Avrasiya regionunda gənc sahibkarlığı təşviq etmək və iqtisadi inkişafı dəstəkləmək məqsədilə Starbucks Fondu, Alshaya Qrupu və Habitat Assosiasiyası mühüm bir təşəbbüslə bir araya gələrək, “EmpowerMe: Gənclər Proqramı” çərçivəsində beynəlxalq sahibkarlıq proqramına start veriblər.
Dekabr ayında İstanbulda keçirilən “EmpowerMe: Youth Zirvəsi” ilə start götürən “EmpowerMe: Gənclər Proqramı” artıq ikinci – beynəlxalq mərhələsinə qədəm qoyur. Proqram “EmpowerMe: Sahibkarlıq” bölməsi vasitəsilə Avrasiya regionu üzrə gənc sahibkarlara çatmağı hədəfləyir.
Bu iddialı təşəbbüs gənc sahibkarları və erkən mərhələdə olan startapları öz biznes ideyalarını uğurlu layihələrə çevirmək üçün zəruri bacarıqlar, mentorluq və investisiya imkanları ilə təmin etməyi qarşısına məqsəd qoyur. Təlim proqramları, sahə üzrə ekspertlərlə mentorluq, investorlarla tanışlıq və beynəlxalq akselerasiya proqramlarının vəhdəti sayəsində bu təşəbbüs dayanıqlı biznes inkişafını dəstəkləyən güclü bir ekosistem yaradacaq. Şəbəkələşmə və əməkdaşlığa xüsusi önəm verən proqram, gənc sahibkarları regional iqtisadi inkişafın mərkəzinə gətirərək, onları innovasiya və uzunmüddətli iqtisadi təsirin aparıcı qüvvəsinə çevirməyi hədəfləyir.
EmpowerMe: İnkişaf edən Avrasiya İqtisadiyyatının hərəkətverici qüvvəsi kimi Gənc Sahibkarları Dəstəkləyən Gənclər Proqramı
“Starbucks Foundation” və “Alshaya Group”un dəstəyi ilə “EmpowerMe: Gənclik Proqramı”nın sahibkarlıq seqmenti Habitat Dərnəyi tərəfindən 15-30 yaş arası gənc sahibkarları hədəf alaraq Türkiyə, Azərbaycan və Qazaxıstanda həyata keçiriləcək. Proqram üç il ərzində 240-dan çox startapı və 720-dən çox gənc sahibkarı əhatə edəcək, onları bizneslərini qurmaq, genişləndirmək üçün əsas bacarıq və resurslarla təchiz edəcək. Bu təşəbbüs transsərhəd əməkdaşlığı, şəbəkələşməni və investor əlaqələrini inkişaf etdirməklə Avrasiyada gənc innovatorların inkişaf edəcəyi və regional iqtisadi artıma töhfə verə biləcəyi davamlı sahibkarlıq ekosistemi yaratmaq məqsədi daşıyır.
Azərbaycanın müxtəlif bölgələrindən gələn gənc və iddialı sahibkarların iştirakı ilə aprelin 4-də başlayan “EmpowerMe: Gənclər üçün Sahibkarlıq Bootcampı” Azərbaycanda uğurla başa çatıb. Erkən mərhələdə və ideya mərhələsində olan startaplar üçün xüsusi olaraq hazırlanmış bu yeddi günlük intensiv sahibkarlıq düşərgəsi onlayn formatda keçirilib və çoxsaylı müraciət alıb. Proqrama, ümumilikdə, 58 startap və 192 gənc sahibkar qatılıb. Onlar biznes dünyasına hazırlıq məqsədilə keçirilən 50 saatlıq təlimlər vasitəsilə dəyərli biliklər və praktiki bacarıqlar əldə ediblər.
