EN

Bakıda “Fintex Sammit 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçiriləcək

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və “Visa” şirkətinin qlobal tərəfdaşlığı ilə iyunun 24-25-də “Fintex Sammit 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçiriləcək.

ABA-dan bildirilib ki, “Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusuna həsr olunan sammit regionda rəqəmsal transformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcı platforması kimi çıxış edir.

İki gün davam edəcək sammit çərçivəsində 7 tematik panel üzrə yüksək səviyyəli müzakirələr aparılacaq. Əsas diqqət maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həlləri və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinə yönələcək. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar da geniş şəkildə müzakirə ediləcək.

Tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okean regionları da daxil olmaqla 300-ə yaxın beynəlxalq və regional təşkilat iştirak edəcək. Ümumilikdə 1500-dən çox nümayəndənin, o cümlədən dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri, ödəniş texnologiyaları təminatçıları, investorlar, diplomatik nümayəndəliklər və akademik institutların təmsilçilərinin iştirakı gözlənilir. Tədbirdə 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyə texnologiyalarındakı trendləri və qabaqcıl təcrübələri bölüşəcək.

Sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də Türkdilli Dövlətlərin Kredit Büroları arasında qarşılıqlı əməkdaşlığı gücləndirən anlaşma memorandumları imzalanacaq.

“Visa” şirkətinin Azərbaycandakı ölkə meneceri Nurlan Hacıyev deyib: “Visa üçün Fintex Sammitin dəstəkləməsi Azərbaycanda fintex sahəsinin inkişafına sadiqliyimizi bir daha təsdiq etmək üçün fürsətdir. Ekspertləri, biznes, dövlət və bank sektorunun nümayəndələrini ödəmə texnologiyalarının gələcəyini müzakirə etmək üçün bir araya gətirən bu mühüm tədbirin illər boyu tərəfdaşı olmaqdan şərəf duyuruq. Azərbaycan özünü rəqəmsal transformasiyanın regional lideri kimi isbat etmişdir, və “Visa” bu strateji bazara yatırımlarını davam etdirərək daha əlçatan, təhlükəsiz və effektiv ödəmə infrastrukturunun yaradılmasına öz töhfəsini verməyə davam edir”.

Qeyd edək ki, Fintex Sammit Bakıda hər il keçirilən iki əsas beynəlxalq maliyyə tədbirindən biridir. Digər nüfuzlu platforma isə Beynəlxalq Bankçılıq Forumudur.

Chosen
3
8
vergiler.az

10Sources