EN

İsrail naziri təhlükəsizlik səbəbilə Azərbaycandan təxliyə olundu

BAKI, 17 iyun. TELEQRAF

Azərbaycanda səfərdə olan İsrailin Aliyə və İnteqrasiya naziri Ofir Sofer təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə ölkəsinə təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin KİV-ləri məlumat yayıb.

Bildirilib ki, nazir Bakıya İsrailin Yəhudi Agentliyi ilə birgə təşkil olunan yəhudi gənclərinə yönəlik seminarda iştirak etmək məqsədilə səfər edib. Lakin İranın İsrail rəsmilərinə qarşı mümkün hücumları ilə bağlı yaranan təhlükə fonunda Soferin hoteldən çıxmasına icazə verilməyib və o, ciddi mühafizə altında saxlanılıb.

Təhlükəsizlik səbəbilə nazir əvvəlcə Yunanıstana, oradan isə İsrailə təxliyə olunub.

Ölkəsinə qayıtdıqdan sonra Sofer yerli mətbuata verdiyi açıqlamada bildirib:

“İndiyə qədər heç vaxt belə yüksək səviyyəli təhlükəsizliklə qarşılaşmamışdım. Mühafizəçilərin sayını hesablamaq belə mümkün deyildi. Cümə günü mənə təxliyə əmri verildi. Yəhudi Agentliyinin nümayəndələri ilə birlikdə idim və icma ilə keçirilən tədbirdə iştirak edirdim. Təhlükəsizlik qüvvələri bizim oteli tərk etməyimizə imkan vermirdi.”

Nazir əlavə edib ki, bütün iştirakçıların tədbirə qatılması mümkün olmayıb və seminar gözləniləndən daha kiçik tərkibdə keçirilib.

Chosen
12
teleqraf.com

1Sources