Ağdam, 17 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdamın Sarıcalı kəndinin ərazisindəyik. Birinci mərhələdə Sarıcalı kəndinin ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İkinci mərhələdə Sarıcalı kəndi ətrafındakı kənd təsərrüfatı təyinatlı torpaqlar təmizlənəcək. Sarıcalı kəndi keçmiş təmas xəttinin olduğu ərazilərdəndir. Ərazi minalarla həddindən artıq çirkləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Ağdam rayonunda 35 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
"Minatəmizləmə fəaliyyəti işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Qazax rayonunda icra olunur. Bu günədək 206 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 199 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib", - deyə o bildirib.