EN

Yeni dinozavr növü T-rexin əcdadı ola bilər

BAKI, TurkicWorld

Tiranozavrların təkamülünü dəyişə biləcək yeni növ aşkar edilib.

TurkicWorld xəbər verir ki, alimlər Monqolustanda aparılan araşdırmalar zamanı 86 milyon illik yeni bir dinozavr növü müəyyən ediblər.

Tyrannosaurus rex-in (T-rex) də daxil olduğu tiranozavr ailəsinin məlum olan ən qədim nümayəndələrindən biri hesab edilən bu növə “Khankhuuluu mongoliensis” – “Monqolustan Əjdaha Şahzadəsi” adı verilib.

Kanada, Yaponiya və Monqolustandan olan tədqiqatçılar 1970-ci illərdə Monqolustanda tapılan iki dinozavr skeletini yenidən analiz edərək bu fosillərin əvvəllər düşünüldüyü kimi “Alectrosaurus” deyil, tamamilə fərqli və qədim bir növə aid olduğunu aşkar ediblər.

Tədqiqatın müəlliflərindən biri, Kanadanın Kalqari Universitetindən professor Darla Zelenitsky bu yeni növün təxminən 750 kiloqram ağırlığında olduğunu, yetkin T-rexlərin isə bundan səkkiz dəfə daha ağır olduğunu bildirib. Alimlər “Khankhuuluu mongoliensis”in Tyrannosaur ailəsinin “keçid” dövrünə aid bir forma ola biləcəyini vurğulayıblar.

Tədqiqatın digər müəllifi doktorant Jared Voris isə bu növün sürətli hərəkət edən, kiçik bədənli yırtıcı olduğunu, burun sümüyünün isə sonrakı dövrdəki güclü tiranozavr çənəsinin ilkin forması ola biləcəyini qeyd edib.

Qeyd edək ki, bu tədqiqatın nəticələri nüfuzlu “Nature” jurnalında dərc olunub və tiranozavrların təkamülü haqqında mövcud elmi təsəvvürlərin yenidən qiymətləndirilməsinə səbəb ola bilər.

Chosen
27
turkic.world

1Sources