EN

"İran nüvə silahının yaradılmasına nə qədər yaxın olub?" - "Deutche Welle"

"Təhlükəli həddə çatmış proqram və diplomatik çıxış yolları..."
 
İran hakimiyyəti israrla bildirir ki, ölkənin nüvə proqramı sırf sülhməramlı məqsədlər daşıyır. Ancaq İsrail bu iddianı rədd edir və Tehranı nüvə silahı yaratmaq yolunda irəliləməkdə ittiham edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, bu iddialar fonunda İsrailin son zərbələri İranın atom bombasına yaxınlaşması ilə izah olunur.
 
İranın nüvə planları: sülh, yoxsa silah?
 
Rəsmi Tehran nüvə proqramının elektrik enerjisi istehsalı üçün nəzərdə tutulduğunu bildirir. Lakin beynəlxalq ekspertlər və Qərb kəşfiyyat orqanları hazırda İranın nüvə silahı istehsal etmədiyini təsdiqləsələr də, proqramın potensial hərbi istiqamət almasını istisna etmirlər. Ən böyük narahatlıq doğuran məqam isə uranın zənginləşdirilmə səviyyəsidir.
 
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatına əsasən, İran artıq 400 kiloqramdan çox uranı 60 faizədək zənginləşdirib. Bu göstərici sülhməramlı məqsədlər üçün tələb olunandan çox-çox yüksəkdir və nüvə silahı üçün lazım olan 90 faizlik səviyyəyə təhlükəli dərəcədə yaxındır. Ekspertlərin hesablamalarına görə, bu uran kütləsi təxminən on nüvə başlığı üçün kifayət edə bilər.
 
Diplomatiya, yoxsa təhlükəli silahlanma?
 
MAQATE ekspertləri bildirir ki, İran uranı hələ 90 faizə qədər zənginləşdirməyib, amma bu, yalnız zaman məsələsidir. Təhlükəsizlik eksperti Hans Yakob Şindler deyir ki, İran həm uranı sürətlə zənginləşdirir, həm də raket sınaqlarını artırır. Bu isə həm Tehranın ABŞ-la danışıqlardakı mövqeyini gücləndirmək cəhdidir, həm də atom bombasına real irəliləyiş kimi qiymətləndirilə bilər.
 
Əlavə olaraq qeyd edilir ki, İran yeni uran zənginləşdirmə zavodunu istismara verib. Lakin unutmamalıyıq: təkcə zənginləşdirilmiş uran silah demək deyil. Bunun üçün hələ nüvə başlığı hazırlanmalı və onu hədəfə çatdıracaq raket də tələb olunur.
 
İsrailin zərbələri nə dərəcədə təsirlidir?
 
İsrail son zərbələrində yalnız nüvə obyektlərini deyil, həm də İranın hərbi komandirlərini və nüvə proqramında çalışan alimləri hədəfə alıb. MAQATE təsdiq edir ki, Nətənz və İsfahanda iki əsas nüvə obyektinə ziyan dəyib. Amma bu obyektlərin tam bərpasının çətinliyi hələ dəqiq bilinmir.
 
İran üzrə ixtisaslaşmış analitik Valter Poşun fikrincə, zərbələrin ən ciddi nəticəsi fizika sahəsində çalışan aparıcı alimlərin öldürülməsidir. Onların proqramın ilk günlərindən bu yana daşıdığı elmi və institusional biliklər əvəzedilməzdir.
 
Zərbələr təkcə nüvə və hərbi obyektləri deyil, həm də mülki binaları hədəfə alıb. 16 iyun 2025-ci il tarixli fotolarda bunu açıq görmək mümkündür.
 
İran niyə nüvə proqramına başlayıb?
 
İranın nüvə proqramı 1950-ci illərdə ABŞ-ın dəstəyi ilə başlanıb. Lakin 1979-cu ildə baş vermiş İslam İnqilabından sonra yeni anti-Qərb rejimin hakimiyyətə gəlməsi beynəlxalq narahatlığa səbəb olub.
 
2002-ci ildə MAQATE Nətənzdə yüksək zənginləşdirilmiş uran aşkar edib və İran sanksiyalarla üzləşib. 2015-ci ildə imzalanmış nüvə sazişi (JCPOA) bu proqramı nəzarət altına alsa da, 2018-ci ildə ABŞ prezidenti Donald Trampın bu sazişdən çıxması vəziyyəti dəyişib. Nəticədə İran məhdudiyyətlərdən imtina edib və uranı daha yüksək səviyyədə zənginləşdirməyə başlayıb.
 
Trampın ikinci prezidentlik müddətində Vaşinqtonla Tehran arasında yeni saziş üçün addımlar atılsa da, bölgədəki gərginlik üzündən bu danışıqlar təxirə salınıb. Son görüş Oman Sultanlığında planlaşdırılsa da, hücumlar səbəbilə ləğv edilib.
 
Beləliklə, İranın nüvə proqramı ilə bağlı sülh bəyanatlarına baxmayaraq, texniki imkanları və zənginləşdirilmiş uran ehtiyatları baxımından təhlükəli mərhələyə yaxınlaşıb. İsrailin hücumları bu prosesi yavaşlatsa da, problemin qalıcı həlli yalnız diplomatik yolla mümkündür. Yaxın aylarda Qərb və İran arasında baş verəcək diplomatik manevrlər, regionun gələcək təhlükəsizlik arxitekturasında həlledici rol oynayacaq.
Chosen
8
moderator.az

1Sources