“Demokratiyanı Öyrənmə” İctimai Birliyi 13 iyun 2025-ci il tarixdə İmişli şəhərində müharibə iştirakçıları üçün məlumatlandırma sessiyası təşkil edib.
QHT.az xəbər verir ki, sessiya zamanı Birlik tərəfindən iştirakçılara təklif edilən məlumatlılığın artırılması və hüquqi yardım xidmətləri haqqında məlumat verilmiş, bu xidmətlərin təyinatı və hədəf qrupları üçün əhəmiyyəti izah edilmişdir. Məlumatlılığın artırılması əsasən müvafiq mövzularda təqdimatların edilməsi, müvafiq qanunvericik aktlarından çıxarışların paylanılması və sualların cavablandırılması formalarında təmin edilmişdir. İştirakçılar həmçinin hüquqi yardım xidmətinin müddətləri və üsulları, bu xidmətə çatımlıq və s. məsələlərlə bağlı da məlumatlandırılıblar. Birliyin təklif etdiyi bu xidmətləri yüksək qiymətləndirən tədbir iştirakçıları qanunvericilikdən və praktikadan doğan problemlər və onların həlli ilə bağlı fikirlərini səsləndirmiş, rəy və təkliflərlə çıxış etmişlər.
Qeyd edək ki, "Konstitusiya və Suverenlik ili"nə həsr olunan bu sessiya “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının hüquqlarının müdafiəsinə dəstək” layihəsi çərçivəsində təşkil edilib.