EN

Azərbaycanda reanimasiyalar: "Yeri ayır, xəstəni uzat ora - bununla iş bitmir" - MÜSAHİBƏ

BAKI, 17 iyun. TELEQRAF

Reanimasiyalarda yer çatışmazlığı son illərin aktual problemlərindəndir. Əhali mütəmadi olaraq reanimasiyalarda yer olmadığından, xəstələrin təcili yardımda “qapı-qapı gəzdirildiyindən” şikayətlənir.

Hazırda reanimasiyalarda vəziyyət necədir, hansı problem var? Reanimasiya işi necə təşkil edilir? Azərbaycanda reanimasiyaların mövcud vəziyyəti dünya standartlarına uyğundurmu?

Teleqraf İnformasiya Agentliyi bu suallara cavab tapmaq üçün Yeni Klinikanın Reanimasiya və anesteziologiya şöbəsinin müdiri, həkim Emil Qasımovla müsahibə edib.

Reanimasiyanın əsası süni tənəffüs aparatlarından istifadə ilə qoyulub

- Emil bəy, əvvəlcə ixtisasın adından başlayaq. Reanimasiya və anesteziologiya eyni ixtisasdır, yoxsa fərqləri var?

- Əslində, anesteziologiya daha qədim ixtisasdır. Modern anesteziologiyanın əsası 19-cu əsrdə qoyulub. Reanimasiya isə ondan təxminən bir əsr sonra – 20-ci əsrin 50-ci illərində yaranıb.

Dünyada Poliomielit pandemiyası zamanı Amerikada süni tənəffüs aparatlarına ehtiyac yaranıb. İlk dəfə Amerikada, sonra isə Danimarkada bir xəstəxanada süni tənəffüs aparatlarından istifadə edilib. Reanimasiyanın əsası süni tənəffüs aparatlarından istifadə ilə qoyulub. 20-ci əsrin 50-ci illərindən reanimasiya və intensiv terapiya şöbələri yaranandan buradakı iş yükü anestezioloqların üstünə düşüb. Çünki anesteziologiyadakı müdaxilələr reanimasiyadakı ilə bənzərdir. Sadəcə bəzi fərqli yanaşmalar var.

- Bəs fərqlər nələrdir?

- Belə deyək, anestezioloqun işi əməliyyat sırasında xəstəni ağrısızlaşdırmaq, yatırtmaq, süni koma halına salmaqdır. Bu, qısamüddətli davam edir. Reanimasiyada isə bütün bu müdaxilələr daha uzunmüddətli tətbiq edilir. Məsələn, pnevmoniyalı xəstənin reanimasiyada müalicəsinə ehtiyac varsa, bu, bir həftə, on gün çəkə bilir. Yəni, anestezioloqun işi əməliyyatxanada beş-altı saat, on saatdırsa, reanimatoloqun işi daha uzundur.

Baxış bucağı, yanaşma, müdaxilələr isə hər ikisində eynidir. Ona görə də, son illərə qədər dünyada anestezioloq-reanimatoloq ixtisası bir yerdə idi.

İndi bəzi ölkələrdə reanimatoloq ayrıca ixtisas kimi anesteziologiyadan ayrılıb. Bəzi ölkələrdə də artıq üst ixtisas hesab olunmağa başlayıb. Yəni, fərqli ixtisas sahibləri üstixtisas oxumaqla reanimasiya şöbələrində işləməyə başlayıblar. Məsələn, pulmanoloqlar (ağciyər xəstəlikləri mütəxəssisləri), terapevtlər, infektsionistlər və s.

Reanimasiya və anesteziologiya eyni ixtisasdır

- Azərbaycanda necədir? Bu ixtisaslar bir-birindən ayrıdır, ya necə?

- Hazırda bizdə reanimasiyalarda işləyən mütəxəssislər anestezioloq-reanimatoloqlardır. Yəni, bizdə bir ixtisasdır.

- Bu ixtisas üçün rezidentura təhsili tələb olunurmu?

- Bəli, rezidentura təhsili tələb olunur. Tibb Universitetini bitirdikdən sonra imtahanla rezidenturaya qəbul olurlar. Üç illik təhsildən sonra bu ixtisasa yiyələnirlər.

- Bəs anestezioloq və reanimatoloqun işi harada, necə ayrılır?

