EN

Azərbaycan Dəmir Yolları: 145 illik zəfər marşrutu və geosiyasi uğur hekayəsi

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci ildə 145 illik yubileyini qeyd edən "Azərbaycan Dəmir Yolları" QSC (ADY), yalnız bir nəqliyyat şəbəkəsi deyil, həm də ölkənin strateji gücünü təcəssüm etdirən mühüm infrastruktur dayağıdır. ADY-nin keçdiyi yol, onun bu gün regionun əsas tranzit və rəqəmsal infrastruktur platformasına çevrilməsi, eyni zamanda Azərbaycanın geosiyasi rolunun güclənməsi baxımından araşdırılmağa dəyər nümunədir.

Azərbaycanın strateji coğrafi mövqeyi – Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişməsində yerləşməsi – ölkəni təkcə regionda deyil, bütövlükdə Avrasiya məkanında əhəmiyyətli logistika qovşağına çevirmək üçün unikal imkanlar yaradır. Lakin bu üstünlükdən tam istifadə etmək üçün infrastrukturun modernləşdirilməsi, rəqəmsallaşdırma, beynəlxalq əməkdaşlıq və multimodal logistika sistemlərinin qurulması vacib şərtdir. Bu baxımdan, Azərbaycan Dəmir Yolları (ADY) həm milli səviyyədə, həm də qlobal dəhlizlərin koordinasiyasında əsas aktora çevrilib.

2024-cü ildə ADY tərəfindən ümumi 18,5 milyon ton yük daşınıb, bunların içərisində tranzit yüklərin payı 7,3 milyon ton olub (2023-lə müqayisədə 5,7% artım). Tranzit rejimində neft və neft məhsullarının həcmi 2,8 milyon tonu keçib (11% artım). İdxal rejimində neft məhsulları üzrə artım 89%, daş kömür – 52%, kimya məhsulları – 12% təşkil edib. Metal və kağız məhsulları üzrə tranzit daşımalarında müvafiq olaraq 8% və 26% artım qeydə alınıb.

Geosiyasi reallıqda nəqliyyat dəhlizlərinin rolu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov hesab edir ki, beynəlxalq dəhlizlər regionun inkişafı baxımından vacibdir. Azərbaycan beynəlxalq dəhlizlərinin genişləndirilməsini dəstəkləyən və təşviq edən ölkələrdəndir:

"Hazırda Orta dəhlizin genişlənməsi müşahidə olunur və xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra bu dəhliz vasitəsilə daşınan yüklərin həcmində artımlar var. Bu kontekstdən də təbii ki, ölkəmiz Orta dəhlizin Azərbaycan və region üzərindən genişlənməsini dəstəkləyir.

Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin də genişlənməsi müşahidə olunur. Bu da bütövlükdə dəhlizlər vasitəsilə Azərbaycan üzərindən daha çox yüklərin daşınması anlamına gəlir. Sözsüz ki, müasir çağırışlar, eyni zamanda yükdaşımalardakı maya dəyəri nəzərə alsaq, birmənalı şəkildə nəqliyyat dəhlizləri həm də dəmir yolu şəbəkəsinin genişlənməsini özündə ehtiva edir. Çünki dəmir yolu şəbəkəsinin genişləndirilməsi çox vacib məqamlardandır və dəmir yolu şəbəkəsinin genişləndirilməsi daha çox yüklərin və daha uyğun tarif və maya dəyərinin daşınmasına imkan yaradır.

"Azərbaycan Dəmir Yolları" QSC son illər həm elektron xidmətlər, həm inovasiyanı tətbiq edən qurumlardandır. Azərbaycan dəmir yolları şəbəkəsinin genişlənməsi və elektron xidmətləri istifadə etməsi və yenilikləri tətbiq etməsi Azərbaycan üzərindən daşınan yüklərə birbaşa təsir göstərir. Bu daha çox yükün Azərbaycan üzərindən daşınmasını təmin edir".

Qeyd edək ki, Orta Dəhliz və konteyner daşımaları 2024-cü ildə Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib, bunlardan 287-si artıq ölkəyə daxil olub. Çin–Azərbaycan üzrə daşınan konteyner sayı 27 minə çatıb, bu da 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyib. Sian–Bakı konteyner qatarı cəmi 11 günə mənzil başına çataraq sürət və səmərəlilik baxımından yeni mərhələ yaradıb. Orta Dəhliz üzrə ilk ixrac konteyneri 2024-cü ilin noyabrında Bakıdan Çinə göndərilib – bu, dəhlizin tək idxal deyil, ixrac üçün də açıq olduğunu göstərir.

