EN

Ankara səhnədə: Türkiyə müharibəyə DUR deyə biləcəkmi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə İranla İsrail arasında münaqişəni dayandırmaq üçün diplomatik səylər göstərir. O bildirib ki, Türkiyə vasitəçilik də daxil olmaqla, lazım olan hər addımı atmağa hazırdır.

Bəs Türkiyə müharibəyə dur deyə biləcəkmi?

Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu məsələyə bu cür şərh verib:

"Türkiyənin bölgədə rolu artıb, Ankara bir sıra münaqişələrin həllində vasitəçi kimi çıxış edir, Rusiya və Ukrayna nümayəndələri danışıqlar yeri kimi İstanbula üstünlük verirlər. Ancaq İsrail-İran qarşıdurmasında Türkiyənin vasitəçi olmaq, İstanbulun görüş yeri seçilmə şansı azdır. Çünki, Rusiya-Ukrayna müharibəsindən fərqli olaraq İsrail-İran müharibəsində tərəflərdən biri Türkiyəni vasitəçi kimi qəbul etməyəcək.

Türkiyə İsrailin siyasətini sərt tənqid edir, Ərdoğan bu ölkənin baş naziri Benyamin Netanyahunu qatil adlandırır. Digər tərəfdən Ərdoğan İsrailin İranın suverenliyinə təcavüz etdiyini vurğulayır. Tehran müharibəni dayandırmaq üçün istənilən ölkənin, o cümlədən Türkiyənin vasitəçiliyini qəbul edər, Tel-Əviv hədəfinə çatdıqdan sonra tərəfdaşlarından birinin vasətiçiliyinə razılaşa bilər və həmin ölkənin Türkiyənin olacağı ehtimalı azdır".

Elxan Şahinoğlunun fikrincə, gələcəkdə Türkiyə ilə müqayisədə Azərbaycanın İsraillə İran arasında vasitəçi ola bilmə ehtimalı yüksəkdir.

"Ancaq müharibə aparan hər iki tərəf hələ bir-birlərinə daha çox zərər vurmaq planlarını həyata keçirməyə çalışır", - deyə politoloq bildirib.

Xalidə Gəray,
Musavat.com

Chosen
36
50
musavat.com

10Sources