EN

Çin şirkəti Qazaxıstanda ikinci AES-in tikintisi üzrə konsorsiumun lideri olacaq

Çinin “China National Nuclear Corporation” (CNNC) şirkəti Qazaxıstanda ikinci atom elektrik stansiyasının (AES) tikintisi üzrə konsorsiumun lideri olacaq.

“Report”un Qazaxıstan bürosu bu barədə Qazaxıstanın Atom Enerjisi Agentliyinə istinadən xəbər verir.

Agentliyin sədri Almasadam Satkaliyev bildirib ki, “şort-list”dəki bütün iştirakçılar unikal texnologiyalara malikdir, lakin obyektiv olaraq ən güclü təkliflər Çin və Rusiyadan olub.

“Çin ilə nüvə sənayesində əməkdaşlığa dair ayrıca ümumi sazişin imzalanması planlaşdırılır. Biz Qazaxıstanda daha bir AES-in tikintisi üçün Çin texnologiyalarını görmək istəyirik”, - o deyib.

Satkaliyevin sözlərinə görə, obyektiv olaraq dünyada bütün nüvə dövriyyəsini təkbaşına mənimsəyə biləcək çoxlu ölkə yoxdur.

“Təbii ki, Çin bütün lazımi texnologiyalara, bütün sənaye bazasına malik olan ölkələrdən biridir və bizim növbəti əsas prioritetimiz Çinlə əməkdaşlıqdır”, - sədr bildirib.

Agentlik rəhbəri Çin tərəfi ilə müvafiq danışıqların aparılacağını vurğulayıb.

“Bizim çox yüksək səviyyədəli razılaşmalarımız var. Biz Çin təcrübəsini mənimsəməkdə maraqlıyıq, onların tikintini tez və səmərəli şəkildə həyata keçirmək qabiliyyətini başa düşürük və biz artıq bu istiqamətdə işə başlamışıq. Bizim agentlik eyni dərəcədə effektiv konsorsiumlar yaratmalı olacaq”, - sədr qeyd edib.

Daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəyə azı üç AES-in lazım olduğunu bildirmişdi.

Chosen
12
3
report.az

4Sources