- Bu, bir komanda işidir. “Sən anestezioloqsan, sən reanimatoloqsan” kimi bir ayrılıq yoxdur. Bu ixtisas sahibləri həm əməliyyata girir (anestezioloq kimi), həm də reanimasiyada (reanimatoloq kimi) işləyirlər. Bəzi ölkələrdə, dediyim kimi, bu ixtisaslar ayrılır. Məsələn, İspaniyada reanimatoloq ayrıca ixtisasdır. Türkiyədə isə üstixtisasdır.

Rezidenturadan əvvəl vəziyyət o qədər də ürəkaçan deyildi

- Doktor, rezidentura sistemindən əvvəl bu ixtisasla bağlı bizdə vəziyyət necə idi?

- Məncə, rezidenturadan əvvəl vəziyyət o qədər də düzgün deyildi. Bizdə rezidentura sisteminin tətbiqi olduqca təqdirəlayiq haldır. Çünki bu dünya praktikası ilə ayaqlaşmaq deməkdir. Rezidenturadan əvvəl universiteti bitirdikdən sonra bir il bu ixtisas üzrə interna keçib işləyə bilirdin. Bir il ərzində isə bu ixtisas üzrə təcrübəyə sahib olmaq mümkün deyil.

İcbari Tibbi Sığortadan əvvəl reanimasiyalarda xəstəyə baxmaq baha başa gəlirdi

- Sizcə, Azərbaycanda rezidentura təhsili almaqla yaxşı anesteziloq-reanimatoq kimi yetişmək mümkündür? Yoxsa mütləq xaricdə təhsil-təcrübə olmalıdır?

- İcbari Tibbi Sığorta və TƏBİB-in fəaliyyəti ilə, əslində, tibbi təhsil, xüsusən də, bakalavrdan sonrakı rezidentura təhsilində ciddi irəliləyiş var. Xəstəxanalar təşkil olunub, artıq sığorta sistemi var, xəstələr sığorta ilə xəstəxanalara cəlb olunduğu üçün xəstə sayında artım var.

Sığortadan öncə reanimasiyada uzun müddət xəstə baxmaq çox çətin idi. Söhbət özəl xəstəxanalardan gedir. Çünki xərc baxımından bu, çox baha başa gəlirdi. Dövlət xəstəxanalarında isə dərman və tibbi avadanlıqlar, təchizat problemləri vardı. Artıq bu problemlər böyük ölçüdə həll olunub. Bu baxımdan rezidentlərin Azərbaycanda təhsil səviyyəsi artıb. Məsələn, Yeni Klinikada mənim yanımda rezidentlər var. Düzdür, sayları çox azdır, amma onlar ən azı, Türkiyədəki qədər hazırlıqlıdırlar.

Anestezioloq-reanimatoloq ixtisası üzrə rezident sayı çox azdır

- Neçə nəfər rezidentiniz var?

- Üç nəfər. Amma bu say olduqca azdır. Təsəvvür edin, mən Türkiyədə İstanbul Universitetinin tibb fakültəsində rezidentura oxumuşam. Orada bu ixtisas üzrə 70-ə yaxın rezident vardı.

- Bizdə niyə say bu qədər azdır?

- İxtisas çətin olduğu üçün müraciət edənlər azdır. Bayaqkı suala qayıtsaq, demək istərdim ki, bizdə də rezidentlərin səviyyəsi ən azı Türkiyədəki qədərdir. Təbii ki, rezidentin öz üzərində işləməsindən də çox şey asılıdır. Yəni, Azərbaycanda artıq rezidentura oxumaqla yaxşı mütəxəssis kimi yetişmək mümkündür. Yenə təkrarlayıram, sığorta sisteminə keçidlə xəstə sayının artımı, xəstəxanalarda təchizat səviyyəsinin yüksəlməsi kimi faktorların da böyük rolu var. Artıq tək Bakıda yox, regionlarda da bu işlər aparılır.

Xəstəxanada çarpayı sayının on-on beş faizi qədər reanimasiya yeri olmalıdır

- Doktor, xəstəxanada neçə reanimasiya şöbəsi olmalıdır?

- Bu, ümumi çarpayı sayına əsasən müəyyən edilir. Xəstəxananın çarpayı sayının orta hesabla, on-on beş faizi qədər reanimasiya yeri olmalıdır. Yəni, 500 çarpayılı xəstəxanada təxminən, əlli reanimasiya yeri olmalıdır. Reanimasiyalar özləri də bölünür: cərrahi reanimasiyalar və medikal reanimasiyalar.