BTQ və infrastruktur genişlənməsi Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilmiş hissəsi Gürcüstanda başa çatdırılıb, bu da illik yükötürmə qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırıb. "BTKI Railways" və "Middle Corridor Multimodal Ltd." kimi beynəlxalq birgə müəssisələr Orta Dəhlizin idarə olunmasında Azərbaycanın aparıcı rolunu gücləndirir. Xəzərin şərq sahilindən keçən alternativ Orta Dəhliz qolu – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Azərbaycan vasitəsilə – Bakı şəhərində yaradılan Avrasiya Nəqliyyat Marşrutu Assosiasiyası ilə dəstəklənir. Şimal–Cənub dəhlizi və multimodal imkanlar 2024-cü ildə Şimal–Cənub dəhlizi üzrə yükdaşımalar 814 min ton olub, bu da ötən illə müqayisədə 28% artım deməkdir. Astara yük terminalı tam modernləşdirilib, gömrük-keçid prosesi sürətləndirilib və yüklərin daşınmasında 10–15% artım əldə olunub. Sumqayıt–Yalama xəttinin yenidən qurulması üçün Asiya İnkişaf Bankı ilə 131,5 milyon dollar kredit sazişi imzalanıb.

Rəqəmsallaşma və idarəetmə ADY "ADY Smart" platforması və onlayn tarif kalkulyatoru ilə "bir pəncərə" modeli əsasında sürətli və şəffaf xidmətlər təqdim edir. "ADY Konteyner" MMC ilə "ADY Ekspress" MMC birləşdirilərək, konteyner və vaqon daşımaları üzrə vahid ekspeditor strukturu yaradılıb.

Logistik Təkamül: Tranzit ölkədən yükformalaşdıran ölkəyə keçid

Nəqliyyat eksperti Rauf Ağamirzəyev də hesab edir ki, Azərbaycanın geostrateji yerləşmə mövqeyi və fərqli nəqliyyat növlərinin inkişafı ölkə üzərindən yükdaşımalarını cəlbedici edir və bu yükdaşımaların önəmli hissəsi məhz Azərbaycan dəmir yolunun üzərinə düşür:

"Nəzərə almaq lazımdır ki, Azərbaycanda dəmir yolları 145 ildir fəaliyyət göstərir. Bu sahədə artıq ənənə formalaşıb - müvafiq olaraq infrastruktur, uzun stansiyalar mövcuddur, fərqli istiqamətlərə çıxış var, manevr imkanları genişdir, çeşidli hərəkət tərkibi var.

Bu illər ərzində Azərbaycan daha çox mövcud yolun modernləşdirilməsi üstündə aktiv işlər görüb və bu işlər davam edir. Şərq-Qərb dəhlizi üzrə yol örtüyü tamamilə yenilənib, sürətli sahələr artırılıb və bu yöndə işlər davam edir. Həmçinin Şərq-Qərb üzrə 100 faiz elektrikləşdirmə var idisə, bunun da sabit cərəyandan dəyişən cərəyana keçidi təmin olunur.

İlkin olaraq Ucar-Böyük Kəsik mənzilləri arasında bu fəaliyyət göstərib. Amma son zamanlar artıq Hacıqabula qədər bu işlər tamamlanır və gələcəkdə Bakıya qədər də nəzərdə tutulub. Buna müvafiq olaraq yeni hərəkət tərkibi alınıb. 40 müasir elektrovozlar alınıb ki, dəyişən cərəyanla işləyir. Eyni zamanda iki sistemli 10 elektrovoz alınıb ki, onlar da həm dəyişən, həm də sabit cərəyanla hərəkət edir. Bunlar Şərq-Qərb dəhlizi üzrə daşımaların dayanıqlığına təminat verir və sürətli daşımağa imkan yaradır.

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə Sumqayıtdan yalamaya yol örtüyü yenilənir. Bu işlər tamamlanması nəzərdə tutulub: "2028-ci ilə qədər bu istiqamətdə də sabit cərəyandan dəyişən cərəyana keçid nəzərdə tutulub. Dəyişən cərəyanla sabit cərəyanın fərqi daşımalarda dəyişən cərəyanın 20 faiz daha az xərclə missiyanı yerinə yetirməyə imkan verir".

