ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
"Amazon" şirkətinin rəhbəri milyarder Ceff Bezos və televiziya aparıcısı Loren Sançesin Venesiyada keçirilməsi planlaşdırılan toy mərasimindən az əvvəl yerli sakinlər şəhərin tarixi mərkəzində belə tədbirlərin keçirilməsinə qarşı sərt etirazlarını bildiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Cut" nəşri məlumat yayıb.
Ötən həftəsonu Venesiyanın müxtəlif yerlərində "Bezos üçün yer yoxdur" ("No room for Bezos”) yazılmış plakatlar və milyarderin adının üstündən xətt çəkilmiş bannerlər yerləşdirilib. Belə afişalardan biri Rialto körpüsündə, digəri isə San-Corco-Madcore kilsəsinin qülləsində nümayiş olunub. Etirazların yalnız bu konkret mərasimi deyil, bütövlükdə mədəni irsin kommersiyalaşdırılması tendensiyasını hədəf aldığı bildirilir.
Aksiyanın təşkilatçısı Federika Toninello fəalların fəal müqavimətə hazır olduqlarını bildirib. Onların planlarına ehtimal olunan məkanlara girişin qayıqlar, xilasedici jiletlər və digər vasitələrlə bloklanması daxildir.
Buna baxmayaraq, yerli hakimiyyət orqanları tədbirin iqtisadi cəhətdən cəlbedici olduğunu vurğulayır. Venesiya şəhər şurasının rəhbəri Morris Keron qeyd edib ki, toy mərasiminin təşkili məsələsi "Dolce & Gabbana" moda evinin müraciətindən sonra bələdiyyə səviyyəsində müzakirəyə çıxarılıb. Venesiyanın meri Luisi Bruqnaro isə bildirib ki, şəhər bu tədbiri qəbul etmək hüququ uğrunda aparılan rəqabətdə qalib gəlib.
Venesiyada xarici turistlərin toy mərasimləri mütəmadi keçirilsə də, bu dəfə Ceff Bezosun mərasiminə göstərilən xüsusi diqqət onun miqyası ilə izah olunur - yüzlərlə qonağın, o cümlədən ulduzların və beynəlxalq biznes nümayəndələrinin gələcəyi gözlənilir. Tədbirin ümumi dəyərinin isə 10 milyon ABŞ dollarını keçə biləcəyi qeyd olunur.
Protest hərəkatının nümayəndələri bildirirlər ki, Venesiya "oliqarxlar üçün dekorasiya”ya çevrilməməlidir.
"10 milyon dollarlıq toyu pozmaq şansımız var - gəlin bunu edək", deyə fəal Stella Fey bəyan edib.
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.