“Latsio”nun veteran sağ cinah hücumçusu, 37 yaşlı ispan futbolçu Pedro Rodriges İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, təcrübəli futbolçu daha bir mövsüm – 2026-cı ilin 30 iyununa qədər “Latsio”nun uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay başa çatırdı.
Pedro Rodriges futbola “San-İsidoro” klubunda qədəm qoyub və böyük futbolda debüt edib. Buradan “Barsleona”ya yol tapmış ispan futbolçu, ardınca “Çelsi” və “Roma”da çıxış edib.
Pedro “Roma”nın düşərgəsindən “Latsio”ya 2021-ci ilin avqustunda azad agent qismində qoşulub. O vaxt “canavarlar” ispan hücumçunun xidmətinə ehtiyac görməyiblər.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Pedro “Latsio”nun heyətində 44 oyuna çıxıb, 15 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Pedronun “qartallar”ın heyətində çıxışının ümumi mənzərəsi 176 oyun, 34 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Pedro Rodriges 2010-cu ilin may ayında debüt etdiyi İspaniya yığmasının heyətində 65 oyun keçirib, 17 qol vurub və 11 məhsudlar ötürmə verib.
Pedronun qənimətlər muzeyində “Barselona” ilə 5 İspaniya çempionluğu, 3 İspaniya Kuboku, 5 İspaniya Super Kuboku, 3 Çempionlar Liqası, 3 UEFA Super Kuboku, 2 FIFA Klub Dünya Kuboku, həmçinin “Çelsi” ilə İngiltərə çempionluğu, İngiltərə Kuboku və Avropa Liqası var.
İspaniya yığması ilə Pedro 2010-cu il dünya çempionatının və 2012-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı ispan veteran sağ cinah hücumçusunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.
