EN

İranın azərbaycanlı prezidenti Pezeşkian sərt danışdı

“Nüvə proqramından geri çəkilməyəcəyik, İsrail hücumları bitməyincə danışıqlar olmayacaq”

Musavat.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdəki hərbi-siyasi vəziyyətə dair sərt və qətiyyətli açıqlama verib. Azərbaycan əsilli dövlət başçısı bəyan edib ki, Tehran nüvə proqramından geri çəkilməyəcək və İsrailin hərbi təcavüzü dayandırılmadan ABŞ ilə heç bir danışıqlar masasına oturmayacaq.

Pezeşkian bildirib ki, İran xalqı və dövləti uzun illərdir beynəlxalq sanksiyalara, təzyiqlərə və təhdidlərə müqavimət göstərir:

“Biz uran zənginləşdirilməsi və nüvə texnologiyaları sahəsində beynəlxalq hüququ pozmadan fəaliyyət göstəririk. Lakin İsrailin davamlı hücumları və ABŞ-ın buna susqun qalması nüvə danışıqları üçün heç bir məna buraxmır.”

İran prezidenti həmçinin vurğulayıb ki, ölkəsinin müdafiə və elmi proqramları onun suveren hüququdur və heç bir güc bu istiqamətdə Tehranın iradəsini dəyişdirə bilməz:
“İran dövləti hansısa hücum qarşısında geri addım atmayacaq. Əksinə, biz regionda sabitliyin bərpası üçün ədalətli və prinsipial mövqe sərgiləyəcəyik. Nüvə danışıqları yalnız təcavüz dayandırıldıqdan sonra mümkün ola bilər.”

Xatırladaq ki, ABŞ ilə İran arasında iyunun 15-də keçiriləcəyi gözlənilən görüş ləğv olunub. Bununla bağlı İran Xarici İşlər Nazirliyi və Omanın diplomatik dairələri artıq təsdiq açıqlamaları yayıblar.

Beynəlxalq ekspertlər hesab edirlər ki, Pezeşkianın bu bəyanatı həm regional, həm də qlobal səviyyədə İranın mövqeyinin sərtləşməsinin göstəricisidir.

Musavat.com

Chosen
10
musavat.com

1Sources