EN

"Trampın ad günündə hərbi parad: ABŞ-da böyüyən narazılıq və etirazlar" - "Deutsche Welle"

"Vaşinqtonda şou, küçələrdə üsyan..."
 
İyunun 15-də ABŞ prezidenti Donald Trampın 79 illik yubileyi ölkə daxilində həm siyasi nümayişlərlə, həm də ciddi ictimai narazılıqla yadda qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Vaşinqtonda ABŞ ordusunun 250 illiyi münasibətilə təşkil edilən hərbi parad əslində prezidentin ad günü ilə üst-üstə düşüb və bu, ABŞ boyunca minlərlə insanın küçələrə çıxaraq Trampın siyasətinə etiraz etməsinə səbəb olub. Hərbi parad rəsmən ABŞ Silahlı Qüvvələrinin tarixini və gücünü xatırlatmaq məqsədi daşıyıb. Lakin siyasi atmosfer və Trampın sərt ritorikası səbəbindən bu tədbir ölkənin bir çox bölgəsində hiddətlə qarşılanıb.
 
"Krallara yox!" - etirazların ideoloji əsası
 
Etirazların əsas təşkilatçısı olan "No Kings" ("Krallara yox") təşəbbüs qrupu Trampın idarəetmə tərzini avtoritarizmlə müqayisə edərək onun ABŞ Konstitusiyasını və demokratik ənənələri təhdid etdiyini bildirir. Onların fikrincə, prezident fərmanları ilə aparılan kütləvi deportasiyalar, federal işçilərin işdən çıxarılması və məhkəmə sisteminə təsir cəhdləri ABŞ tarixində görünməmiş antidemokratik meyllər yaradır.
 
Etirazlar ölkənin əsas şəhərlərinə - Nyu-York, Filadelfiya, Hyuston, San-Fransisko və Los-Ancelesə yayılıb. Etirazlarda çıxış edən yerli siyasətçilər, ictimai fəallar və həmkarlar ittifaqı nümayəndələri Trampın siyasətlərini tənqid edib, onun demokratik dəyərləri sarsıtdığını bəyan ediblər.
 
İctimai narazılığın motivləri
 
Etirazçılar arasında tibb sahəsindəki ixtisarlardan narahat olan vətəndaşlar da olub. Filadelfiyada keçirilən aksiya zamanı çıxış edən 61 yaşlı tibb bacısı Karen Van Trieste ABŞ mediasına bildirib: "Demokratiyamızı qorumağa borcluyuq. Trampın səhiyyə sahəsində yaratdığı boşluqlar minlərlə insanın həyatına təsir edir".
 
Los-Ancelesdə isə miqrasiya siyasəti xüsusilə ön plana çıxıb. Hüquq müdafiəçisi Xose Azetkla bildirib: "Bu sadəcə sərt yanaşma deyil, bu, açıq-aşkar qəddarlıqdır. Ailələri zorla ayırmaq yolverilməzdir".
 
Federal müdaxilə və gərginlik
 
Etirazların miqyası artdıqca, Tramp administrasiyası bəzi şəhərlərə, xüsusən də Los-Ancelesə Milli Qvardiya və Dəniz Piyadalarının birləşmələrini göndərib. Həmin qüvvələr əsasən mülki əhali ilə iş aparmaq təcrübəsi olmayan hərbçilərdən ibarət olub və bu addım yerli hakimiyyət orqanlarının sərt tənqidinə səbəb olub. Kaliforniya rəhbərliyi isə vəziyyəti öz qüvvələri ilə nəzarətdə saxladıqlarını və federal müdaxiləyə ehtiyac olmadığını bəyan edib.
 
Zorakılıq halları və təhlükə siqnalları
 
Əksər aksiyalar dinc şəkildə keçsə də, bəzi şəhərlərdə iğtişaşlar və zorakılıqlar baş verib. Avtomobillər yandırılıb, hüquq-mühafizə orqanları ilə toqquşmalar olub. Minnesotada isə faciə yaşanıb: iki ştat qanunvericisinə hücum nəticəsində biri öldürülüb, digəri isə ağır yaralanıb. Cinayətkarın avtomobilindən daha çox potensial qurbanın siyahısı və Trampa qarşı etirazların koordinatları tapıllb. Bu insident ABŞ-da daxili siyasi zorakılıq təhlükəsinin nə qədər real olduğunu göstərib.
 
Rəy sorğuları və ictimai dəstək
 
Etirazların miqyasına baxmayaraq, Trampın immiqrasiya siyasətinə xalq arasında dəstək kifayət qədər yüksək olaraq qalır. CBS/YouGov-un keçirdiyi sorğuya görə, amerikalıların 54 faizi ölkədə qeyri-qanuni yaşayan miqrantların deportasiyasını dəstəkləyir. Bu isə ölkənin parçalanmış siyasi mənzərəsini bir daha ortaya qoyur.
 
Vaşinqtonda 6 min nəfərlik parad
 
Parad saat 18:00-da başlayıb və 6 min hərbçi, 150 hərbi texnika vahidi, 50-dən çox təyyarə və helikopter iştirak edib. Texasdan gətirilmiş "M1 Abrams" tankları, "Bradley" döyüş maşınları və "Paladin" haubitsaları Vaşinqton küçələrindən keçərək böyük nümayiş təşkil edib. Lakin tənqidçilər bu tədbiri "vergi ödəyicisinin pullarının boşa xərclənməsi" və "Trampın şəxsi şousu" adlandırıb. Sonuncu bu miqyasda parad isə 1991-ci ildə - Körfəz müharibəsinin sonunda keçirilib.
 
İki Amerikadan bir mənzərə
 
Trampın paradı və əleyhinə keçirilən aksiyalar bir daha göstərib ki, ABŞ daxilində dərin bir siyasi və ideoloji uçurum var. Bir tərəfdə güc və hərbi nümayişlə qürurlanan bir prezident və onun tərəfdarları, digər tərəfdə isə Konstitusiyanı, hüququ və demokratik prinsipləri müdafiə edən milyonlarla vətəndaş. ABŞ hazırda təkcə seçkiyə deyil, həm də öz gələcəyinə doğru kritik bir mərhələyə qədəm qoyur.
Chosen
37
moderator.az

1Sources