Medikal reanimasiyalarda qeyri-cərrahi xəstələr müalicə edilir. Məsələn, işemik, hemorragik insult xəstələri, sepsislər, septik şoklar, ağciyərlərin xroniki abstruktiv xəstəliklərinin kəskinləşməsi, böyrək, qaraciyər çatışmazlığı olan xəstələr. Bundan başqa, koronar reanimasiyalar – kardioloji xəstələrin yatdığı reanimasiyalar var. Uşaq reanimasiyaları var. Bütün dünyada olduğu kimi ölkəmizdə də uşaq reanimasiyaları artıq ayrılıb.

Adi tibb bacıları reanimasiyada işləyə bilmir

- Doktor, əhali həmişə reanimasiya problemindən narazılıq edir. Reanimasiyalarda yer tapmaq olmur. Xəstə təcili yardımda “qapı-qapı gəzdirilir”. Bu haqda nə deyə bilərsiniz? Sizcə, bizdə reanimasiya sayı xəstə sayını ödəyirmi?

- Təbii ki, bu arzuolunmaz haldır. Heç kim bunun belə olmasını istəməz. Reanimasiya şöbəsinin qurulması elə də asan məsələ deyil. Bu, bir komanda işidir. Bunun logistikası, təchizatı, təhsilli mütəxəssisləri olmalıdır. Bu baxımdan, təbii ki, vaxt lazımdır. Bu yöndə işlər gedir.

Hazırda TƏBİB və bizim icraçı direktorumuz tərəfindən bununla bağlı müvafiq tapşırıqlar verilib. Bildiyim qədərilə, artıq iki aya yaxındır ki, Bakı və Sumqayıtda bəzi xəstəxanalarda reanimasiya yerlərinin sayı artırılıb. Bilirsiniz, reanimasiya yeri artırmaq elə də asan məsələ deyil. Hər palatanı, hər yeri reanimasiyaya çevirmək mümkün deyil. Çünki oksigen mərkəzi sistemi çəkilməlidir, havalanma qurulmalıdır. Yəni, reanimasiya yerləri əvvəldən – xəstəxana tikiləndə qurulmalıdır. Sonradan quraşdırmaq, yaratmaq çox çətin məsələdir.

Əlbəttə ki, söhbət əsl, qaydalara uyğun reanimasiya şöbələrindən gedir. Bir də, təkcə xəstəxanalarda reanimasiya yerlərini artırmaqla məsələ həll olunmur. Xidmət də önəmlidir. Yeri ayır, xəstəni uzat ora – bununla iş bitmir. Məsələn, burada xüsusi tibb bacılarına ehtiyac var. Reanimasiyalarda ali tibb bacıları olmalıdır. Adi tibb bacıları reanimasiyalarda işləyə bilmirlər, bacarmırlar. Xəstə baxıcısı, sanitar – bunların hamısını təşkil etmək lazımdır. Yəni, dediyim kimi, yer ayırmaqla iş bitmir.

Reanimasiyalarda tibb bacısı çatışmazlığı var

- Tibb bacılarından söz düşmüşkən, reanimasiyalarda tibb bacıları ilə bağlı vəziyyət nə yerdədir?

- Təəssüf ki, bu sahədə bir xeyli problemlərimiz var. Tibb bacıları ilə bağlı ciddi çatışmazlıq var və bu yöndə çox çətinlik çəkirik. Bizim dünya ölkələrindən bu sahədə nə kimi çatışmazlığımız var soruşsanız, mən məhz tibb bacısı çatışmazlığını deyərdim. Tibb Universitetinin tibb bacısı ixtisaı üzrə ilk buraxılışı ötən il oldu. Düzdür, oradan məzun olanların da sayı o qədər çox deyil., amma onlar artıq xəstəxanalara yerləşdiriliblər. Bizim xəstəxanamızda da o məzunlardan var.

- Doktor, bəs reanimasiyada işləmək üçün tibb bacıları hansı kriteriyalarla seçilir, burada hansı tibb bacıları işləyə bilər?