Ekspert həmçinin qeyd edir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin digər seqmenti olan Ələt-Osmanlı-Astara dəmir yolunun əsaslı təmiri icra edilir: "Ələtdən Osmanlıya qədər aktiv işlər görülür və mövcud yolun bir çox sahələrində işlər davam edir. Həmçinin yeni çaylar üzərində körpülər inşa olunub.

Kür çayı üzərində Şirvanda körpü 2023-cü ildə istifadəyə verilib. Hazırda Viləş çayı üzərində Masallıda yeni körpü inşa olunur. Bu marşrut üzrə gələcəkdə dəniz sahili Qasımlı, Liman, Lənkəran, Astara istiqamətində dənizdən dağlara tərəf çəkilməsi nəzərdə tutulub. Bu da növbəti mərhələdə icra olunacaq. Beləliklə, turizm potensialı ilə zəngin olan bu bölgəmizin dənizə çıxışını rahatlayacaq və həmçinin də dəmir yolunun sürətinə də birbaşa təsir edəcək.

Digər önəmli layihələr - Qarabağ azad olunandan sonra icra olunan layihələrdir. Bu, Horadiz-Ağbənd dəmir yolu layihəsidir. Onun da çox hissəsinin artıq bu il tamamlanması nəzərdə tutulub. Ağbənddən sonra bir hissə Zəngəzur dəhlizi, digər hissə isə Araz dəhlizi ilə İran ərazisindən keçən dəhlizlə hərəkət nəzərdə tutulub. İran istiqamətində çox güman ki, gələn il Azərbaycan tərəfinin öz hissəsini bitirməsi planlaşdırılıb.

Həmçinin Qarabağda Yevlax-Xankəndi dəmir yolunun Bərdə-Ağdam mənzilləri arasında olan hissəsi tamamlanaraq təhvil verilib, Ağdamdan Xankəndiyə olan hissədə tikinti işləri yaxın iki il ərzində nəzərdə tutulub. Yevlaxdan Bərdəyə qədər olan hissənin də sağlamlaşdırma işləri görülməlidir və gələcək perspektivdə Ağdamın, Ağcabədinin də əlaqələndirilməsi vacibdir. Bu, Ağdamda və Qarabağda istehsal olunan məhsulların fərqli limanlara çıxışı nöqteyi nəzərindən daha qısa marşrutdur. Ağdama həm fərqli istiqamətdən gəlmək imkanı yaradır, həmçinin də buradan istehsal olunan məhsulların Ələt limanı, Poti limanına, Fars körfəzi limanlarına qısa çıxışı nəzərdə tutulub.

Bu işlər yaxın illərdə Azərbaycan üzərindən keçən Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb dəhlziləri Fars körfəzi və Qara dəniz limanları ilə əlaqələndirən marşrutların daha cəlbedici olmasına, bu istiqamətdə daha çox yük dövriyyəsinin artmasına, tranzit yüklərin daşınmasına stimul yaradacaq.

Onunla yanaşı bu yüklərin ölkəmzidə formalaşması üçün də müvafiq olaraq infrastruktur qurmaq lazımdır ki, əlavə dəyər yaradılsın. Tək tranzit və yükdaşıyıcı ölkə olaraq yox, həmçinin yük formalaşdıran bir ölkə olaraq əlavə iş yerləri yaradılmasına töhfə vermək olar. Yeni logistik mərkəzlər yaratmaq və Ələt Azad İqtisadi zonasında yeni servis xidmətlərini qurmaqla bu növ fürsətləri yaratmaq mümkündür. Amma ilkin olaraq mövcud şəbəkəmiz sağlamlaşdırılmalıdır, dəmir yolumuz sürətli olmalıdır. Sərnişin qatarlarının 160 km sürətlə hərəkət edən sahələrin çoxalmasına ehtiyac var. Yük qatarlarımız 120 km saatla hərəkətini təmin edən şəraitin qurulmasına ehtiyac var və bu yöndə işlər görülür. Düşünürəm ki, yaxın illərdə mərhələli şəkildə biz bu nəticələri görə biləcəyik".

