EN

Bu dəfə də O haqlı çıxdı: İki od arasında təhlükəsizlik adası və “Nəyi, necə, nə vaxt etmək lazımdır” məsələsi...

Azərbaycan Prezidenti İlham Əliyev təkcə 10 milyonluq Azərbaycan Respublikasının vətəndaşlarının deyil, bütövlükdə dünya azərbaycanlılarının prezidentidir. 2003-cü ildə müqəddəs Qurani – Kərimə və Azərbaycan Respublikasının Ana Qanununa - Konstitusiyaya əl basaraq “Mən hər bir azərbaycanlının prezidenti olacağam və hər bir azərbaycanlının yanındayam”, andını unutmamışıq. Hər bir azərbaycanlının Prezidenti hamımızın ən böyük arzularından birini çin elədi – Qarabağ və Şərqi Zəngəzur artıq 5 ildir ki, azaddır, həmvətənlərimiz yeni tikilən evlərinə qayıdırlar, düşməndən təmizlənən bölgələrimiz yenidən dirçəldilir, abadlaşır. Qərbi Azərbaycandan didərgin salınmış 300 mindən artıq insanlarımız da yurdlarına dönəcəkləri günlərin həsrətindədirlər, inşallah prinsipial, qətiyyətli siyasət və hər bir azərbaycanlı üçün içilən müqəddəs and onların da yurd niskilinə son qoyacaq!

Bu günlərdə, İran-İsrail müharibəsinin aktiv fazaya daxil olduğu şəraitdə bəzi bədxahlar Azərbaycan rəhbərliyini günahlandırmağa cəhd göstərirlər, əsassız və qərəzli ittihamlarla çıxış edirlər. Guya ki, Azərbaycan İranda, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın taleyini görməzdən gəlir və s. kimi absurd və müzakirə predmeti olmağa layiq bilmədiyimiz gic-gic iddialar səsləndirirlər. Belələrinin məqsədi Güney və Quzey arasında soyuqluq yaratmağa, iki əsrdir ayrı düşmüş qardaşlar arasında nifaq toxumu səpməyə yönəlib. Anlamırlar ki, belə iddialar, xəstə düşüncələr keçərli deyil, türk düşmənləri əsrlərdir nail ola bilmədiklərini beş-on alaq out bacara bilməz!

Budur, həmin çevrələrin iddialarını alt-üst edən xəbər yayıldı: “İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır. Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib”.

İstisna deyil ki, hətta İsraillə əvvəlki illərdə aparılan təmaslarda da İranda, Cənubi Azərbaycanda yaşayan 40 milyondan artıq Azərbaycan türklərinin, ümumilikdə türklərin məsələsi müzakirə mövzusu olub, onların təhlükəsizliyinin Azərbaycan dövləti üçün önəmli məsələ olduğu dönə-dönə vurğulanıb. Kim bilir, bəlkə elə hərbi zərbələrin indiyədək gecikməsinin bir səbəbi də İranda yaşayan türklərin, azərbaycanlıların taleyi, Azərbaycan dövlətinin bu məsələyə həssas yanaşması ilə bağlıdır. Bu mənada Azərbaycan dövlətini və liderini ittiham etmək üçün heç bir əsas yoxdur, əksinə, minnətdarlıq olmalıdır ki, rəsmi Bakı hər zaman məsələlərin qansız-qadasız həlli üçün töhfə verib, sülh təşəbbüsləri ilə çıxış edib: sonuncu halda Türkiyə-İsrail danışıqlarında Azərbaycanın rolunu xatırlatmaq kifayətdir. Azərbaycan hətta Fransanın koloniyalarının xilası istiqamətində təşəbbüslər göstərdiyi halda, necə ola bilər ki, cənubdakı, ümumən İrandakı bacı-qardaşlarımızın taleyinə biganə yanaşa bilər? Heç vaxt!

Prezident İlham Əliyev 2022-ci ilin noyabrında Səmərqənddə, Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərkən nə demişdi? Sitat: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğraması kimi məsələləri artıq təşkilat çərçivəsində daim diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır”. 40 milyon rəqəmi kimə ünvanlanmışdı, bəllidir. Azərbaycan Prezidenti qan qardaşlarımızın ana dilində təhsil ala bilməməsini beynəlxalq müstəvidə gündəmə gətirirsə, deməli, bu qanlı günlərdə onların təhlükəsizliyinə kifayət qədər diqqət yetirir, gərəkən addımları atır. Təsadüfi deyil ki, İran hakimiyyətinin ayrı-ayrı təmsilçilərinin, iranlı generalların Azərbaycanı təhdid etdiyi zamanlarda güneyli soydaşlarımız hətta bütün təhlükələrə rəğmən, Təbriz, Ərdəbil və digər şəhərlərdə İlham Əliyevin şəkillərini evlərin, obyektlərin üzərinə yapışdırırdılar. Bu, Azərbaycan Prezidentinə böyük ehtiramın göstəricisidir və kimlərsə suları bulandırmağa çalışmasınlar! Yeri gəlmişkən, həmin qüvvələr hətta İlham Əliyev və Məsud Pezeşkianın Bakıda səmimi görüşündən, azərbaycanca danışmalarından, yüksək səviyyədə münasibətlərindən də rəncidə olmuşdular, yenə də fürsət tapıb hərəkətə keçiblər...