- Reanimasiya ağır işdir. Bütün dünyada burada işləyən tibb bacılarının daha gənc olmasına üstünlük verilir. İş ağırdır, gecə növbələri var – fiziki cəhətdən buna dözmək üçün gənclərə üstünlük verilir. Amma təbii ki, təcrübəli tibb bacıları da olmalıdır. Biz reanimasiya üçün tibb bacıları seçəndə sorğu-sual edirik, bazal tibbi bilikləri ilə yanaşı mental durumunu da qiymətləndiririk. Psixoloji cəhətdən də bu iş olduqca çətin işdir. Yeni seçilən tibb bacıları birbaşa xəstənin yanına göndərilmir. Onlar bir müddət daha təcrübəli tibb bacılarının yanında çalışır, öyrənirlər. Bu tibb bacılarının hamısı da reanimasiyada qalmır. Biz onların içindən bu işə yarayanları seçirik, digərlərini başqa şöbələrə yönləndiririk. Yəni çox çətin prosesdir. Maaş da digər tibb bacılarına görə nisbətən yüksəkdir. Bəzən bu da tibb bacıları üçün reanimasiyada işləməyə stimul ola bilir.

- Tibb bacıları ilə bağlı vəziyyət aydındır, doktor, bəs bizdə anestezioloq-reanimatoloq həkim sayı ehtiyacı ödəyirmi? Çünki bayaq qeyd etdiniz ki, bu ixtisası seçənlərin sayı azdır.

- Düzünü desəm, bu statistika məndə yoxdur. İxtisası seçənlərin sayı, bəli, son illər azalıb. Məncə, hazırda say yetərlidir. Çünki pandemiya dövründə belə bir sıxıntı yaşamadıq. Hazırda həkim problemi yoxdur, amma mən gələcəklə bağlı narahatam. Çünki on il bundan əvvəl bu ixtisası seçən rezident sayı daha çox idi. Getdikcə say azalmaqdadır. Gələcəkdə necə olacaq, bilmirəm. Son illərdə xaricə meyllənənlərin də sayı artmaqdadır.

Beynəlxalq tibbi standartlar dilimizə tərcümə edilir

- Doktor, bəs sizin sahəniz üzrə klinik protokollar mövcuddur?

- Bəli, klinik protokollar var. Bir neçə ildir ki, beynəlxalq standartların da Azərbaycan dilinə tərcüməsi üzərində iş gedir. Bu işlə TƏBİB məşğuldur. Artıq bir neçəsi hazırdır və təsdiqə gedib. Təsdiq edildikdən sonra xəstəxanalara paylanılacaq. Artıq bu standartlarla bağlı təlimlər də başlayıb. Məsələn, keçən həftə bizim xəstəxanada ölkə reanimatoloq-anestezioloqlarının iştirakı ilə TƏBİB rəhbərliyi tərəfindən təlim keçirilib. Bu həftə də Neftçilər xəstəxanasında təlim olacaq.

- Bəzən xəstələr əməliyyatdan çıxa bilmir, reanimasiyada ölüm halları baş verir. Bir az da bundan danışaq. Bu ölüm hallarında anestezioloqun məsuliyyəti nə qədərdir?

- Bu məsələdə ağırlaşma və malpraktis halları mövcuddur. Ağırlaşma ola biləcək bir şeydir, malpraktis isə həkimin qərarlarına əsasən baş verən hallardır. Anestezioloqa bağlı ölüm halları da ola bilər. Çünki anesteziologiya çətin və riskli işdir. Praktikada malpraktis çox rastlanmasa da, ağırlaşmalar ola bilir. Xəstə əməliyyatdan öncə dəyərləndirilir. Biz xəstəni müayinə etməklə əməliyyata hazır olub-olmadığını müəyyənləşdiririk. Xəstənin risk dəyərləndirilməsi aparıldıqdan sonra qərar verilir. Risklər müəyyənləşdirildikdən sonra hazırlıq görülür, xəstəyə, yaxınlarına məlumat verilir.
Bütün bu proseslərdə hansısa problem olarsa, xəstə ölümü baş verə bilər. Bunun da subyektiv və obyektiv səbəbləri var. Təbii ki, heç bir həkim xəstəsinin ölümünü istəməz. Bu bir az da təhsilə, təchizata bağlı məsələdir. Bu problemlərin də aradan qaldırılması istiqamətində işlər aparılır.
Bir məsələni də qeyd etmək istərdim, son dövrlərdə ölkəmizdə tibbi cəmiyyətlərin də fəaliyyəti aktivləşməkdədir. Bilirsiniz ki, dünyada tibbi dərnəklər, cəmiyyətlər mühüm rola malikdir. Bizdə də son üç ildir ki, anesteziologiya və reanimatologiya cəmiyyəti (AZRAC) fəaliyyət göstərir. AZRAC olaraq biz ildə bir dəfə konfrans təşkil edirik. Artıq iki konfrans keçirmişik. Müxtəlif seminarlar, dəyirmi masalar təşkil edirik. Məqsədimiz təhsildir. Bu konfrans və seminarlarda həkimlər, tibb bacıları iştirak edir. Tibb günbəgün yenilənən sahədir. Bu yenilənmələr fonunda həkimlər daim tonusda tutulmalıdır. Bu baxımdan cəmiyyətlərin rolu əvəzsizdir deyə düşünürəm.

