EN

“Mançester Siti” güclənir: artıq üç transfer var

Qvardiola klublarası dünya çempionatını qazanmaq istəyir?

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” “Lion”un 21 yaşlı vingeri Rayan Şerkini “rənglərinə bağlayıb”. Bu, yaydakı üçüncü transferdi. Belə görünür ki, Pep Qvardiola klublararası dünya çempionatının qalibi olmağı ciddi şəkildə düşünür.

Şerki kimdi?
Adı çəkilən vinger “Lion”un yetirməsidi. Yaşına baxmayaraq, Rayan artıq yetərincə təcrübəlidi. O, “şirlər”in heyətində 16 yaşında debüt edib, indiyə qədər Liqa 1-də 100-dən artıq oyun keçirib. Şerki avrokuboklarda oynayıb, yaxınlarda Fransa yığmasında debüt edib və qol hesabını açıb, həmçinin dəfələrlə top-klubların maraq dairəsinə düşüb. “The Athletic”in yazdığına görə, sövdələşmənin dəyəri 40 milyon avroya yaxındı, müqavilə 5 il üçün nəzərdə tutulub. Şerki Fransa futbolunun yeni nəslinin ən texnikalı və məhsuldar təmsilçilərindən biri sayılır. Son mövsümdə bütün turnirlər çərçivəsində keçirdiyi 44 oyunda 12 qol vurub və 20 məhsuldar ötürmə verib.

Vinger “Siti”də üç mövqedə - sol cinahda, hücumçuların arxasında və hətta “yalançı” 9 nömrə kimi oynaya bilər. Sıx təqvim şəraitində əla transferdi.

Titul dalınca gedirlər?
“Siti” Şerkiyə qədər “Milan”dan yarımmüdafiəçi Ticani Reyndersin (54 milyon avro) və “Vulverhempton”dan müdafiəçi Rayan Ait-Nurinin (40 milyon avro) də transferini həll edib. Fransalının da transferindən sonra “şəhərlilər”in iki həftə ərzində ümumi xərcləri 100 milyon avronu ötüb. Klubun qarşıdakı günlərdə bu üç transferi rəsmi şəkildə ictimaiyyətə açıqlayacağı gözlənilir.

Bəs belə bədxərclik və tələsiklik nədən irəli gəlir? Bu sualın cavabı aydındı: iyunun 15-də klublarası dünya çempionatı start götürür. Bir çox başqa top-klubla yanaşı, “Siti” də iştirakçılar arasındadı. “Şəhərlilər” mübarizəyə iyunun 18-də - Mərakeş “Vidad”ına qarşı oyun ilə başlayacaq. Heyət nə qədər geniş olsa, bir o qədər yaxşıdı.

Bundan başqa, açıq-aşkar uğursuz mövsümdən sonra (xatırladaq ki, “Mançester Siti” son illərdə ilk dəfə titulsuz qalıb) klublarası dünya çempionatı Qvardiola üçün xilas yolu kimi görünür. Turnir bu il yenilənmiş format üzrə keçiriləcək – burda qələbə əvvəlki illərlə müqayisədə daha dəyərli olacaq.

Chosen
10
football-plus.az

1Sources