EN

SIPRI: Nüvə dövlətləri öz arsenallarını modernləşdirməyə davam edirlər

Demək olar, bütün nüvə dövlətləri 2024-cü ildə öz arsenallarını fəal şəkildə modernləşdirməyə davam edib, daha müasir sistemlər əlavə ediblər. Nüvə silahlanması yarışı “nəzarət rejimlərinin ciddi zəifləməsi” dövründə başlayır.

“Report” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.

Məlumata görə, 2025-ci ilin yanvar ayına olan vəziyyətə görə, dünyada 12 241 döyüş başlığı var, 9 614-ü potensial istifadə üçün anbarlarda saxlanılır. 3 912-si raket və təyyarələrə quraşdırılıb. 2 100 döyüş başlığı yüksək döyüş hazırlığı vəziyyətində saxlanılır.

“Dünyada soyuq müharibənin bitməsindən bəri davam edən nüvə silahlarının sayının azaldılması dönəmi sona çatır. Bunun əvəzinə, biz nüvə arsenallarının artması, nüvə ritorikasının kəskinləşməsi və silahlanmaya nəzarət sazişlərindən imtina edilməsi tendensiyasını aydın şəkildə görürük”, – SIPRI-nin müvafiq proqramının baş elmi işçisi, Amerika Alimləri Federasiyasının (FAS) Nüvə Məlumatı Layihəsinin direktoru Hans Kristensen qeyd edib.

Rusiya və ABŞ birlikdə bütün nüvə silahlarının təxminən 90 %-nə malikdirlər (ABŞ-də 5 177 döyüş başlığı, Rusiyada 5 459). İnstitutun qiymətləndirməsinə görə, istifadəyə yararlı döyüş başlıqlarının sayı ötən il nisbətən dəyişməz qalsa da, hər iki dövlət gələcəkdə onların arsenallarının ölçüsünü artıra biləcək modernləşdirmə proqramlarını həyata keçirir. Hazırda Çində azı 600 nüvə döyüş başlığı var, lakin onun nüvə arsenalı hər hansı digər ölkəyə nisbətən daha sürətlə artır (2023-cü ildən etibarən ildə təxminən 100 döyüş başlığı). Sonra Fransa (290), Böyük Britaniya (225), Hindistan (180), Pakistan (170) və Şimali Koreya (təxminən 50) gəlir.

Hesabatda vurğulanıb ki, hətta Çin 2035-ci ilə qədər proqnozlaşdırılan maksimum 1 500 döyüş başlığına çatsa belə, bu, yenə də Rusiya və ABŞ-nin hazırkı nüvə arsenallarının yalnız üçdə birini təşkil edəcək. Moskva və Vaşinqton arasında strateji raketlərə quraşdırılan döyüş başlıqlarının sayının məhdudlaşdırılması ilə bağlı yeni saziş olmadığı təqdirdə, 2026-cı ilin fevralında Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Müqavilənin (START) müddəti bitdikdən sonra bu sayın artacağı ehtimal olunur.

Chosen
15
report.az

1Sources