EN

Ərinin qətlini sifariş verən qadının məhkəməsində icraçılardan biri ifadə verib

Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi keçirilən iclasda təqsirləndirlən Mehdi Məmmədov ifadə verib.

O, bildirib ki, Rusiyada cəza çəkdikdən sonra deportasiya olunub və Azərbaycana qayıdıb və burada “Əhli-beyt” adlı xeyriyyə cəmiyyətinə qoşulub: "Biz xeyriyyə cəmiyyətinə müraciət edənləri yoxlamaq üçün evlərə gedirdik. Bir gün Səidə adlı bir xanım müraciət etdi və bunun əsasında anası Rübabəyə kömək üçün onların evinə gedib yoxlama apardıq. Ailə ilə yaxın olduqdan sonra onlar mənim subay olduğumu bilib mənə qonşuluqdakı qızla evlənməyi tövsiyə etdilər. Məni Əzizənin xalası Leyla ilə tanış elədilər. Biz kəbin kəsdirdik, amma rəsmi nikah bağlaya bilmədik. Çünki o, məndən öncə 7 ildir ki, bir iranlı ilə evli idi. İranlı ilə boşanmaq istəsələr də, alınmırdı. Çünki o, ölkədə deyildi. Mən Leylaya kəbini pozmağa kömək etdim. Həmin şəxslə əlaqə saxladıq və o, söz verdi ki, ölkəyə qayıdacaq və rəsmi olaraq boşanacaq. Mən bu ailə ilə belə tanış oldum".

O, əlavə edib ki, hadisədən öncə taksi fəaliyyəti ilə məşğul olaraq müştəri apararkən Əzizə ona zəng edib: “Ağlayaraq bildirib ki, evdən mübahisə edərək çıxıb. Pulu olmadığı üçün taksi çağıra bilməyib. Dedim mənim müştərini apardığım yerə taksi sifariş ver, gəlim sizi götürüm. Onunla görüşəndə dedi ki, babası ilə mübahisə edib, rəfiqəsi Xədicənin evində qalmaq istəyir. Yolda dedilər ki, evdə yeməyə heç nə yoxdur. "McDonalds"a sürdüm. Onlar getdi, mən isə maşında gözlədim. Sonra Xədicə mənə yad kimi zəng edərək yüklərinin taksidə qaldığını söylədi. Anladım ki, Əli Seyidli yanlarındadır. Əli telefonu alıb xahiş etdi ki, göndərəcəyi ünvana yüklərini gətirim. Aparanda mənim yad taksi sürücüsü olmadığımı anladı və qısqanaraq məni təhqir etməyə başladı. Leylanın xahişinə görə kim olduğumu söyləmədim. Dedim səninlə görüşəcəm. Evə qayıdaraq olayı Bəxtiyara danışdım".

Təqsirləndirilən əlavə edib ki, onun bu cinayəti törətmək fikri olmayıb və ya sifariş almayıb: "Hadisə gününədək mən Əlini axtarmamışam. Onun evini tanıyırdım. Həmin gün - 2023-cü il martın 15-də Bəxtiyarı və Elvini götürüb Maştağaya Əli ilə söhbətə getdik. Elvini aparmayacaqdıq, amma dedi ki, sona qədər bizimlə olacaq. Mən də maska taxmışdım ki, tanınmayım. Niyyətim Əliyə üzr istətmək idi. O mənimlə pis danışdığı üçün özümü tanıtmadım. Mən də onunla o tonda danışdım. Əlində bıçaqla üstmə hücum çəkdi. Mən yardım çağırdım. Birinci bıçaq barmağıma girdi. Sonra əlindən almağa çalışarkən digər əlim də kəsildi. Uşaqlar da gəldi və biz əlbətaxa olmağa başladıq. Mən onun bıçağını götürərək ona vurdum. Elvin də maşındnan götürdüyü bıçaqla Əlini ayağından vurdu. Bəxtiyar isə bizi kənara çəkməyə çalışdı. Onun bu söhbətlə əlaqəsi olmayıb. Biz aralandıq, Əli də evə getdi. Bizim bir gün Əlinin öldüyündən xəbərimiz olmayıb. Səhəri günü Leyla ilə danışmaq istədim, cavab vermədi. Daha sonra dedi ki, Əli bıçaqla öldürülüb, onun da başı yasa qarışıb. Mən Əzizədən nə sifariş almışam, nə də onunla münasibətim olub. O mənim qızım kimi olub".

Hakimin Əli Seyidliyə 18 bıçaq zərbəsi vurulmsı barədə sualına cavab olaraq M.Məmmədov onlardan sadəcə, ikisini xatırladığını deyib.

Məhkəmə prosesi iyulun 1-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, hadisə keçən il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Chosen
2
4
apa.az

5Sources