İran və İsrail arasında müharibə getdikcə daha da şiddətlənir. Çox təəssüflər olsun ki, dinc sakinlər, mülki əhali arasında da itkilərin sayı gündən-günə artır. Belə bir durumda İran vətəndaşlarının bir hissəsi yaşayış yerlərini məcburən tərk etməyə məcbur olur, hətta paytaxt Tehrandan kütləvi köç başlayıb. Məlumata görə, ABŞ prezidenti Donald Tramp Tehran sakinlərini dərhal şəhəri tərk etməyə çağırıb. İran mətbuatı yazıb ki, bu xəbərdarlıq İslam Respublikası ilə İsrail arasında artıq beşinci gündür davam edən müharibəni gücləndirir. Tramp özünün “Truth Social” sosial media hesabında yazıb: “İran nüvə silahı əldə etməməlidir. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal boşaltmalıdır! Xahiş edirəm, kimsə dəli Taker Karlsona izah etsin ki, İranın nüvə silahı olmamalıdır!” Tehranın bu çıxışlarından sonra, Tehran vətəndaşları paytaxtı kütləvi şəkildə tərk edib. Bu da son günlərdə ən sıx tıxaca səbəb olub.

İsrailin müdafiə naziri İsrail Katzın tehranlıları təhdid etməsindən sonra İsrailin Baş naziri Binyamin Netanyahu da “Tehran əhalisinin köçürülməli olduğunu” bəyan edib. Netanyahu Tel Nof aerobazasına səfərdən sonra verdiyi açıqlamada deyib: “İsrail Hava Qüvvələri Tehranın hava məkanına nəzarət edir”. Baş nazir “nüvə təhlükəsinin və İranın hərbi imkanlarının aradan qaldırmaq məqsədinə çatmaq yolunda olduqlarını” söyləyib. Netanyahu deyib: “Biz Tehran vətəndaşlarına deyirik: şəhəri boşaldın!” Hurriyyet.az “TRT Haber” kanalına istinadla bildirir ki, İsrailin müdafiə naziri Katz, İranın cavab addımı ilə bağlı açıqlama verərək, “İsraildəki mülki insanları hədəf alır və bunun əvəzini Tehran sakinləri ödəyəcək” sözlərini deyib. Bu reaksiyanın ardınca Katz yazılı açıqlama verərək: “Tehran sakinlərinə fiziki zərər vermək niyyətində deylik”, - deyə bəyan edib.

Vəziyyətin kritikliyi göz önündə. Sosial mediada panic vəziyyətdə, hətta payi-piyada Türkiyə sərhədlərinə doğru irəliləyən insan seli barədə videokadrlar yayımlanır. İranın İsrail zərbələrinə tuş gələn şəhərlərinin əhalisi baş götürüb qaçır. Çox ürəkağrıdan mənzərədir. Cənub qonşumuzun bu duruma düşməsinə təəssüflənirik, o ayrı söhbətin mövzusudur ki, Azərbaycanı “şirin quyruğu” ilə hədələyən rəsmilər, fars şovinistləri bir sıra iddiaları ilə İsrailin əlinə bəhanə vermiş oldular. İndi bir sıra rəhbər şəxslər bunkerlərdə gizlənir, günahsız əhali isə köməksiz vəziyyətdə xilas olmağın yollarını axtarır. Türkiyə rəhbərliyi də vəziyyətdən narahat olduğunu nümayiş etdirib və sərhədlərdə vəziyyətin nəzarət altında olduğu bildirilib. Təsəvvür edin ki, Suriya və İraqda yaşananların ardınca 4-5 milyon qaçqını qəbul edərək böyük br yükün altına girmiş qardaş ölkə İrandan da qaçqın selinə məruz qalarsa, xüsusən də indiki ağır iqtisadi şərtlər daxilində çox çətin sınaqlarla üzləşmiş olar.

