EN

Azərbaycanda hansı ideyalar sərmayədarların diqqətindədir? - EKSPERT

Müasir dövrümüzdə bir çox sahələr inkişaf edir, yeni istiqamətlər yaranır və biznes bazarı genişlənir. Bir çox biznesmen, bu sahəyə marağı olan kəslər biznes dünyasına daxil olmaq, burada uğur qazanmaq istəyirlər. Məhz buna görə də tez-tez yeni ideyalarla, startaplarla qarşılaşırıq. Bəziləri öz ideyaları ilə bu dünyaya daxil olub yer edə bilərkən, bəziləri şanslarını dəfələrlə yoxlamalı olur. Maraqlıdır, hansı ideyalar bu gün sərmayədarların diqqətindədir?

Bu barədə Valyuta.az-a danışan biznes təlimçisi İlham Əfəndiyev bildirdi ki, hazırkı tendensiya göstərir ki, qlobal səviyyədə əsas sərmayələr məhz süni intellekt (AI) sahəsinə cəlb olunur: "Dünyanın aparıcı ölkələri – ABŞ, Çin və.s texnologiya sektoruna milyardlarla dollar dəyərində investisiya yatırır. Bu sərmayələr yalnız süni intellektin özünə deyil, onu dəstəkləyən çiplər və digər infrastruktur texnologiyalarına da yönəldilir. Təbii ki, süni intellektin müxtəlif ölkələrə inteqrasiyası və təsir gücü zaman tələb edir. Lakin artıq bu sahəyə qlobal maraq açıq şəkildə hiss olunur, texnoloji layihələrə ciddi dəstək göstərilir”.

Sərmayələrin növləri var

İ.Əfəndiyev deyir ki, növlərinə görə sərmayələr bir neçə yerə bölünür: “İlkin olaraq klassik sərmayələri göstərmək olar. Bu, ən geniş yayılmış investisiya növüdür. Sərmayəçilər burada daha çox stabil, lakin nisbətən aşağı gəlir gözləntiləri ilə hərəkət edirlər. Risk azdır, lakin qazanc da nisbidir. İkinci isə riskli sərayələrdir. Burada daha yüksək gəlir ümidi var, lakin eyni zamanda risk də nəzərəçarpacaq dərəcədə çoxdur. Bu tip sərmayələrdə risklər müəyyən edilə və qiymətləndirilə bilir. Üçüncü isə anlaşılmayan sərmayələrdir. Bu kateqoriyaya daxil olan layihələrdə nə gəlirin mənbəyi, nə də riskin səviyyəsi tam başa düşülür. Bu tip sərmayələr nisbətən azdır, lakin yenə də bazarda mövcuddur”. 

Azərbaycanda sərmayə qoymaq üçün maraqlı sahələr var

İ.Əfəndiyevin fikrincə, Azərbaycan bazarı startaplar üçün əhəmiyyətli imkanlara malikdir və niş seçiminə və layihənin təqdimatına düzgün yanaşma investisiya cəlb etməkdə uğuru təmin edə bilər: “İnvestorlar yalnız innovativ ideyaları deyil, həm də bazarın aktual ehtiyaclarına cavab verən, böyümə potensialı olan həlləri axtarırlar. Azərbaycanda da investisiyalar üçün prioritet istiqamətlər mövcuddur.

Aqrar texnologiyalar (AgriTech): Azərbaycan böyük potensiala malik aqrar ölkədir. Kənd təsərrüfatı proseslərinin avtomatlaşdırılması və optimallaşdırılmasına yönəlmiş həllər, məsələn, aqro-marketpleys platformaları, dəqiq əkinçilik sistemləri (dronlar vasitəsilə sahələrin monitorinqi, torpaq sensorları) və fermer təsərrüfatlarının idarə edilməsi üçün proqram təminatı böyük maraq kəsb edir. Bu texnologiyalar məhsuldarlığı artırır, xərcləri azaldır və logistikanı yaxşılaşdırır. 

İkinci elektron ticarət və son çatdırılma (Last Mile Logistics): Azərbaycanda onlayn alış-verişin artımı effektiv elektron ticarət və çatdırılma həllərinin inkişafını tələb edir. Yerli məhsullara və ya unikal mallara ixtisaslaşmış marketpleyslər, eləcə də sürətli və etibarlı logistikailə bağlı problemlərin mövcud olduğu bölgələrdə ekspress çatdırılma xidmətləri cəlbedicidir.

Üçüncü təhsil texnologiyaları (EdTech) və bacarıqların inkişafı platformaları: Azərbaycanda yeni biliklərə və tələb olunan bacarıqlara ehtiyac artır. İnvestorlar İT ixtisasları (proqramlaşdırma, veb-dizayn, kiber təhlükəsizlik) üzrə onlayn kurslara, yerli xüsusiyyətləri nəzərə alan xarici dil öyrənmə platformalarına və korporativ onlayn təlim həllərinə diqqət yetirirlər.

Maliyyə texnologiyaları və ödəniş həlləri: Nağdsız hesablaşmaların istifadəsinin artması ilə fintex startapları üçün geniş bir sahə qalmaqdadır. Buraya kiçik biznes üçün onlayn mikrokreditləşmə, B2B sektoru üçün mobil ödəniş həlləri və büdcənin və investisiyaların idarə edilməsini sadələşdirən şəxsi maliyyə köməkçiləri daxildir.

Yaşıl texnologiyalar və davamlı inkişaf: Ekoloji və davamlı inkişafda qlobal trend Azərbaycanda da öz əksini tapır. Tullantıların utilizasiyası və təkrar emalı, evlər və müəssisələr üçün enerjiyə qənaət edən həllərin hazırlanması, habelə ekoloji cəhətdən təmiz məhsulların istehsalı ilə bağlı layihələr investisiya üçün cəlbedicidir".

İnvestorlar nə axtarır?

Biznes konsultant son olaraq qeyd etdi ki, ideyanın özündən başqa, investorlar ilk növbədə bir neçə nüansa diqqət yetirirlər: "Birinci güclü komandadır. Uğurun əsas amili layihəni reallaşdıra biləcək səriştəli və ahəngdar bir komandadır. Bazarın dəqiq anlaşılmasına fikir verirlər. Startap öz hədəf auditoriyasını, rəqiblərini və dayanıqlı biznes modelini dərindən bildiyini nümayiş etdirməlidir. Genişlənmə imkanı varmı? İnvestorlar yalnız Bakıda deyil, bütün ölkə üzrə böyümə və genişlənmə, habelə beynəlxalq bazarlara çıxış potensialı olan layihələrdə maraqlıdırlar”.

Sərvanə Rəmixanova

Chosen
6
valyuta.az

1Sources