EN

“Əgər hələ gec deyilsə…” – Politoloq Türkiyənin İran-İsrail vasitəçiliyini şərh etdi- ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İran və İsrail arasında gərginliyi azaltmaq üçün diplomatik səylərini davam etdirir və vasitəçilik də daxil olmaqla, bütün imkanlardan istifadə etməyə hazırdır. 

Politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında qeyd edib ki, vasitəçilik üçün gec deyilsə, bu, yaxşı nəticələr verə bilər:

" Vasitəçilik missiyasının həyata keçirilməsi çox mürəkkəb bir məsələdir və nəzərə alınsa ki, İranla İsrail arasında  çox dərin ziddiyyətlər, böyük iddialar var və bu o qədər də asan məsələ deyil.
Əgər Türkiyə bu vasitəçiliyi təklif edirsə, deməli bunun üçün hər hansı bir hazır planı vardır. Çünki, əvvəla, Türkiyənin özünün də İsraillə ziddiyyətləri var. Aralarında anlaşılmazlıqlar, fikir toqquşmaları, qarşılıqlı ittihamlar olub. Bu baxımdan İsrailin buna nə dərəcədə razı ola biləcəyini demək çətindir.
Hər halda belə məlumatlar dolaşır ki, Türkiyənin bu əməliyyatdan - yəni İsrailin bu əməliyyatından əvvəlcədən xəbəri olub. İndi bilinmir, Türkiyə İranı məlumatlandırıb, ya yox. Amma ABŞ Prezidenti etiraf edib ki, bəli, Türkiyə məlumatlandırılmışdı. Əgər İran bu məsələdə narazılıq və ya inciklik bildirməyəcəksə, ola bilsin ki, İsrailə də artıq maraqlıdır ki, kimsə vasitəçilik etsin.
Niyə? Çünki İsrailin artıq demək olar ki, həm hərbi, həm də siyasi asfiksiyası başlayıb, yəni bir növ "hava çatışmazlığı" yaşanır. Nəyə görə? Birincisi, İranın endirdiyi raket zərbələri nəticəsində Hayfadakı neft-qaz zavodu fəaliyyətini dayandırıb - orada heç bir hərəkət yoxdur. Digər tərəfdən, İsrail ABŞ-dən təyyarələr üçün və digər hərbi yardım istəyir. Amma ABŞ həmin o ağır bombaları verməyəcək. Ona görə də, bu məsələlər kontekstində, əgər hələ gec deyilsə və tərəflər Türkiyənin vasitəçiliyinə razılıq versələr, bu, yaxşı nəticələr verə bilər. Birincisi, mülki insanların tələfatı dayanar, digər tərəfdən şəhərlərin və infrastrukturun dağıdılması prosesi sona çatar. Nəhayət, artıq bəlli olar ki, bu iki dövlətin gələcək münasibətləri nədən ibarət olacaq.
 İran İsraili tanımır. Bu məsələ ilə bağlı bəzi anlaşılmaz fikirlər və şayiələr də yayılır ki, guya İran İsraili qəbul etmir, deyir ki, mən onu dağıdacağam. İranın İsrailə olan əsas iddiası da ondan ibarətdir ki, onlar Fələstin xalqını həm qətlə yetirirlər, həm də dövlət qurmaq imkanını əllərindən alırlar.
Bu proseslərdə İran yeganə dövlətdir ki, Fələstin xalqının mübarizəsinə dair konstitusiyasında müddəa var - yəni, biz onlara kömək edəcəyik və edirlər də, ediblər də. Məsələ də ondadır ki, əgər bu danışıqlarda barışıq əldə olunarsa, bundan sonra İran-İsrail münasibətləri yaranacaqmı, yaranmayacaqmı? İran İsraili tanıyacaqmı, tanımayacaqmı?
İran üçün ən ağır məsələ odur ki, İsrail Qüdsü öz paytaxtı kimi tanıyır. İran bu məsələdə heç vaxt barışa bilməz və onu qəbul edə bilməz. Digər dövlətlərin bu məsələyə fərqli yanaşmaları var, amma İran bu məsələlərdə çox prinsipialdır" .

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
olaylar.az

1Sources