Son illər Göygöl rayonuna yerli və xarici turistlərinin axının artması rayonda yeni və müasir turizm obyektlərinə tələbatı artırıb. Rayon İcra Hakimiyyəti investorların cəlb olunması, həmçinin, sahibkarların burada turizmin inkişafına təkan verməsi, müasir obyektlərin tikintisinin aparılması üçün bütün şəraiti yaradıb.
Belə müasir turizm məkanlarından biri də Göygöl rayonunun Toğanalı kəndində ərazisində 15 iyul tarixində istifadəyə verilmiş “Heaven Resort&Hotel” oteli olub.
Turizm obyektinin açılışında Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələri, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundov, müəssisə, turizm təşkilatlarının nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Çıxış edən icra başçısının müavini Arzu Qocayev bildirib ki, son 3 ildə Göygölə gələn turistlərin sayında əhəmiyyətli artım qeydə alınıb. Onun sözlərinə görə, rayonda turizm sektorunun inkişafı qarşıya qoyulan əsas məqsədlərdən biridir və bu istiqamətdə müvafiq addımların atılması rayon rəhbərliyi səviyyəsində davam etdiriləcəkr.
"Şərur" MTK-nin rəhbəri İsfəndiyar Axundov ilk növbədə sahibkarlara yaradılan şəraitə görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib, diqqətə çatdırıb ki, yeni istifadəyə verilən otel kompleksində qonaqların istirahəti üçün bütün lazımi şərait yaradılıb.
Daha sonra qonaqlar turizm obyekti ilə yaxından tanış olub, həmçinin, açılış münasibətilə ziyafət verilib.
Məlumat verilib ki, yeni istifadəyə verilən “Heaven Resort&Hotel”in tikintisi bir ilə başa çatdırılıb. Eyni anda 150 qonaq qəbul etməyə malik, 48 nömrədən ibarət turizm obyektində otaqlar nəfis tərtibat və dizaynda standart, deluxe və vip olmaqla üç yerə ayrılır.
Otelin restoran hissəsi açıq teras və qapalı olmaqla eyni anda 200 qonaq qəbul edə bilir. Mətbəxin rəngərangliyi və yemək çeşidlərinin bolluğu buraya gələn qonqların xüsusi olaraq zövqünü oxşuyacaq.
Otel unikal təbiət mənzərəsi və təmiz atmosferi ilə qonaqların diqqətini cəlb edir. Həmçinin, müəssisənin Göygöl Milli Parkına yaxın olması onu turistlər üçün daha arzu olunan edir.
Teni açılan müəssisə məşğulluğun və daim iş yerlərinin də artmasına da təkan verib. Belə ki, ilkin qaydada 21 nəfər daimi iş yeri ilə təmin olunub.