BAKI, 17 iyun. TELEQRAF
2019-cu ildən bəri Türkiyə İrandan neft almır. İrandan qaz tədarükümüzdə isə problem yoxdur.
Teleqraf xəbər verir ki, bu fikirləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İranla İsrail arasında baş verən qarşıdurmanın neftin təchizatına mənfi təsir göstərə biləcəyi ilə bağlı jurnalistlərə açıqlamasında səsləndirib.
Neft qiymətlərində artım müşahidə edildiyinə diqqət çəkən Bayraktar bildirib ki, dünya üzrə təchizatla bağlı mənfi hal yarana bilər:
“Qiymətlərə bu dərhal əks olunur. Bir qədər yüksəlib. Daha da arta bilərmi? Bəli, mümkündür. Amma təchizat baxımından biz ciddi problem görmürük. Hazırda Bəsrədən çıxaraq Hörmüz boğazından keçib Türkiyəyə gələn xam neft təchizatı mövcuddur. Bu da ötənilki göstəricilərə əsasən, ümumi təchizatın təxminən 20 faizini təşkil edir. Biz bunu müəyyən yollarla əvəzləməliyik.”
Nazir əlavə edib ki, ölkənin Qabar bölgəsindən çıxarılan neft Türkiyənin tələbatının 8 faizini ödəyir:
“Əsas təsir idxal xərclərinin makro səviyyədə artması ola bilər. Qiyməti 60 dollar olan neft hazırda 76 dollara yüksəlib. Bu, təbii qaz qiymətlərinə də təsir edə bilər. Qazın qiyməti də arta bilər. Lakin biz təchizat təhlükəsizliyində problem görmürük. İrandan qaz alırıq, neft almırıq. Qazla bağlı da hər hansı risk yoxdur.”