EN

Süni intellekt və ortaq dəyərlər: texnologiya və insanlıq arasında Körpü

XXI əsrin ən önəmli texnoloji nailiyyətlərindən biri olan süni intellekt (Sİ), cəmiyyətimizdə dərin dəyişikliklər yaradır. Maşın öyrənməsindən təbii dil emalına, robotikadan avtomatlaşdırılmış qərar qəbul etmə sistemlərinə qədər geniş spektrli tətbiq sahələri olan bu texnologiya, eyni zamanda insanlığın ortaq dəyərləri ilə necə uyğunlaşdırılacağı məsələsini gündəmə gətirir.

Süni intellektin inkişafı ilə ortaq dəyərlərin qorunması arasında tarazlıq yaratmaq 21-ci əsrin əsas çağırışlarından biridir. Bu prosesdə əsas məqsəd texnologiyanın insanlığa xidmət etməsi və bəşəriyyətin rifahını artırması olmalıdır.

Süni intellekt artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməkdədir. Axtarış motorlarından tibbi diaqnostikaya, maliyyə xidmətlərindən təhsil sistemlərinə qədər müxtəlif sahələrdə istifadə olunur. ChatGPT kimi generativ süni intellekt sistemləri yaradıcılıq və məhsuldarlıq sahələrində inqilab yaratdı. Lakin bu sürətli inkişaf texnologiyanın insan dəyərləri ilə uyğunluğu məsələsini daha da aktual hala gətirmişdir.

Ortaq Dəyərlər: Nədir və Niyə Vacibdir?

Ortaq dəyərlər müxtəlif mədəniyyət və cəmiyyətlərdə paylaşılan əsas prinsiplərdir ki, bunlara daxildir:

İnsan ləyaqəti və hüquqları

Ədalət və bərabərlik

Şəffaflıq və hesabatlılıq

Bir-birinə hörmət

Zərər verməmək

Min illərdir ki, bu dəyərlərin pozulmaması üçün insanlar tərəfindən hüquq, fəlsəfə və dini sistemlər formalaşdırılmışdır. Texnologiyaların inkişafı ilə bu sistemlərin xaricində virtual bir məkan yaranmışdır. Bu məkanda ortaq dəyərlərin qorunması ən ciddi çağırışlardan biridir.

Müşahidələr göstərir ki, Süni intellekt sistemlərinin inkişafı və tətbiqi zamanı bir sıra etik problemlər də ortaya çıxır: 

Qərəzlilik və Ayrı-seçkilik. Süni intellekt sistemləri məlumat bazalarında mövcud olan qərəzlilikləri gücləndirib reproduksiya edə bilər. Məsələn, işə götürmə proseslərində istifadə olunan Sİ sistemləri gender və ya irqi ayrı-seçkilik edə bilər.

Məsuliyyət Problemi. Sİ sistemlərinin qəbul etdiyi qərarlarda səhv baş verdikdə, məsuliyyətin kimin daşıyacağı aydın deyil. Tərtibatçı, istifadəçi, yoxsa sistemin özü?

İş Yerləri və İqtisadi Təsir. Avtomatlaşma miljonlarla insanın işini təhdid edir. Bu isə sosial ədalətsizliyin artmasına səbəb ola bilər.

Məxfilik və Nəzarət. Sİ sistemləri böyük həcmdə şəxsi məlumat toplamağa qadirdir, bu da fərdiyyət və məxfilik hüquqlarını təhdid edir.

Bu problemlərin həlli üçün bütün dünyada araşdırmalar və müzakirələr aparılır. Süni intellektin ortaq dəyərlərlə uyğunlaşdırılması üçün müxtəlif yanaşmalar mövcuddur. Sİ necə olmalıdır, necə işləmələdir kimi sualalara aşağıdakı cavablar formalaşmışdır:

Dəyər Yönümlü Dizayn. Sİ sistemləri ilk mərhələdən etik prinsipləri nəzərə alacaq şəkildə dizayn edilməlidir. Bu, “Ethics by Design” yanaşması adlanır.

Çoxşəxsli Nəzarət. AI sistemlərinin hazırlanmasında müxtəlif sahələrdən mütəxəssislərin - filosoflardan sosiologlara, psixologlardan hüquqşünaslara qədər - iştirak etməsi vacibdir.

Şəffaf Alqoritmlər. Sİ sistemlərinin qərar qəbul etmə mexanizmi başa düşülən və izah edilə bilən olmalıdır. 

Fikrimcə, cəmiyyətin bütün təbəqələri Sİ texnologiyaları haqqında məlumatlandırılmalı və onların potensial təsirləri barədə bilikli olmalıdır. Süni intellekt sistemlərindən etik istifadəni təmin edən qanunlar və standartlar hazırlamaq lazımdır. Özümüzn süni intellekt həllərimizin olması çox vacibdir. İlk olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində model qanun layihəsinin hazırlanmasına da nail olmaq mümkündür. Sİ texnologiyaları qlobal xarakter daşıdığı üçün beynəlxalq əməkdaşlıq və koordinasiya zəruridir.

Özünə məxsus zəngin dəyərlərin qorunmasına xüsusi diqqət verən Azərbaycan və digər ölkələr üçün Sİ texnologiyalarının ortaq dəyərlərlə uyğunlaşdırılması xüsusən vacibdir. Ənənəvi dəyərlər və müasir texnologiyalar arasında balans yaratmaq, milli mədəni dəyərləri qoruyub saxlamaqla yanaşı, qlobal Sİ standartlarına uyğunluğu təmin etmək vacibdir. Azərbaycanda Prezident cənab İlham Əliyevin fərmanı ilə qəbul edilmiş Sİ Strategiyası bu istiqamətdə mühüm addımdır. 

Süni intellekt və ortaq dəyərlər arasında körpü qurmaq sadəcə texniki məsələ deyil, eyni zamanda fundamental insani məsələdir. Əsas məqsəd Sİ texnologiyalarını insan ləyaqətini qoruyan, ədaləti gücləndirən və cəmiyyətə fayda verən şəkildə inkişaf etdirmək olmalıdır. Bu isə kollektiv səy və davamlı dialoq tələb edir. Texnologiyanın gələcəyini formalaşdıran biz insanlarıq və bu gələcəyin necə olacağı bizim indiki seçimlərimizdən asılıdır.

Tahir Mirkişili 

Milli Məclisin deputatı

Chosen
12
4
azedu.az

5Sources