“Qlobal məkanda baş verən hadisələr təkcə ölkəmizin ümumi iqtisadiyyatına deyil, həm də daşınmaz əmlak bazarına birbaşa təsir göstərir. Məsələn, Rusiya-Ukrayna müharibəsi nəticəsində inşaat materiallarının qiymətində ciddi artım müşahidə olundu ki, bu da öz növbəsində daşınmaz əmlak bazarında bahalaşmaya səbəb oldu. Eyni təsirin İran və İsrail arasında baş verən son hərbi qarşıdurmadan sonra da müşahidə olunacağı gözlənilir”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib. Onun sözlərinə görə, bu təsir özünü yaxın zamanda göstərməyə başlayacaq:
“Artıq ölkəmizdə İran mənşəli məhsulların qiymətində artım müşahidə olunur. Bu, həm inşaat materiallarına, həm də ərzaq və qeyri-ərzaq mallarına aiddir. Bildiyiniz kimi, hazırda sərhədlər bağlı olsa da, İranla müəyyən ticarət dövriyyəsi davam edir. Lakin yaranacaq logistika və təchizat problemləri bu məhsulların sayında azalmaya, bəzilərinin idxalının isə müəyyən müddətlik dayanmasına gətirib çıxara bilər. Nəticədə bu da bazarda qiymətlərin artmasına səbəb olacaq. Bu isə bir daha göstərir ki, müharibənin fəsadları təkcə münaqişə tərəfi olan ölkələrlə məhdudlaşmır, həm də regionun digər ölkələrinin iqtisadiyyatına, o cümlədən Azərbaycana da təsirsiz ötüşmür. Eyni zamanda ehtimal var ki, Azərbaycanın daşınmaz əmlak bazarına müraciətlərin sayı artacaq – həm müvəqqəti, həm də daimi yaşayış məqsədilə... Xüsusilə də hazırda bağ mövsümünün başlanması bu tendensiyanı daha da gücləndirir”.
Ekspert vurğulayıb ki, bir çox vətəndaş yay aylarında istirahət üçün bağ evlərinə üz tutur:
“Özünə məxsus bağ evi olmayanlar isə kirayə evləri seçirlər ki, bu da hər il mövsümi qiymət artımına səbəb olur. Bu il də istisna deyil – artıq bağ evlərinin qiymətlərində artım müşahidə olunur. Bununla yanaşı, bazarda bağ evlərinə olan tələbat fonunda bu sahədə biznes yönümlü yanaşmalar formalaşmağa başlayıb. Yəni bağ evlərinin tikintisi artıb və onlar daha sistemli şəkildə – ya kirayə, ya da satış məqsədilə təklif olunur. Xüsusilə Abşeron yarımadasının dənizə yaxın kənd və qəsəbələrində bu proses daha aktiv şəkildə həyata keçirilir. Tələbatın yüksəlməsi isə qiymət artımını sürətləndirən əsas faktorlardan biridir.
Bundan başqa, qeyd etmək lazımdır ki, Azərbaycanın daşınmaz əmlak bazarında güneyli soydaşlarımızın da müəyyən payı var. Onların bir qismi Bakıda ev və ya obyekt sahibidir ki, bu da bazardakı hərəkətliliyi artıran əlavə bir amildir”.
V.Oruc qeyd edib ki, daşınmaz əmlak bazarında mənzilə tələbat daha çox artır:
“Çünki ev almaq üçün torpaq sahəsi lazımdır, lakin torpaq sahəsini xarici vətəndaşlar ala bilmirlər. Buna görə də, daha çox mənzillər üzrə alqı-satqı həyata keçirilir. İranın hazırkı təhlükəli yaşayış şəraitini nəzərə alan soydaşlarımızın müəyyən bir hissəsinin isə daha uyğun, daha yaxın və doğma saydıqları Azərbaycan daşınmaz əmlak bazarına üz tutacağı gözlənilir. Onlar həm kirayə məqsədilə, həm də daimi yaşamaq üçün bu bazara müraciət edəcəklər ki, bu da qiymətlərin növbəti mərhələdə artmasına təkan verəcək.
Eyni zamanda əmək bazarında ucuz işçi qüvvəsinin yaranması da mümkündür. Bu isə təbii olaraq Azərbaycan hökumətinin nəzarəti altında olmalı, əmək bazarına düzgün tənzimləmə tətbiq edilməlidir. Sərhədlərin qorunması və ölkəmizə gələn miqrantların, xüsusilə bizim doğma hesab etdiyimiz insanların təhlükəsizliyinin təmin olunması da prioritet məsələdir. Lakin dövlətimizin potensialı, iş imkanları və ölkədə yerləşdirilə biləcək qaçqın və köçkün sayının məhdudiyyətləri də diqqətlə nəzərdən keçirilməlidir”.
Mehin Mehmanqızı