EN

Vücuda sızır, gizlicə öldürür – Dünyanı qorxuya salan göbələk

ABŞ-da insan orqanizmini içəridən çürüdə bilən ölümcül bir göbələk növü sürətlə yayılır. Mütəxəssislər iqlim dəyişikliyi ilə bu təhlükənin daha da böyüyəcəyini bildirirlər.

Yenisabah.az xəbər verir ki, havada daşına bilən mikroskopik sporlar vasitəsilə yayılan "Aspergillus fumigatus" adlı göbələk, demək olar ki, qarşısıalınmaz təhlükə yaradır. Bu sporlar fərq edilmədən tənəffüs olunur və xüsusilə immun sistemi zəif olan şəxslərdə ağır ağciyər infeksiyasına səbəb olur. Göbələyin yaratdığı aspergilloz xəstəliyi orqan çatışmazlığı və ölüm riski doğurur.

Məlumata görə, Florida, Luiziana, Texas, Corciya və Kaliforniya kimi isti və rütubətli ştatlarda bu göbələk daha çox müşahidə edilir. Eyni zamanda, Nyu-York, Hyuston və Los-Anceles kimi iri şəhərlərdə də əhali sıxlığı və köhnəlmiş infrastruktur səbəbindən yayılma riski yüksəkdir.

ABŞ-da aspergilloz xəstəliyi bildirişə məcburi xəstəliklər siyahısına daxil olmadığı üçün infeksiya, xəstəxanaya yerləşdirmə və ölüm halları rəsmi qaydada qeydə alınmır. Bu da problemin real miqyasını müəyyən etməyi çətinləşdirir.

Mançester Universitetindən Norman van Rhijn bildirib ki, bu vəziyyət yüz minlərlə insan üçün təhlükədir:

"İqlim dəyişikliyi və urbanizasiya səbəbilə qarşıdakı 50 ildə harada nə yetişəcəyi və hansı infeksiyaların yayılacağı tamamilə dəyişəcək".

Mütəxəssislər immun sistemi zəif olan şəxslərə torpaqla təmasdan, bağçılıq işlərindən və küflü mühitlərdən uzaq durmağı, tozlu sahələrdə qoruyucu maskalardan istifadə etməyi və yaşadıqları mühitin havasına xüsusi diqqət yetirməyi tövsiyə edirlər.

Dünya Səhiyyə Təşkilatı (DST) daha təhlükəsiz dərmanların hazırlanması, diaqnostika testlərinin sürətləndirilməsi və tibb işçilərinin maarifləndirilməsi üçün təcili tədbirlər görülməsini tələb edib.

Kolumbiya Universitetindən infeksionist Dr. Vyas isə açıqlamasında deyib:

"Bu, elmi fantastika deyil. Bu infeksiyalar realdır və biz buna hazır deyilik".

Rəvan Rzazadə


Telegram kanalımız
Chosen
28
yenisabah.az

1Sources