İran və İsrail arasında hərbi toqquşmaların davam etdiyi bir vaxtda İslam Respublikası Parlamentinin Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kavatri bəyan edib ki, Hörmüz boğazının bağlanması məsələsi gündəmdədir və İran bu barədə tam qətiyyətlə qərar verəcək.
Sözügedən boğaz dünya iqtisadiyyatının şah damarlarından biri hesab edilir. Geosiyasi və maliyyə baxımından əsas dəniz yolu sayılır. Dünya neftinin 20, mayeləşdirilmiş qazın isə 30 faizi məhz bu boğazdan keçir. Körfəzdən keçən neftin böyük hissəsi Səudiyyə Ərəbistanından tədarük olunur. Hələ 2018-ci ilin göstəricilərinə görə, gün ərzində boğazdan 21 milyon barel xam və emal edilmiş neft keçir. Bu isə dəniz yolu ilə daşınan dünya neftinin üçdə biri deməkdir. Bundan əlavə, Çinin neft idxalının 40-50 faizi də məhz bu yolla reallaşır. BƏƏ, Küveyt, Qətər, Oman və İraq kimi ölkələr neftlərini bu boğaz vasitəsilə dünya bazarına çıxarırlar. Sözügedən ölkələrin neftinin 90 faizi Hörmüz boğazı vasitəsilə daşınır.
İran isə müəyyən dövrlərdə Qərbin sanksiyalarına qarşı boğazı bağlayacağı ilə bağlı bəyanatlar səsləndirib. Oxşar bəyanatlar 2011-ci ildə də səsləndirilib. Eyni zamanda 2018-ci ildə Donald Trampın ilk prezidentliyi dövründə Şimali Koreya ilə gərginliyi həll etməyə çalışan dövlət başçısı diqqətini Rusiya və İrana yönəltmişdi. Tramp hər gün “X” səhifəsində İranla bağlı bir neçə mesaj yazır, Tehranı psixoloji basqı altında saxlamağa çalışırdı. Elə o dövrdə də İslam Respublikası Hörmüz boğazını bağlayacağı ilə bağlı bəyanat səsləndirmişdi. Oxşar hadisə 2021-ci ildə də baş verib. İran ordusu quru qüvvələrinin komandanı Əmir Heydəri iyulun 22-də jurnalistlərə açıqlamasında ABŞ əleyhinə sərt bəyanatlar səsləndirib və Hörmüz boğazının bağlanmasına dair təhdid edib. Buna səbəb isə rəsmi Vaşinqtonun İran neftinə sanksiya qoymağa hazırlaşmasıdır. Oxşar bəyanat cari ilin fevral ayında da səsləndirilib. Yəni, Trampın ikinci prezidentlik dövrünə başlamasından sonra. Bu dəfə də məsələ sanksiyalar və İran neftinin ixracına qarşı düşünülən təzyiq olub. Amma sonuncu açıqlama İsrail-İran hərbi qarşıdurması fonunda baş verib.
Hörmüz boğazının bağlanması təkcə neft və qaz qiymətlərində yüksək sıçrayış demək deyil. Eyni zamanda logistikanın çökməsi, birjalarda çaxnaşma, digər ölkələrin də münaqişəyə cəlb olunması deməkdir. Çünki ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya bu marşrutun təhlükəsizliyinə zəmanət veriblər.
Ehtimal etmək olar ki, rəsmi Tehran bunu təhdid kimi səsləndirsə də, ABŞ-nin Hörmüz boğazının bağlanacağı təqdirdə genişmiqyaslı hərbi müdaxiləsini nəzərə alaraq, sona ana kimi bu addımı atmaya bilər.
Eyni zamanda, boğazın bağlanmasının neft qiymətlərini 130 dollar və daha baha qiymətə satılması gündəmə gələ bilər. Bu isə ilk növbədə Çin və Avropa İttifaqının iqtisadiyyatına ciddi təsir edə bilər. Ehtimal etmək olar ki, Birləşmiş Ştatlar məhz bu səbəbə görə, boğazın bağlanmasına göz yuma bilər. Çünki Çin kimi rəqibinin iqtisadiyyatını çökdürmək üçün vergi və tarifləri artıran Tramp administrasiyası üçün bu variant da məqbul sayıla bilər. Bu isə deməyə əsas verir ki, rəsmi Vaşinqton Hörmüz boğazının bağlanmasında maraqlı ola bilər.
