EN

15 İyun — Azərbaycanın taleyini dəyişən gün

Bildiyimiz kimi, Azərbaycan Xalqının Milli Qurtuluş Günü — Azərbaycan Respublikasında qeyd edilən rəsmi bayramlardan biridir. Hələ 1997-ci ilin 15 iyun tarixindən bayram kimi elan edilən və elə həmin ildə də qeyd edilən  bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.


Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür.  Xalqımız üçün əsl qurtuluş tarixi İyunun 15-dir desək heç də yanılmarıq.. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında müstəsna rol oynayan, müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində,  daim xalqına arxalanan Ulu öndər Heydər Əliyevdir. Müstəqil və yeni Azərbaycanın yaranmasında Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.
 

Sovetlər birliyinin süquta uğraması nəticəsində bir çox respublikalar kimi Azərbaycanda XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə etdi. Ancaq çox əfsuslar olsun ki, qısa vaxtdan sonra Azərbaycan müstəqilliyini itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda ölkədə xaos və anarxiya respublikanı bürüdü, hakimiyyət böhranı  kulminasiya həddinə çatdı.  Vəziyyət o yerə çatmışdır ki, Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdır. Əlbəttə ki, bütün bunların hamısı 1991-1993-cü illərdə müstəqilliyini yenicə əldə etmiş dövlətə siyasi hadisələrə qiymət vermək bacarığı olmayan, liderlik xüsusiyyətlərinə malik olmayan, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Sözsüz ki, baş verənləri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
 

Ulu öndər, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
 

Gərginləşən siyasi vəziyyət, Vətənimizin ermənistan tərəfindən davamlı işğalı,  əhalinin günü-gündən ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. İctimai vəziyyət də, cəmiyyətin bütün təbəqələrifə əmin idi ki, yenicə müstəqilliyini əldə etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir məhz Heydər Əliyevdir. Bu, əslində, bütün xalqın ürəyinin səsi idi. Xalq Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.

Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

 

Məlumdur ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.  Ulu Öndərin əsasını qoyduğu siyasi kurs son 21 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, Onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaq. Son 16 ilin təcrübəsi, qazanılan uğurlar onu təsdiqləyir ki, dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu zamanın dəyişən tələblərinə uyğun daha da zənginləşdirərək inamla davam etdirir.
Ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınıb.  Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olub, həmçinin Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilib. Zəruri infrastrukturun yaradılması sayəsində Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində strateji məntəqə kimi rolu əhəmiyyətli dərəcədə artıb.
Ümumiyyətlə, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

 

Ulu öndər, ümummilli Lider Heydər Əliyevin  uğurlu sosial-iqtisadi inkişaf strategiyasının,  
uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin edib.  

 

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində, 2020-ci ildə, şanlı qəhrəmanlıq tarixi yazaraq möhtəşəm Zəfər əldə etdi, Ermənistan tərəfindən 30 ilə yaxın işğalı altında qalmış doğma torpaqlarımız azad olundu. Bu gün həmin ərazilərimizdə smart konsepsiyalar əsasında böyük quruculuq işləri aparılır.
 

Beləliklə, Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu müasir müstəqil Azərbaycanı daim parlaq tarixi nailiyyət və qələbələrə doğru aparır.

 

Nəsimi Qarabağlı

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin prezidenti,

1 və 2 Qarabağ Vətən Müharibəsinin iştirakçısı-müharibə veteranı.

Chosen
27
qht.az

1Sources