EN

8,4 milyon istifadəçinin şəxsi məlumatları haker tərəfindən ələ keçirildi

Hindistanın avtomobil paylaşım platforması olan "Zoomcar" şirkəti 8,4 milyon istifadəçisinin şəxsi məlumatlarının haker tərəfindən əldə keçirildiyini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, şirkətin bildirdiyinə görə, sızma nəticəsində istifadəçilərin adları, telefon nömrələri və avtomobil qeydiyyat nömrələri ələ keçirilib.

Hadisə 9 iyun 2025-ci il tarixində baş verib və bu barədə məlumat ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim olunan sənədlərdə əksini tapıb. Şirkət bildirib ki, hadisədən bəzi əməkdaşların xarici mənbələrdən haker tərəfindən göndərilmiş xəbərdarlıq mesajları alması nəticəsində xəbər tutublar.

"Zoomcar" qeyd edib ki, hadisə aşkarlandıqdan dərhal sonra hadisəyə cavab planı işə salınıb və ilkin araşdırmalar nəticəsində heç bir maliyyə məlumatının, açıq mətndə olan parolların və ya digər həssas identifikasiya məlumatlarının ələ keçirilməsinə dair sübut tapılmayıb.

Şirkət təhlükəsizlik tədbirlərini gücləndirdiyini, bulud və daxili şəbəkələrdə əlavə qoruma mexanizmləri tətbiq etdiyini, sistemlərin monitorinqini artırdığını və giriş nəzarət qaydalarını yenidən gözdən keçirdiyini bildirib. Eyni zamanda üçüncü tərəf kibertəhlükəsizlik mütəxəssisləri ilə əməkdaşlıq edildiyi və müvafiq tənzimləyici orqanlarla hüquq-mühafizə qurumlarına məlumat verildiyi açıqlanıb.

Bununla belə, "Zoomcar" hadisə ilə bağlı zərər çəkmiş istifadəçilərin məlumatlandırılıb-məlumatlandırılmadığı və hakerin kimliyi ilə bağlı əlavə informasiya verilmədiyini qeyd edib.

Qeyd edək ki, 2013-cü ildə qurulan "Zoomcar" istifadəçilərə avtomobilləri aylıq, həftəlik, gündəlik və saatlıq əsaslarla icarəyə götürmək imkanı təqdim edir. Şirkət Hindistanla yanaşı Misir, İndoneziya və Vyetnamda da fəaliyyət göstərir. Hazırda 99 şəhərdə 25 minə yaxın avtomobillə xidmət göstərən platformanın 10 milyondan çox istifadəçisi var.

Bu ilin fevral ayında "Zoomcar" icarə sifarişlərinin illik müqayisədə 19% artaraq 103,599 rezervasiyaya çatdığını açıqlayıb. Şirkətin bu dövrdə töhfə mənfəəti 500%-dən çox artaraq 1,28 milyon dollar təşkil edib, lakin xalis zərər 7,9 milyon dollar olub.
"İndiyə qədər bu insident şirkətin fəaliyyətində hər hansı ciddi fasiləyə səbəb olmayıb," – deyə rəsmi açıqlamada bildirilib.

Sərvanə Rəmixanova

Chosen
36
valyuta.az

1Sources