- Reanimasiya ölüm hallarına qayıtsaq...

- Bütün dünyada statistika belədir ki, insanlar həyatını xəstəxanalarda itirir. Bizim cəmiyyət isə bunu qəbul etmir. Biz öyrəşmişik ki, adam evdə ölməlidir. Qərb ölkələrində isə belə deyil. Ani ölüm deyilsə, qəzada ölüm deyilsə, insan həyatını xəstəxanada itirir. Öləcək insan onsuz da son nəticədə xəstəxanaya gəlməlidir və həyatını itirdiyi yer də reanimasiya olacaq. Reanimasiyanın vəzifəsi tibbin imkan verdiyi qədər müalicə tətbiq edərək, xəstəni geri döndərməkdir. Xəstəyə maksimum şans, vaxt qazandırmaq, həyatda saxlamaqdır.

Amma elə durumlar da var ki, orada artıq tibb də heç nə edə bilmir və xəstə ölür. Bizdə bunu sosial-psixoloji mənada dərk etmək bir az çətindir.

Xəstəxanalarımız müasir tənəffüs aparatları ilə təmin edilib

- Doktor, bir az da reanimasiya otaqlarının təchizatından danışaq. Reanimasiyada hansı aparatlar olmalıdır, bizdə reanimasiya şöbələri dünya standartlarına cavab verirmi?

- Yenə təkrarçılıq olacaq, bəlkə, bir də qeyd edirəm, İcbari Tibbi Sığorta və TƏBİB-in fəaliyyəti nəticəsində ölkədə reanimasiyalarda modernləşmə danılmaz faktdır. Reanimasiyalarda müalicə dəstək müalicəsidir. Bunun üçün ilk növbədə, süni tənəffüs aparatları olmalıdır. Ölkə xəstəxanaları ən müasir süni tənəffüs aparatları ilə təchiz olunub. Rayonlarda da artıq bu təmin edilib. Böyrək əvəzedici müalicə üçün dəstək cihazları – hemodializ, hemofiltrasiya aparatları, plazmafarez cihazları, kardiomanitor, qan qazı cihazları, xüsusi iki matorlu yataqlar olmalıdır. Yataqlar izolyasiya olunmalıdır. Məsələn, bizdə iki yataq şəklində izolyasiya edilir. Bu da əsrin bəlası olan xəstəxanadaxili infeksiyanın qarşısını almaq üçün önəmlidir. Bir də qeyd edim ki, bizdə də, bir çox böyük xəstəxanalarda da artıq infeksion kontrol bloku qurulub. Bu da TƏBİB-in fəaliyyəti nəticəsində təşkil edilib. Əvvəllər bu yox idi.

- Bu blokun məqsədi, funskiyası nədir?

- Xəstəxanalarda infeksiya məsələlərinin kontrolu, antibiotiklərin məqsədyönlü istifadəsinin təşkilidir. Bloklara bu məsələlərə nəzarət edən infeksionistlər təhkim edilib. Bu, vacib bir məsələdir və dünya standartlarından biridir.

Tibb sahəsində akademik istiqamətdə zəifliyimiz var

- Sizin fikrinizcə, Azərbaycan səhiyyəsi dünya tibbindən nə ilə geri qalır, hansı axsaqlıqlar var? Bu haqda nə düşünürsünüz, maraqlıdır...

