Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Tbilisi, 14 iyun. AZƏRTAC
İyunun 14-də Gürcüstanda azərbaycandilli məktəblərin şagirdləri arasında ilk dəfə Azərbaycan dili üzrə I Regional Olimpiada keçirilib.
AZƏRTAC xəbər verir ki, olimpiadada Tbilisi, Qardabani, Dmanisi, Bolnisi, Marneuli və Kaxeti bölgələrindəki 116 azərbaycandilli məktəbdən 300-dən çox şagird iştirak edib.
Olimpiadanın yekun turunda isə 105 şagird iştirak edib.
Şagirdlərin mükafatlandırılması mərasimində GAİM-icraçı direktoru Murad Muradov, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahid Kazımov və başqaları çıxış edərək olimpiadanın təşkilini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu cür tədbirlər xaricdə yaşayan soydaşlarımızın və diaspor təşkilatlarımızın ana dilimizi öyrənmələrində mühüm rol oynayır. Çıxış edənlər soydaşlarımıza ana dilimizlə yanaşı yaşadıqları ölkələrin dilini də mükəmməl öyrənməyi, həmin ölkələrə İnteqrasiya etməyi tövsiyə edirlər.
Qeyd edək ki, olimpiadanın yekun turu Marneuli şəhərində yerləşən Azərbaycan evində, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Olimpiadada ilk üç yeri tutan şagirdə qiymətli hədiyyələr, digər iştirakçılara sertifikatlar təqdim olunub.
Məlumat üçün bildirək ki, olimpiadanın əsas məqsədi məktəblilər arasında Azərbaycan dilinə marağın artırılması, ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsidir. Bu cür tədbirlər Gürcüstanda yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, ana dilində təhsilin təşviqinə və ictimai inteqrasiyanın gücləndirilməsinə xidmət edir.
Tədbirin əsas təşkilatçısı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov bildirib ki, olimpiadanın keçirilməsində əsas məqsəd ana dilimizin təbliği, daha dərindən öyrənilməsi, eləcə də qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasıdır.
Onun sözlərinə görə, belə bir olimpiada ilk dəfə keçirilsə də ictimaiyyət tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
O, bu cür tədbirlərin davamlı olacağını bildirib.
Tədbirin təşkilatçılarından olan “Maarif” təşkilatının rəhbəri, gənc fəal Aygül İsayeva AZƏRTAC-a müsahibəsində deyib ki, bu belə geniş coğrafiyanı əhatə edən ilk olimpiada idi. Olimpiadada şagirdlərə təqdim olunan suallar çox müxtəlif və demək olar ki, Azərbaycan dilinin bütün bölmələrini əhatə edib. Suallar Azərbaycan Respublikası məktəblərində dərs deyən müəllimlər tərəfimdən hazırlanıb. Qaliblərin seçilməsində şəffaflığın təmin olunması üçün yekun qiymətlındirmə də başqa məktəblərin müəllimləri tərəfindən həyata keçirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.