EN

İsrail İranda hakimiyyət dəyişikliyi istəyir?

İsrailin iyunun 13-də həyata keçirdiyi hücumların arxasında təkcə İranın nüvə proqramını məhv etmək yox, Benyamin Netanyahunun həm də daha geniş bir hədəfi var – Tehranda hakimiyyət dəyişikliyi.

Netanyahunun gözləntisi bu ola bilər ki, görünməmiş zərbələr zərcirvari reaksiya yaradaraq, ölkədə İran İslam Respublikasını devirməyə aparacaq xaos yaradacaq.

İyunun 13-də o, axşam verdiyi bəyanatda belə deyib: "İran xalqının şeytani və zalım rejimdən azad olmaq üçün ayağa qalxaraq öz bayrağı və tarixi irsi ətrafında birləşməsinin vaxtı çatıb".

Bir çox iranlılar iqtisadi vəziyyətdən, söz azadlığının məhdudluğundan, qadınların və azlıqların haqları ilə bağlı şəraitdən narazıdır.

İsrailin hücumu İran rəhbərliyi üçün real bir təhdidə çevrilib.

Hücumlar nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və digər bir çox yüksək rütbəli SEPAH rəsmisi öldürülüb.

İsrailin hücumları isə hələ sona çatmayıb. Günorta saatlarında İran cavab zərbələri endirib və İnqilab Keşikçiləri "onlarla hədəf, hərbi mərkəz və hava bazalarına" hücum həyata keçirdiklərini açıqlayıb.

Vəziyyət sürətlə gərginləşib. İranın cavab raket hücumlarından sonra Netanyahu bildirib: "Davamı gələcək".

İranın digər liderləri də hədəfə çevrilə bilər.

İsrail hesab edir ki, bu hücumlar və ölümlər hakimiyyət daxilində qarışıqlıq yaradaraq xalq üsyanına yol aça bilər.

Ən azı Netanyahu buna ümid edir.

Amma bu qumardı, həm də böyük bir qumar.

Hələlik, belə bir zəncirvari reaksiyanın başlayacağına dair heç bir dəlil yoxdur. Hətta başlasa belə, prosesin hara gedib çıxacağı da məlum deyil.

İranda ən çox gücə sahib olanlar silahlı qüvvələrə və iqtisadiyyata nəzarət edənlərdir və bu gücün əksəriyyəti SEPAH-dakı sərt xətt tərəfdarlarının və digər seçkili olmayan qurumların əlindədir.

Onların çevriliş etməyə ehtiyacı yoxdur – çünki artıq hakimiyyətdədirlər və ölkəni daha ziddiyyətli bir istiqamətə yönəldə bilərlər.

Başqa mümkün bir nəticə də hakimiyyətin çökməsi və bunun ardınca İranın xaosa sürüklənməsi ola bilər.

Təxminən 90 milyon əhalisi olan bir ölkədə baş verəcək hadisələr bütün Yaxın Şərqə ciddi təsir göstərə bilər.

İsrailin arzuladığı nəticə, hakimiyyətə qarşı xalq üsyanı və nəticədə dost bir qüvvənin hakimiyyətə gəlməsidir. Amma əsas sual budur: alternativ kim ola bilər?

Son illərdə İran müxalifəti parçalanmış vəziyyətdədir və konkret, güclü bir alternativ yoxdur.

2022-ci ildə baş verən və ölkənin böyük hissəsini əhatə edən "Qadın, Həyat, Azadlıq" (Woman, Life, Freedom) hərəkatından sonra bəzi müxalif qruplar İran İslam Respublikasına qarşı geniş tərkibli bir koalisiya qurmağa çalışdılar.

Lakin bu cəhd uzun sürmədi. Səbəblər arasında koalisiyaya kimin rəhbərlik edəcəyi və hakimiyyət dəyişikliyindən sonra ölkənin idarəçilik forması ilə bağlı fikir ayrılıqları dayanırdı.

İsrailin rəhbərliyi bu qruplardan və ya bəzi simalardan bəzilərini arzuolunan alternativ kimi görə bilər.

Məsələn, İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu, ölkənin 1979-cu il İslam İnqilabı ilə devrilmiş son şahzadəsi Rza Pəhləvi.

