EN

“Serxio Ramos futbolda müstəsna haldır”

“Monterrey” və “River Pleyt”in keçmiş baş məşqçisi Martin Demiçelis 39 yaşlı ispan mərkəz müdafiəçisi Serxio Ramos haqda söhbət açıb.

Arena.az AS dərgisinə istinadən, 44 yaşlı argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən Serxioya ötən il şəxsən zəng etmişdim ki, onu hələ azad agent ikən “River Pleyt”ə dəvət edim. O, məni dinlədi, düşündü və bir neçə gündən sonra minnətdarlığını bildirdi, amma təklifimdən imtina etdi. Mən “River Pleyt”in sükanı arxasına keçəndə, Ramos, mənim heyəti gücləndirmək üçün xahiş etdiyim ilk oyunçu idi. Klubun direktorları cəhdlər etdilər, amma bunlar müvəffəq olmadı, sonuncu transfer bazarında (qış transfer pəncərəsi – redaktorun qeydi) isə Serxio “Monterrey”in nəhəng cəhdlərini qiymətləndirdi və nəhayət çağırışı qəbul etdi. Onu çalışdırmaq mənim üçün böyük fəxr idi.

Mən həmişə demişəm ki, Serxio – müstəsna haldır, laboratoriya nümunəsidir, hansı ki, incəliyinə qədər öyrənilməlidir. 39 yaşında o, daha əvvəl nadir rast gəlinən fiziologiyaya malikdir. Onun əzələ kütləsi, cəldliyi və sürəti ən yüksək səviyyədədir, amma hər şeydən əvvəl, mən onun iddialarını və rəqabət yürüşünü qeyd edərdim. Ramos – taktiki tezliyin mükəmməl nümunəsidir. Onun necə məşq etməsi isə heyranlığa layiqdir”, deyə Demiçelis ağız dolusu vurğulayıb.

Xatırladaq ki, “Monterrey” bu il Serxio Ramosla müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Buna qədər Ramos uzun müddət idi azad agent qismində özünə yeni düşərgə axtarırdı.

Serxio Ramos “Monterrey” üçün 9 oyun keçirib, 4 qol vurub.

Ramos “Sevilya”nın məzunudur və Əndəlüs komandasının heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 50 oyun keçirib, 3 qol vurub. Təcrübəli futbolçu 18 ildən sonra, 2023-cü ilin sentyabr ayında doğma klubuna qayıtsa da, 2024-cü ilin yayında “Sevilya”dan ayrılandan bəri işsiz idi. Veteran müdafiəçinin “Sevilya”nın heyətində çıxışının ümumi mənzərəsi isə 87 oyun, 10 qol, 1 məhsuldar ötürmədən ibarətdir.

Müdafiəçi 2005-ci ildə məhz “Sevilya”dan “Real”a keçib. Ramos karyerasının ən məhsuldar dövrünü Madrid klubunda keçirib. İspan müdafiəçi 2015-2021-ci illərdə “Real”ın kapitanı olub. “Kral klubu” ilə Ramos 5 dəfə İspaniya La Liqasını, 2 dəfə İspaniya Kral Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu, 4 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Serxio Ramos “Real”dan ayrılandan sonra Fransa nəhəngi PSJ-də çıxış edib. Ramos 2021-2023-cü illər aralığında Fransa nəhənginni heyətində 58 oyun keçirib, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. İspan müdafiəçi parislilərlə 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022/2023) qazanıb.

Serxio Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı ispan mərkəz müdafiəçisinin transfer dəyərini 1,20 milyon avro məbləğində qiymətləndirir.

Chosen
5
arena.az

1Sources