- Açığı, bu suala cavab vermək çox çətindir. Yenə də deyirəm, son illərdə səhiyyə sistemində xeyli inkişaf, irəliləyişlər var. Son beş ildə xaricdə təhsil alıb, işləyən mütəxəssis-həkimlərin ölkəyə qayıtmasında da artım var. Artıq bu mütəxəssislər bölgələrə də cəlb edilib. Amma hələ qarşıda uzun bir yol var. Bu, təkcə səhiyyənin öhdəsində olan məsələ də deyil. Yenə də, vəziyyət pis deyil. İrəliləyirik.

Yanımızda Türkiyə kimi tibb sahəsində dünya ilə ayaqlaşan bir ölkə var. Mənim fikrimcə, çatışmazlıqlardan ən önəmlisi akademi sahədədir. Bu, bəlkə də, bir az da həkimlərin tənbəlliyi ilə əlaqəlidir. Mən öz adımdan da deyirəm, biz il ərzində dünyanın nüfuzlu jurnallarında nə qədər məqalə dərc etdiririk? Nə qədər tədqiqatlar aparırıq? Ümumiyyətlə, kontrollu tədqiqatlar aparırıqmı? Praktik işlə yanaşı akademik tərəfdən də inkişaf etməliyik.

Ölkəmizdə EKMO, plazmafarez icra olunur, ən ağır vəziyyətdə olan, süni tənəffüs aparatına qoşulu xəstələr müalicə olunur, transplantasiya icra olunur – bunlar böyük işlərdir. Amma akademik sahədə bir az axsaqlıqlar var. Xəstəxanalarda akademik mühitlər yaratmalıyıq. Yeri gəlmişkən, bizim xəstəxanada “TƏBİB akademiyası” adlı bir qurum var. Burada həmin məsələlərə diqqət ayırmağa çalışılır. Bir az tənbəllik, bir az vaxt problemi, bir az da motivasiya əskikliyi akademik sahədə zəifliyimizə gətirib çıxarıb.

Cəmiyyətdə həkimə qarşı mənfi rəyin formalaşmasında medianın və bəzi həkimlərin rolu var

- Bəs cəmiyyətdə həkimlərə, səhiyyəyə qarşı neqativ düşüncənin formalaşmasında günahkar kimdir, sizcə?

- Təəssüf ki, burada medianın da rolu var. Bu cür münasibət yanlışdır. Burada bəzi həkimlərin də rolu danılmazdır. Bir də görürsən, hansısa həkim hardasa bir xəstəlik haqqında fikir yürüdür, “ekspertlik” edir. Xəstəlikləri araşdırmaq, fikir yürütmək TƏBİB-in, Səhiyyə Nazirliyinin qurumlarının işidir. Nəyin düz, nəyin yanlış olduğuna mütəxəssislər qərar verir.

Həkimlərimizin bəziləri sosial medianın, sosial şəbəkələrin inkişafından başqa cür istifadə edir. Düşünürəm ki, buna bir nəzarət mexanizmi olmalıdır. Başqa cür qarşısını almaq mümkün deyil. Nəzərə almaq lazımdır ki, cəmiyyətdə hər kəs fərqlidir, hərə informasiyanı bir cür qəbul edir. İnsanlar isə nəzərə almalıdır ki, həkimə qarşı neqativ münasibət ümumi götürəndə, düzgün deyil. Həkim də sizdən biridir, birinin atası, birinin anası, qardaşı, bacısıdır. Siz özünüzsünüz. Düzdür, hamı “süddən çıxmış ağ qaşıq” deyil, amma həkimə qarşı xüsusi antipatiyanı doğru hesab etmirəm.

Süni intellekt həkimi tam əvəz edə bilməz

- Son olaraq, süni intellektə də toxunaq. Necə düşünürsünüz, süni intelekt həkimin işini əlindən alacaq?

- Süni intellekt sürətlə inkişaf etməkdədir. Artıq tibbdə də istifadə edilir. Amma hələ başlanğıc mərhələdədir. Xəstəxanalarda süni intellekt reanimasiya sahəsində diaqnostikada, skriniqdə və ya siqnalvermədə faydalı ola bilər. Çində və Avropa ölkələrində artıq tibdə süni intellektin tətbiqinə başlanıb. Yəqin ki, yaxın gələcəkdə biz də istifadə edəcəyik. Ümumiyyətlə, qarşıdakı on beş illikdə süni intellekt həyatımızı tamamilə dəyişdirəcək. Amma süni intellekt heç vaxt həkimi tam əvəz edə bilməyəcək.

FOTO: Elnur Muxtar

Chosen
7
teleqraf.com

1Sources