O, hazırda sürgündə yaşayır və uzun illərdir xarici ölkələri öz mövqeyini dəstəkləməyə təşviq etməyə çalışır. O, son illərdə İsrailə də səfər edib.

Bəzi iranlılar arasında müəyyən populyarlıq qazansa da, bu dəstəyin tez bir zamanda hakimiyyət dəyişikliyinə yönəlik güclü siyasi qüvvəyə çevriləcəyi, hələ ki, qeyri-müəyyəndir.

Eyni zamanda, İslam Respublikasının devrilməsini dəstəkləyən, amma monarxiyanın bərpasına qarşı olan mühacirətdəki Xalqın Mücahidləri (MEK) təşkilatı da var.

Əvvəllər solçu müsəlman qrup kimi qurulan MEK qəti şəkildə şah rejiminin əleyhinə olmuşdu.

İnqilabdan sonra təşkilat İraqa köçdü və 1980-ci illərin əvvəllərində İran-İraq müharibəsi zamanı Səddam Hüseynin tərəfində döyüşdü. Bu isə İran daxilində onların nüfuzuna ciddi zərbə vurdu və xalq arasında populyarlıqlarını itirdilər.

Qrup fəaliyyətini davam etdirir və ABŞ-da – xüsusilə Donald Trampın komandası ilə yaxınlığı olan bəzi şəxslər arasında – hələ də tərəfdarları var.

Bununla belə, Trampın prezidentliyinin ilk dövründə Mike Pompeo, John Bolton və Rudy Giuliani kimi yüksək səviyyəli ABŞ rəsmilərinin təşkilatın toplantılarında iştirak edib onu dəstəkləyən çıxışlar etdiyi dövrlə müqayisədə, MEK-in hazırkı Ağ Ev üzərindəki təsiri daha zəif görünür.

Bundan başqa, siyasi spektrin digər ucunda olan qüvvələr də mövcuddur – dünyəvi demokratiya tərəfdarlarından tutmuş, parlament monarxiyası arzulayanlara qədər fərqli ideologiyalar var.

Cümə günü baş verən hücumların tam nəticələrini analiz etmək hələ tezdir.

Amma keçən il İran və İsrail arasında baş verən atışmalar zamanı iranlıların bu hadisələri hakimiyyəti devirmək üçün fürsət kimi gördüklərinə dair güclü əlamətlər müşahidə olunmayıb.

Bununla belə, həmin hücumlar cümə günkünün dağıdıcı səviyyəsinə yaxın belə deyildi.

İslam Respublikasının son oyunu

İranın bu nöqtədən sonra hara yönələcəyini də sual etməliyik.

İsraildə bir sıra hədəfləri vurmasına baxmayaraq, İranın qarşısında çox da əlverişli seçimlər görünmür.

Bəziləri üçün ən təhlükəsiz çıxış yolu ABŞ-la danışıqlara qayıdaraq gərginliyi azaltmaq ola bilər.

Lakin Donald Trump-ın tələb etdiyi şəkildə danışıqlara dönmək, İran rəhbərliyi üçün çox çətin qərardır – bu, faktiki olaraq, məğlubiyyəti qəbul etmək anlamına gələ bilər.

Başqa bir seçim isə İsrailə qarşı cavab hücumlarını davam etdirməkdir.

Hazırda görünən odur ki, bu, İranın əsas üstünlük verdiyi variantdır.

Çünki İran rəhbərliyi tərəfdarlarına cavab və intiqam vədi verib. Amma hücumlar davam etsə belə, bu, İsrailin daha sərt zərbələrinə səbəb ola bilər.

Tehran əvvəllər dəfələrlə ABŞ-ın regiondakı bazaları, səfirlikləri və maraq nöqtələrini hədəfə alacağı ilə təhdid edib.

Lakin bu, asan məsələ deyil və ABŞ-ı birbaşa münaqişəyə cəlb etmək İranın ən az istədiyi nəticədir.

Bu seçimlərin heç biri nə İran, nə də İsrail üçün asan deyil və onların doğuracağı nəticələri öncədən proqnozlaşdırmaq çətindir.

Hazırda toz-duman hələ çəkilməyib – yalnız bu toz çökəndən sonra, əsl dəyişikliklərin nədən ibarət olduğunu görə biləcəyik.

Chosen
27
bbc.com

1Sources