Qlobal neft təchizatı baxımından strateji əhəmiyyətə malik olan və gündəlik 17-20 milyon barrel neftin daşındığı Hörmüz boğazında iki neft tankeri toqquşub. Hadisə nəticəsində tankerlərdən birində olan 24 dənizçi təxliyə olunub.
Sfera.az xəbər verir ki, Norveçin iqtisadi nəşri “Dagens Næringsliv”in məlumatına görə, Norveç mərkəzli “Frontline” şirkətinə məxsus “Front Eagle” adlı neft tankeri, Hörmüz boğazı yaxınlığında “Adalynn” adlı başqa bir tanker ilə toqquşub.
Hadisə Birləşmiş Ərəb Əmirliklərinin sahil xəttində yerləşən Xor Fəkkan şəhərindən 22 dəniz mili məsafədə baş verib.
BƏƏ sahil mühafizə xidmətindən verilən açıqlamada, “Adalynn” tankerindəki 24 nəfərin təhlükəsizlik məqsədilə təxliyə edildiyi bildirilib. Qəzanın ətraf mühitə və tankerlərə nə dərəcədə zərər verdiyi barədə hələlik rəsmi məlumat yoxdur.
Xatırladaq ki, Hörmüz boğazı dünyada neft daşımaları baxımından ən vacib keçid nöqtələrindən biri sayılır. İranın cənubunda yerləşən bu boğaz vasitəsilə dünyanın xam neft ehtiyatlarının böyük hissəsi daşınır. İran son aylarda İsraillə artan gərginlik fonunda boğazı bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi. Ekspertlər bu ehtimalın reallaşacağı təqdirdə hazırda 73 dollar səviyyəsində olan Brent markalı neftin barrel qiymətinin 100 dollara qədər yüksələcəyindən ehtiyat edirlər.
Bəsti Rəfizadə
Sfera.az