İndiki mürəkkəb şəraitdə iranlı qaçqınların üz tuta biləcəyi iki təhlükəsiz ölkədən biri Azərbaycan ola bilərdi, əgər pandemiya ilə əlaqədar quru sərhədlərimiz bağlı saxlanılmasaydı. 2020-ci ilin yazından etibarən xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar sərhədlərin bağlı saxlanılması barədə vaxtaşırı geniş müzakirələr açılıb və hakimiyyəti tənqid edənlər bu faktdan da bəhrələnməyə çalışıblar. Söhbət həmin qüvvələrdən gedir ki, vaxtilə bu hakimiyyətin heç vaxt müharibə yolu ilə torpaqlarını azad etməyə qərar verməyəcəyini absurd şəkildə iddia edirdilər. Hətta gülünc iddialar söyləyirdilər ki, hakimiyyət torpaqları güzəştə gedib. Amma Prezident İlham Əliyev torpaqlarımızı Dəmir Yumruğu ilə azad etdikdən, qüdrətli ordumuzun, şəhid və qazillərimizin şücaiəti ilə şərəfli tarix səhifələrimiz yazıldıqdan sonar da həmin qüvvələr kirimədilər və Xankəndi, Xocalı…ətrafında demoqogiya başladıldı. 2023-cü ilin sentybarında bir günlük antiterror əməliyyatı ilə ərazi bütövlüyümüz tam təmin olundu. Hətta dünyanın məkrli mərkəzləri ilə toqquşmalar bahasına olsa belə, bir neçə kəndimizlə bağlı da güzəştə getmədi və qətiyyətli siyasət öz sözünü deyir.

Pandemiya dövründə xalqının sağlamlığını qorumaq üçün hər cür fədakarlığa gedən ölkə Prezidenti paralel şəkildə iki istiqamətdə müharibə apardı və xalqımızı bu sınaqdan da alnıaçıq, üzüağ çıxartdı. Pandemiya səngisə də, birdəfəlik aradan qalxmayıb, amma bir çoxları şübhə etmirdi ki, quru sərhədlərimizin hələ də qapalı saxlanılmasının başqa, daha ciddi səbəbləri var. Bu, ilk dəfə Rusiyanın Ukraynaya hücumundan sonra, 2022-ci ilin fevralında təsdiqləndi. Təsəvvür edin, ki, quru sərhədlərimizin açıq olması halında yüz minlərlə insan şimaldan ölkəmizə daxil olmaq istəsəydi, hansı vəziyyət yaranardı…Söhbət pandemiya və müharibədən çıxmış ölkədən gedir.

Eyni zamanda İsrailin İrana zərbələr endirməsindən sonra yüz minlər sərhəd buraxılış məntəqələrinə axışa bilərdi. Bu gün o axın yoxdursa, rəsmi Bakının sərhədləri qapalı saxlamasına görədir. Azərbaycan dövləti bütün dünyada barışın tərəfdarıdır və bu mənada qonşu ölkələrə də müharibə arzulamır. İlham Əliyevin təklif etdiyi 3+3 formatında əməkdaşlıq ideyası həm də regional müstəvidə qalıcı sülhü təmin edir, təəssüf ki, bu fürsəti bəziləri dəyərləndirə bilmədi. Azərbaycan vətəndaşı və dövləti güneydəki soydaşlarımızın bu sınaqdan da xəta-balasız çıxmasını arzu edir, kiminsə şübhəsi olmasın. Heç kim də “belə qardaşlıq olarmı, sərhədlərini bağlayır” demoqogiyasından istfadə etməsin. Böyük müharibələrdə qaçqın seli özü ilə bərabər müxtəlif ölkələrin kəşfiyyat xidmətlərini, məqsədlərini, cəsus şəbəkəsini gətirir, bu ötən əsrdə sınanılmış ssenaridir. Bir anlıq təsəvvür edin, Rusiya və İrandan qaçqın seli gələrdisə, müharibələrdən qaçan dinc insanların arasında nə qədər anti-Azərbaycan qüvvələr ölkəmizin ərazisinə daxil ola, burada hansısa məkrli planlar qura bilərdilər. Odur ki, bir az səbrli olaq, Prezident İlham Əliyev deyib axı: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Prezident dəfələrlə çıxışlarında sərhədlərin bağlı saxlanmasının təsadüfi və ya qapalı siyasət addımı olmadığını, bu qərarın əsaslı geosiyasi və təhlükəsizlik səbəblərinə əsaslandığını vurğulamışdı. Dövlət başçısı 2024-cü ilin aprelin 23-də ADA Universitetində də qeyd etmişdi ki, Azərbaycanın daxili sabitliyi və ictimai təhlükəsizliyi hər şeydən önəmlidir və sərhəd məsələsində qərar verilərkən məhz bu prioritetlər əsas götürülüb. Bildirmişdi ki, sərhədlərin bağlı saxlanılması qərarı bölgədəki qeyri-sabitlik və artan xarici təhlükələr fonunda Azərbaycanın milli təhlükəsizliyini qorumaq məqsədilə atılmış strateji və zəruri addımdır. Sitat: “Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür.”

Səbrli olaq, təxribatlara uymayaq, anlayışla qarşılayaq! Quru sərhədlərimizin qapısının açılmasına da uyğun vaxtda qərar veriləcək. Baş verənlər sübut etdi ki, bu dəfə də O haqlıdır! İki od arasındakı Odlar yurdunu təhlükəsizlik adası olaraq qoruyur, inkişaf etdirir! Dövlətimizə, Dövlət başçımıza inanaq və güvənək!

Chosen
7
musavat.com

1Sources