu amil torpaqlardan daha səmərəli şəkildə istifadə edilməsini şərtləndirdi ki, bu da son nəticədə ölkəmizdə ərzaq məhsulları istehsalının artması ilə nəticələndi.

Bu gün Azərbaycan zirvələrdədir

Hazırda ölkəmizdə xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə çağırışları önləmək və bundan sonra da inkişafın ardıcıllığını təmin etmək məqsədilə yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Prezident İlham Əliyev ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən fərman və sərəncamlar imzalayıb. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir.

Ümummilli Liderin əsasını qoyduğu islahatlar kursu, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin ölkədə siyasi varisliyi təmin etməsi, o cümlədən də iqtisadi inkişafın dinamikliyinə nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirməsi Azərbaycanı iqtisadi cəhətdən müstəqil dövlətə çevirib. Öz növbəsində iqtisadi müstəqillik respublikamızın siyasi müstəqilliyinin təmin olunmasında mühüm rol oynayır. Bu gün heç bir güc mərkəzi respublikamızla diktat dili ilə danışa bilməz və danışmır da. Ölkəmizin, xalqınmızın mənafeyi ilə bağlı bütün qərarlar milli maraqlarımıza, müstəqillik və suverenlik prinsipləriinə əsaslanmaqla məhz Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilir. Bu gün müstəqil Azərbaycan zirvələrdədir. Ölkəmiz möhkəm daxili sabitliyi, dinamik inkişafı, multikultural mühiti ilə dünyaya gözəl bir nümunə təqdim edir. Qürurverici haldır ki, ölkəmizin müsbət təcrübəsi beynəlxalq miqyasda təqdir edilir və öyrənilir. Azərbaycanın əməkdaşlıq təşəbbüslərindən çıxış etməsi və yeni çağırışlar qarşısında qlobal həmrəyliyin güclənməsinə davamlı töhfələr verməsi beynəlxalq miqyasda respublikamıza və onun Liderinə inamı artırıb. Son illərdə aktual mövzularda keçirilən mühüm beynəlxalq tədbirlərə ev sahibliyi hüququnun Azərbaycana verilməsi, Prezident İlham Əliyevin həm Qlobal Cənub, həm də Qlobal Şimal qütblərinə aid ölkələri birləşdirəən nüfuzli beynəlxalq təsisatların tədbirlərinə fəxri qonaq qismində dəvətlər alması bunun əyani təsdiqidir.

Mübariz ABDULLAYEV

1Sources