Sirr deyil ki, ABŞ bu gün dünyanın ən əsas neft və qaz istehsalçılarından biridir. Üstəlik, Trampın həyata keçirdiyi proteksionist enerji siyasəti dünya bazarlarında ABŞ-nin şist nefti və mayeləşdirilmiş təbi qazının payının davamlı artmasına kömək edir. 1973-cü ildə beynəlxalq neft böhranından sonra ABŞ-dən neft ixracına qoyulan embarqo 2017-ci ildə ləğv edildi. Tramp isə dempinq yolu ilə bir sıra bazarlarda, xüsusən də Avropa bazarlarında möhkəmlənərək “Amerikanın enerji dominantlığının qızıl dövrünü” elan etdi. Paris iqlim sazişindən çıxdıqdan sonra Tramp Avropada Amerikanın “mavi yanacaq” mövqeyini uğurla gücləndirir ki, bu da Aİ-nin Rusiyadan tədarükdən asılılığı azaltmaq siyasəti kontekstində xüsusilə aktualdır.
Eyni zamanda neft qiymətlərində artım rəsmi Vaşinqton üçün də ciddi dividentlər gətirə bilər. Amma nəzərə almaq lazımdır ki, qiymətlərin kəskin artımı onsuz da zəifləmiş ABŞ iqtisadiyyatı üçün risklidir. Bununla belə, xarici bazarlarda nefti baha qiymətə satmaqla Vaşinqton idxal olunan neftə görə ödənilən yüksək qiyməti kompensasiya edə bilər. Bu, həm də ABŞ-yə dünya bazarlarında mövqeyini qoruyub saxlamağa imkan verəcək. 1973-cü ildə ilk beynəlxalq neft böhranından əvvəl ABŞ Yaxın Şərqdən gələn tədarükdən daha çox asılı idi. Bu gün bu asılılıq azalıb. İkincisi, strateji neft ehtiyatlarını da nəzərə almaq lazımdır. ABŞ milli ehtiyatlara əlavə olaraq, inflyasiyanın qarşısını almaq üçün Beynəlxalq Enerji Agentliyinin ehtiyatından neftin bazara çıxarılmasına təşəbbüs göstərə bilər. Bu mexanizm 1991-ci ildə Fars körfəzi müharibəsi, 2011-ci ildə Liviya vətəndaş müharibəsi, eləcə də Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 2022-ci ilin martında kifayət qədər səmərəli istifadə olunub. Öz növbəsində Hörmüzün bağlanacağı təqdirdə Qətərdən Avropaya maye qaz ixracı da dayandırılacaq. Mayeləşdirilmiş qaz sektorunu dinamik inkişaf etdirən ABŞ üçün bu, həm də Avropa bazarlarında öz çəkisini artırmaq üçün yaxşı fürsətdir.
Hörmüz boğazının bağlanmasından isə təbii ki, ciddi ziyan çəkən ölkələr də olacaq. Körfəz ölkələri, yəni, Qətər, Küveyt, Bəhreyn belə bir vəziyyətdən ciddi təsirlənə bilər. Səudiyyə Ərəbistanı Qırmızı dəniz terminalı, BƏƏ Füceyrə, İraq Türkiyənin Ceyhan limanları ilə neft ixracını çətinliklə də olsa, yoluna qoya bilər.
Boğazın bağlanması Çin iqtisadiyyatına ciddi zərbə vura bilər. Məhz bu boğaz vasitəsilə İran gün ərzində Çinə 2 milyon barel neft ixrac edir. Odur ki, Hörmüz boğazının iflic olması Çinə qarşı ticarət müharibəsində ABŞ-nin maraqlarını təmin edə bilər.
Son olaraq, dünya üçün bu qədər əhəmiyyətə malik bir boğazın bağlanması artıq sırf rəsmi Tehranın siyasi iradəsindən asılı olacaq. Nəzərə almaq lazımdır ki, ekzistensial mübarizədə iqtisadi hesablamalar ikinci plana keçir. Tarixdə isə belə nümunələr var. Məsələn, 1956-cı ildə Misir lideri Nasir Qərbin və İsrailin böyük təzyiqinə baxmayaraq, dünya iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən Süveyş kanalını milliləşdirdi və təxminən 5 ay müddətinə bu kanalı bağladı. Bu səbəbdən də İranın belə bir addım atacağı istisna edilmir.
Kamil Məmmədov