EN

Vitse-spiker: "Bu müharibədə gizli məqamlar var, Çini küncə sıxışdırmaq, Rusiyanı isə..."

Qonşuluğumuzda müharibənin alovlanması pis haldır. Azərbaycan bu mühitdə sabitlik adasıdır. Bizim üçün ən başlıcası milli dövlət maraqlarımızın qorunması, yeni milli ideyamızın həyata keçirilməsi, bizi hansı qütbdən olursa-olsun təhdid edənlərin və təhdid etməyə çalışanların daim zəifləməsi, böyük güclərlə düşmənçilik şəraitində yaşaması, düşdükləri bataqlıqdan çıxa bilməmələri, başlarının özlərinə qarışması və bizə möhtac olmalarıdır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, AMEA-nın müxbir üzvü Musa Qasımlı İran-İsrail müharibəsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, yaranmış şəraiti düzgün qiymətləndirməkdən ötrü bəzi məsələlərin dərindən təhlilinə ehtiyac var: “Qarşımızdakı tabloya diqqətlə baxmaq, ilk nəzərdə görünməyən, gizli qalan və əslində mühüm əhəmiyyət daşıyan bütün cizgiləri görmək zəruridir. Baş verənlər göründüyü qədər sadə deyil, dünya daha böyük müharibənin astanasındadır. Hər şey dövlətlərin bundan sonrakı davranışlarından asılıdır.

Müharibəni başlayan tərəf heç vaxt qısa və uzunmüddətli planlama aparmadan addım atmır. Tarix boyu müharibəyə xərc çəkən dövlət başqalarının yox, məhz özünün maraqlarını güdür. Xərclədiyini, itirdiyini sonradan artıqlaması ilə götürür, məğlub etdiyi ölkədə rejimi dəyişir, təbii sərvətlərini ələ keçirməkdən, “almanı bütöv yeməkdən” ötrü onu etnik əlamətlərə görə parçalayır.

Baş verənlər bir neçə on il əvvəl planlaşdırılmış “Böyük Orta Doğu layihəsi”nin həyata keçirilməsi deyilmi? Bu layihənin məzmunun diqqət yetirmək lazımdır. Hadisələr coğrafiyanın yenidən cızılmasına, yeni zəif bir dövlətin yaradılmasına gətirib çıxarmayacaqmı? Bəs onun nəticələri necə ola bilər?

Apardığı müharibədə cənubdan silah alan şimal qonşumuzun xarici təminatdan məhrum edilərək məğlubiyyətə uğradılması, Yaxın və Orta Şərqdən tamamilə sıxışdırılıb çıxarılması məqsədi daşımırmı?

Bu, eyni zamanda cənub qonşumuzla geniş iqtisadi, enerji əlaqələri olan Çinin küncə sıxışdırılması niyyəti güdmürmü? Müharibəni körükləyən amillər çoxdur”.

Musa Qasımlı xatırladıb ki, 1978-1979-cu illərdə İranda İslam inqilabından sonra qurulan yeni rejim ABŞ, SSRİ və İsraili “üç şeytan” elan etdi:

“Şeytan elan edilməsinə baxmayaraq, cənub sərhədlərindən ABŞ-nin və İsrailin qovulmasından məmnun qalan SSRİ yeni rejimlə əməkdaşlıq etdi. Çünki keçmiş Sovet İttifaqı ABŞ-nin yerləşdiyi İranla deyil, zəif İranla qonşu olurdu.

İran neftinin 40 faizində payı olan ABŞ-nin bu ölkədən vurulub çıxarılması onu əlverişsiz şəraitə saldı. NATO-da müttəfiqi olmasına baxmayaraq, inqilabdan əvvəl Türkiyəyə çox diqqət yetirməyən ABŞ inqilabdan sonra Türkiyəyə daha çox möhtac oldu.

Türkiyə isə özünün milli maraqlarını əsas götürərək İranın işlərinə müdaxilə etmədi. Çünki qonşuluğunda Qərblə düşmən olan zəif bir rejim qurulmuşdu. Onun yenidən nə zaman güclənəcəyi bəlli deyildi.

1980-ci il 12 sentyabrda Türkiyədə hərbçilər çevriliş etdilər. Kənan Evren hakimiyyətə gəldi. Ofisi ABŞ-də yerləşən Dünya Bankında işləmiş Turqut Özal bir müddət sonra Baş nazir seçildi. ABŞ-nin Yaxın, Orta Şərq siyasətində Türkiyənin rolu artmağa başladı.

İndi situasiyanın kökündən dəyişilməsi ehtimalı var. Bu halda bölgədə hansı vəziyyət yaranacaq? Bütün bu suallara cavab tapmaq lazımdır”.

Chosen
3
teleqraf.com

1Sources