Ajans.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi veb-saytında bildiriş yerləşdirilib. “ABŞ vətəndaşları heç bir halda İrana səfər etməməli və hazırda orada olanlar ölkəni dərhal tərk etməlidirlər. İranı tərk etmək imkanına malik olmayan şəxslər isə uzun müddətlik sığınacaq şəraitində qalmağa hazır olmalıdırlar”, – deyə məlumatda qeyd olunub. Bildirişdə xatırladılıb ki, ABŞ-ın İranla diplomatik və konsulluq əlaqələri mövcud deyil və Vaşinqtonun maraqlarını bu ölkədə İsveçrə təmsil edir. Səfirlik amerikalı vətəndaşlara İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədlərindən keçməklə tərk etməyi tövsiyə edir. “Azərbaycanın quru sərhədləri əsasən bağlı qalsa da, 15 iyun tarixində ABŞ vətəndaşlarının xüsusi icazə əsasında Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil olması mümkündür”, – deyə virtual nümayəndəlik qeyd edib. Eyni zamanda, amerikalıların Astara sərhədinə yollanmadan öncə Azərbaycan hökumətindən icazə almalarının vacibliyi vurğulanıb. Bildirilib ki, bu proses ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən təşkil edilməlidir. Sonda nümayəndəlik Azərbaycana keçmək niyyətində olan şəxslərə ABŞ-ın Bakıdakı səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib. Qeyd edək ki, Astara sərhəd-keçid məntəqəsi xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün açıq saxlanılıb.