EN

İran təslim olacaq, yoxsa dünya ilə toqquşacaq? – 3 mümkün ssenari 

  "İsrail qarşısında ciddi itkilər verən İran rejiminin seçimləri müharibənin inkişına yön verə biləcək faktorlar arasındadır. Rəsmi Tehran İsrailə raket zərbələri endirsə də, hazırda iki istiqamətdə səy göstərir: ABŞ-nin İsrail cəbhəsində müharibəyə qoşulması ssenarisinə imkan verməmək; Vaşinqtonu Təl-Əvivi dayandırmağa inandırmaq və nüvə danışıqlarını bərpa etmək".

Bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İran Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən vasitəçilik etməsini xahiş edir, lakin bütün səylər nəticəsizdir:

"Çünki minumum hədəf hücum əməliyyatı ilə Tehranı danışıqlar masasındakı tələblərlə məcbur etmək olan müharibədə İsrailin əldə etdiyi nəticələr İranın tamamilə təslim olması – teokratik sistemin dəyişməsi perspektivlərini yaradıb və Tramp Administrasiyası diplomatiyanı əlavə variantlar sırasında saxlamaqla, şərtlərin yetişməsini gözləyir".

Ekspert bildirib ki, bu mənzərə fonunda sual yaranır: "Bütün yolları tükənərsə, İran rejiminin son seçim kimi atacağı radikal addımlar nələr ola və nə qədər effekt verə bilər? Hörmüz boğazını bağlamaq. İran artıq bunu gündəmə gətirib, lakin məsələ hələ ki təhdid xarakteri daşıyır.

Rejim dünya iqtisadiyyatına ciddi zərər vuracaq və neft qiymətinin yüksək artımına səbəb olacaq bu addımı son kartlardan biri kimi saxlayır. Hərçənd, Tehranda anlayırlar: Hörmüz boğazının bağlanması İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini legitimləşdirəcək amildir. Həmçinin, belə radikal addım İranın dost hesab etdiyi ölkələri – misal üçün, neft qiymətinin yüksəlməsini istəməyən Çin bu məsələdə maraqlı deyil - ondan uzaqlaşdıra bilər. Boğazın bağlanması təhdidi İranın əlində azsaylı “strateji çəkindirmə” aləti olaraq qalır".

A.Nərimanlının fikrincə, digər bir ssenari müharibəni regional müstəviyə yaymaqdır: "İran rejimi başda daha zəif hesab etdiyi körfəz ölkələri olmaqla, ABŞ bazalarının yerləşdiyi regionları hədəfə ala, belə demək mümkünsə, “tarana” gedə bilər. Bu, İran üçün şansının az olduğu “qumar oyunu” olacaq, çünki müharibə arealının regiona yayılması hədəf seçilən ölkələrin də İsrail cəbhəsində aktiv iştirakını şərtləndirə və Tehranın məhvini legitimləşdirə bilər".

Ekspert hesab edir ki, digər məqam isə "dini silah"ın işə salınmasıdır: "Xamenei sələfi Xomeyninin son seçimini təkrarlaya bilər. Bu, İsrail və ona dəstək verən ölkələrə qarşı “cihad” elanıdır. İraqa qarşı müharibədə Xomeyni bu taktikadan istifadə etməklə yüz minlərlə müsəlmanı bir-birinə qırdırsa da, rejimin regional dayaqlarını möhkəmləndirə bildi. Xameneinin də son seçimlərindən biri kimi eyni taktikadan istifadə edə biləcəyi istisna edilməməlidir. Bu taktika İrana qələbəni gətirməyəcək, amma müqavimət zəmini formalaşdıra bilər. İranın proksi qüvvələrinin ciddi “qan itirməsi” belə bir müqavimətin effektini şübhə altına alsa da, tamamilə sıradan çıxmadığı da bəllidir: Hizbullah və Həmas zəifləsə belə hələ də qalır, husilər və İraqdakı şiə qrupları mövcudluğunu qoruyur; mümkün “dini müharibə” fətvası ilə qüvvələr İsrailə və ABŞ-ın bölgədəki mövqelərinə “baş ağrısı” ola, regionu toqquşmalar platformasına çevirə bilər".

Siyasi şərhçinin sözlərinə görə, iran rejimi son seçimləri saxlayır: "Çünki onlar üçün “son” olmadığını, diplomatiya ilə çıxış yolunu tapa biləcəklərini düşünürlər. Anlayırlar ki, bu seçimlərdən istənilən biri təkcə rejimin yox, İranın gələcəyini sual altına salacaq. Lakin proses xilasın mümkün olmadığı mərhələsinə çatarsa, bu seçimləri silah olaraq istifadə edə biləcəkləri istisna deyil".//olke.az


Chosen
19
50
referans.az

10Sources