EN

Deputat erkən nikahlardan danışdı: “Məsuliyyətə cəlb olunmalıdırlar!”  

Son 15-20 ildə ölkədə ən çox müzakirə edilən məsələlərdən biri də erkən nikahlardır. Erkən nikah ictimai problem olmaqla yanaşı, demoqrafik problem kimi də dəyərləndirilməlidir. Aparılan təhlillər göstərir ki, bir çox valideynlər erkən nikahın mənfi nəticələri, yaratdığı fiziki və psixoloji fəsadları, hüquq pozuntuları barədə məlumatlı deyillər.

Erkən nikah dedikdə ilk ağla təbii ki, qızlar gəlir. Qızlara qarşı əsas insan hüquq və azadlıqlarının pozulması halı kimi erkən nikah həm də gender bərabərsizliyi faktorudur. Əvvəllər erkən nikahlar ailələrin özəl həyatı kimi dəyərləndirilsə də, zaman keçdikcə problemin gətirdiyi fəsadlar ictimai məsələnin müzakirəsini genişləndirib. Azərbaycan Respublikasında erkən nikahların qarşısının alınması ilə bağlı bir sıra hüquqi və inzibati xarakterli addımların atılmasına baxmayaraq, problemlər hələ tam həllini tapmayıb. Regionlarda qız uşaqlarının erkən yaşda evləndirilməsi hallarına rast gəlinməkdədir. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Deputat xatırladıb ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır: “Qanunvericiliyə əsasən, 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında çox danışılıb, müzakirələr aparılıb. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir. Məsələyə bir neçə aspektdən yanaşa biərik. Bura erkən nikahın səbəbləri, fəsadları və onun qarşısının alınması yolları daxildir”. 

C.Məmmədov deyib ki, dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox ölkələr, xüsusilə müsəlman dövlətlərində bu problem qabarıq şəkildə nəzərə çarpmaqdadır. Təbii ki, burada din faktorunun da mühüm rol oynadığını nəzərdən qaçırmaq olmaz. Hazırda ölkəmizdə yalnız müvafiq icra orqanlarında bağlanılan nikahlar qanuni sayılır. Onu da qeyd edək ki, bu gün bölgələrdə ölkə əhalisinin müəyyən qismi ailə qurarkən müxtəlif səbəblər ucbatından dini kəbinə üz tutur və bu da bir sıra hallarda erkən nikahlara yol açır. Məlum olduğu kimi, dövlət tərəfindən qeydiyyata alınan nikahdan fərqli olaraq, dini kəbin hüquqi akt sayılmır. Evlilik həyatında sonradan cütlüklər arasında hər hansı problem yaranarsa, yaxud münasibətlər pozularsa, həmin nikah heç bir qanuni əhəmiyyət daşımır. Belə hallarda övladlar üçün də qanuni məsələlərdə bir sıra problem yaşanır”. 

 “Azərbaycan dünyəvi dövlətdir və bütün məsələlərin həlli qanunvericilikdə öz əksini tapmışdır. Nəzərdən qaçırmayaq ki, ölkəmiz İslam dini dəyərlərinə hörmətlə yanaşır. Həmçinin milli adətləri yaşadan bir millətik, buna görə dini dəyərləri üstün tutan şəxs bir qayda olaraq, həm dini, həm də hüquqi kəbin kəsdirir. Dövlətin nikahı olmadan isə dini kəbinin kəsilməsi yolverilməzdir. Bunun qarşısının alınması, fəsadları barəsində maarifləndirmə işlərinin aparılması istiqamətində işlər daha da gücləndirilməlidir. Burada daha bir məsuliyyət isə valideynlərin üzərinə düşür. Elə valideynlər var ki, qız övladlarını məktəbdən, təhsildən uzaqlaşdıraraq erkən nikaha cəlb edirlər. Belə qızlar həm təhsildən uzaqlaşdırılmaqla, həm də ərə verilməklə öz hüquqlarından da məhrum edilirlər. Bunun fəsadları isə illər sonra özünü büruzə verir. Cəmiyyətə inteqrasiya edilməkdən məhrum olunan qız uşaqları bəzən intihara əl atır, ağır psixoloji sarsıntı keçirirlər. Valideynlərin bu addımı atmasına səbəb bəzən maddi durumun aşağı olması, bir sıra hallarda isə qız uşaqlarına “ağır yük” kimi baxması olur. Bunun dərin psixoloji, sosioloji səbəbləri mövcuddur. Bizim üzərimizə düşən bu sahədə qanunun aliliyini təmin etməkdir”, - deyə millət vəkili qeyd edib. 

 Deputat vurğulyıb ki, azyaşlı qızları məktəbdən yayındırılaraq erkən nikaha cəlb edilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi qaçınılmazdır. Bu prosesdə iştirak edən valideynlər də, əlaqədər şəxslər də özlərində məsuliyyət hiss etməli və hüququn aliliyindən kənarda qalmamalıdırlar: “Erkən nikahın fəsadlarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin vacibliyinə bir daha diqqəti çəkib qeyd etmək istəyirəm ki, bu kimi tədbirlər mütəmadi keçirilməli, sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da artırılmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir. Orta məktəblərdə davamlı təlimlər, seminarlar təşkil olunmalı, xüsusilə qızların təhsilə cəlb edilməsi istiqamətində vacib addımlar atılmalıdır. Gənclər üçün erkən nikahın fəsadlarını vizual şəkildə çatdıra bilən sənədli filmlər hazırlanmalı, sosialyönümlü reklam çarxları çəkilməlidir. Unutmamalıyıq ki, gələcəyimiz bu gün qurulan sağlam ailələrdən, sağlam övladlardan asılıdır. Ailə genofondumuzu qorumaq üçün bütün səylərimizi gücləndirməliyik”. 

Araz Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Telegram kanalımız
Chosen
7
1
yenisabah.az

2Sources