EN

“Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin bölgələr üzrə açılış tədbirləri keçirildi - FOTOLAR

10 və 11 iyun 2025-ci il tarixlərində “Cığır” MDİD İctimai Birliyi tərəfindən həyata keçirilən “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin bölgələr üzrə açılış tədbirləri keçirildi.

QHT.az xəbər verir ki, layihənin ilk görüşü 10 iyun tarixində İsmayıllı rayonunun Uşaq və Ailələrə Dəstək Mərkəzində, növbəti gün isə 11 iyun tarixində Ağdaş rayonunun Heydər Əliyev Mərkəzində baş tutdu. İsmayıllıda təşkil olunmuş tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, İcra Hakimiyyətinin nümayəndəsi,İsmayıllı MKS nümayəndələri və İsmayıllı Uşaq  kitabxanasının rəhbəri, müəllimlər və “Cığır” İctimai Birliyinin qeydiyyatında olan ailələr iştirak etdilər. Ağdaş tədbirində isə “Parlaq imza” nəşriyyatının nümayəndəsi gənc yazar - Amin Oruc ,müəllimlər və ailələrimiz tədbirə qatıldılar.

Hər iki tədbir “Cığır” MDİD İctimai Birliyi tərəfindən son illərdə həyata keçirilmiş sosial və mədəni layihələri əks etdirən videoçarxların nümayişi ilə başladı. Videoçarxlar vasitəsilə iştirakçılara birliyin oxu təşviqi, mənəvi dəyərlərin təbliği, uşaq və ailə yönümlü layihələri barədə vizual məlumat təqdim olundu. Daha sonra Birliyin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Yeganə xanım Mirzəyeva çıxış edərək, oxu mədəniyyətinin insan ruhunun formalaşmasında, mənəvi inkişafda və xüsusilə gənc nəslin şəxsiyyət kimi yetişməsində oynadığı əvəzsiz roldan bəhs etdi. O, qeyd etdi ki, oxuma vərdişləri yalnız fərdi inkişaf üçün deyil, bütöv bir cəmiyyətin intellektual səviyyəsinin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Ailə daxilində mütaliənin təşviqi, valideyn- uşaq münasibətlərində müsbət təsirləri və oxunun tərbiyəvi gücü üzərində xüsusi dayanıldı.

Tədbirin digər hissəsində “Cığır” İctimai Birliyinin illərdir həyata keçirdiyi “Kitab ətri” layihəsinin 10 illik fəaliyyətini əks etdirən video təqdimat nümayiş etdirildi. Ardınca “Salam Yurdu” Təlim-Tədris Mərkəzinin şagirdləri tərəfindən hazırlanan və “Balaca Şahzadə” əsərindən seçilmiş səhnəcik təqdim olundu. Bu çıxışlar uşaqların kitaba münasibətinin nə dərəcədə yüksək və yaradıcı səviyyədə formalaşdığını bir daha nümayiş etdirdi. Layihənin rəhbəri Günel Babayeva çıxış edərək qarşıdakı üç ay ərzində müxtəlif bölgələrdə oxu mədəniyyətini təşviq edən fəaliyyətlər, uşaqlarla və valideynlərlə keçiriləcək mütaliə saatları, kitab müzakirələri və interaktiv sessiyalar barədə ətraflı məlumat verdi. Layihənin əsas məqsədinin uşaqlarda oxuya qarşı sevgi yaratmaq, ailə mühitində birgə mütaliə ənənəsini formalaşdırmaq və kitabın həyatdakı roluna dair dərin düşüncə qazandırmaq olduğu vurğulandı.

Hər iki tədbirin sonunda uşaqlara yaşlarına uyğun kitab dəstləri,xüsusən də "Balaca Şahzadə"kitabı hədiyyə olundu, qısa mütaliə saatı və interaktiv oyunlar təşkil edildi. Paralel olaraq analarla keçirilən görüşdə Yeganə Mirzəyeva kitab oxumağın qadın və ana dünyasında yaratdığı dəyişikliklər, mütaliənin ailədaxili münasibətlərə təsiri və mənəvi zənginlik haqqında qısa,lakin ilhamverici fikir mübadiləsi apardı. “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin açılış tədbirinin uğurla həyata keçirilməsində İsmayıllı və Ağdaş rayonlarının İcra Hakimiyyətlərinə,Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkür edirik, xüsusi olaraq layihənin həyata keçirilməsində dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, məkan dəstəyi və yaratdığı şərait üçün İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbərliyinə, layihəyə könüldən qatılan müəllimlərə, yazar və təmsilçilərə, Birliyimizin könüllülərinə və tədbirlərdə iştirak edən bütün ailələrimizə dərin hörmət və ehtiramımızı bildiririk. Bu layihə vasitəsilə bir daha sübut olundu ki, oxu mədəniyyəti yalnız sözlə deyil, ruhla formalaşır və bu yolda atılan hər bir addım bir uşağın gələcəyinə işıq tutur.

Chosen
3
qht.az

1Sources