Proqram müddətində iştirakçılar sahə üzrə ekspertlərdən mentorluq alaraq biznes modelinin hazırlanması, əqli mülkiyyət hüquqları, investorlarla münasibətlər və effektiv təqdimat bacarıqları kimi əsas mövzuları əhatə edən sessiyalarda fəal iştirak ediblər. “Bootcamp”ın sonunda seçilmiş komandalar öz layihələrini sahibkarlıq ekosisteminin aparıcı mütəxəssislərindən ibarət münsiflər heyətinə təqdim ediblər. Nəticədə, beş komanda növbəti beynəlxalq akselerasiya proqramında iştirak hüququ qazanıb.
Seçilmiş beş startap korporativ hədiyyə və tədbir idarəçiliyi, rəqəmsal yemək kartı sistemləri, təqdimat və məzmun yaradılması texnologiyaları, onlayn toy və tədbir planlaşdırma alətləri, həmçinin uşaqlar üçün rəqəmsal təhlükəsizlik və qoruma texnologiyaları kimi sahələrdə innovativ həlləri ilə fərqləniblər. Bu layihələr yalnızca biznes dünyasının artan rəqəmsal ehtiyaclarına cavab vermir, həm də sosial təsir baxımından əhəmiyyətli həllər təqdim edir.
İki aylıq beynəlxalq akselerasiya proqramına vəsiqə qazanan bu komandalar fərdi mentorluq dəstəyi alacaq, biznes modellərini gücləndirəcək, inkişaf strategiyaları hazırlayacaq və investor şəbəkələrinə çıxış imkanı əldə edəcəklər. Bu müddət ərzində onlar öz startaplarını növbəti mərhələyə daşımaq imkanı qazanacaqlar.
Akselerasiya proqramı Türkiyədə keçiriləcək Demo Day ilə yekunlaşacaq. Burada innovativlik, genişlənmə potensialı və bazar imkanları baxımından seçilən ilk üç startap layihəsinə onların inkişafını sürətləndirmək üçün əhəmiyyətli qrant dəstəyi təqdim olunacaq. Bu son mərhələ yalnız gənc sahibkarların uğurlarını qeyd etməklə kifayətlənməyəcək, eyni zamanda, perspektivli startaplarla təsirli investorlar arasında birbaşa əlaqə yaradaraq proqramın təsirini uzunmüddətli və davamlı edəcək.
"Alshaya Group Starbucks” Avrasiya olaraq məqsədimiz gənclərin arzularını gerçəkləşdirə biləcəkləri güclü bir ekosistem yaratmaqdır", – deyən “Starbucks”ın Türkiyə, Azərbaycan və Qazaxıstan üzrə vitse-prezidenti Figen Ilgaz bildirib: "Habitat Assosiasiyası ilə birlikdə həyata keçirdiyimiz “EmpowerMe: Gənclər Proqramı” çərçivəsində biz gənc yenilikçilərin ideyalarını beynəlxalq miqyasda inkişaf etdirmələrinə, investorlarla əlaqə quraraq öz potensiallarını reallaşdırmalarına dəstək veririk. Onların yaradıcılığı və təşəbbüskarlığı bizim dayanıqlı gələcəyə olan inamımızı artırır".
Sərhədləri aşaraq gənc liderləri gücləndirmək
Proqramın uzunmüddətli hədəfi dayanıqlı və ölkələrarası sahibkarlıq ekosisteminin formalaşdırılmasıdır. Üç il ərzində “EmpowerMe: Gənclər Proqramı” Avrasiya regionunda 240-dan çox startapa birbaşa dəstək göstərəcək və 720-dən çox gənc innovatoru əhatə edəcək.
"Gənclərə öz potensiallarını kəşf etmək üçün imkanlar yaratmaq daha dayanıqlı gələcək qurmağın ən güclü yollarından biridir", – deyə Habitat Assosiasiyasının İcra Komitəsinin sədri Bora Çaldı bildirib.
O deyib: "Bu proqram onlara sadəcə biznes qurmaq deyil, həm də cəmiyyətlərində real dəyişikliklərə imza ata biləcək liderlər kimi inkişaf etməyə güc verir. Gənclərin dəstəklənməsi seçim deyil – bu, daha parlaq bir gələcək üçün zərurətdir".
Əlaqə üçün:
Gülseren Ayaz