ADY – regionun logistik beyni

2016-cı ildə ADY-nin təşəbbüsü ilə yaradılan Cənub-Qərb Nəqliyyat Dəhlizi, Fars körfəzi və Hindistan limanlarından (Mumbay, Bəndər-Abbas) yüklərin İran, Azərbaycan, Gürcüstan və Ukrayna ərazisindən keçməklə Avropaya (Rotterdam, Baltik, Şimali Avropa) çatdırılmasını nəzərdə tutur. Bu marşrutun əsas üstünlüyü – tranzit müddətinin və məsafəsinin üç dəfəyə qədər qısalmasıdır. Əgər Hindistandan Avropaya ənənəvi dəniz marşrutu 35–37 gün çəkirsə, Cənub-Qərb dəhlizi ilə bu vaxt 10–12 günə qədər enə bilər. Şimal–Cənub Nəqliyyat Dəhlizi – Fars körfəzindən Skandinaviya limanlarına 1999-cu ildən əsası qoyulan və Azərbaycan, İran, Rusiya və Hindistanın birgə təşəbbüsü olan Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Hind okeanından Baltik və Skandinaviya ölkələrinə qədər uzanan multimodal marşrutdur. Ənənəvi dəniz marşrutları ilə müqayisədə bu dəhlizlə daşımalar 45–60 gün əvəzinə 20–25 günə başa gəlir. Azərbaycanın Astara stansiyası ilə İranın Astara şəhəri arasında dəmir yolu əlaqəsi artıq mövcuddur. 167 km-lik Astara–Rəşt dəmir yolu inşa edildikdən sonra isə Fars körfəzindən Skandinaviya limanlarınadək vahid dəmir yolu xətti tam formalaşacaq. Bu dəhliz Azərbaycan üçün təkcə tranzit imkanları deyil, həm də şimal və cənub ticarət blokları arasında körpü rolu oynamaq deməkdir.

Orta Dəhliz – Trans-Xəzər üzərindən Avropa ilə Asiyanı birləşdirən arteriya "Orta Dəhliz" və ya Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM), Çindən Avropaya yükdaşımaların həyata keçirildiyi ən dinamik və strateji layihələrdən biridir. Bu dəhliz Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Ukrayna ilə birlikdə reallaşdırılıb və 2014-cü ildən fəaliyyət göstərir. Bu marşrut üzrə konteyner qatarları Çindən Avropaya yükləri orta hesabla 10–12 günə çatdırır. Bu, həm zaman baxımından, həm də səmərəlilik baxımından rəqəmsal dövrə uyğun tələblərə cavab verir. Bakı–Tbilisi–Qars dəmir yolu isə bu dəhlizin əsas qolu kimi, daşımaların sürətli və ucuz həyata keçirilməsinə şərait yaradır. Orta Dəhliz həm də ikili yönlü hərəkətə malikdir – yəni, təkcə Şərqdən Qərbə deyil, həm də Qərbdən Asiyaya ixrac üçün əlverişli logistik arteriyadır. 2024-cü ildə Bakıdan Çinə göndərilən ilk ixrac konteyneri bunu sübut edir.

Bu üç əsas dəhliz – Cənub-Qərb, Şimal-Cənub və Orta Dəhliz – Azərbaycanın geosiyasi mövqeyini regionaldan qlobal səviyyəyə yüksəldir. Hər biri özlüyündə fərqli coğrafiyaları birləşdirsə də, ADY-nin bu dəhlizlərdəki rolu ortaq xətt kimi seçilir. Bu rol yalnız daşımaların təşkili ilə bitmir – Azərbaycan, beynəlxalq nəqliyyat diplomatiyasının mərkəzi oyunçusuna çevrilir. ADY-nin modernləşməsi təkcə infrastrukturla məhdudlaşmır. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, texnoloji bacarıqların artırılması, yeni nəsil kadrların cəlbi və yerli bilik bazasının gücləndirilməsi ADY-nin institusional dayanıqlığını artırır. Bu baxımdan dəmir yolları sektorunda kadrların davamlı inkişafı üçün təlim mərkəzləri və beynəlxalq təcrübə proqramlarının genişləndirilməsi, həm müasir texnologiyaların mənimsənilməsi, həm də təhlükəsizlik, xidmət keyfiyyəti və idarəetmə sahələrində peşəkar səviyyənin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Orxan Hüseyn

"Azərbaycan Dəmir Yolları" QSC və Mətbuat Şurasının "Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
baku.ws

2Sources