EN

Qızıl və dövlət istiqrazlarına axın başladı

İran–İsrail qarşıdurması neft bazarını silkələdi

İran–İsrail münaqişəsinin genişmiqyaslı müharibəyə çevrilmək ehtimalı təkcə Yaxın Şərqi deyil, bütün qlobal iqtisadiyyatı silkələyir. Beş gündür davam edən  qarşıdurma enerji bazarlarında ciddi dalğalanmalara, maliyyə sektorunda panikaya, beynəlxalq logistikada isə zəncirvari pozuntulara səbəb olub. Neftin və qazın qiymətində kəskin sıçrayışlar, hava yollarının bağlanması, ticarət dəhlizlərinin təhlükə altına düşməsi, eləcə də region ölkələrinin maliyyə bazarlarında müşahidə olunan qeyri-sabitlik – bütün bunlar bu münaqişənin lokal deyil, qlobal iqtisadi təsir gücünü ortaya qoyur. 

Xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik və Hayfa limanı ətrafındakı strateji maraqlar, Yaxın Şərqdə geosiyasi qarşıdurmanın iqtisadi müstəviyə keçdiyini açıq şəkildə göstərir.


 
İqtisadçı-ekspert Eldəniz Əmirov da “Sherg.az”a açıqlamasında İran–İsrail müharibəsinin iqtisadi təhdidləri artırdığını bildirib. İsrail-İran hərbi qarşıdurmasının neft bazarını dərindən sarsdığını  vurğulayan iqtisadçı qeyd edib ki, Brent markalı neftin qiyməti bir neçə gün ərzində 10 faizdən çox bahalaşıb: 

“Xam neft fyuçersləri 13 faizə qədər artıb. ABŞ-nin VIX indeksi son 3 həftənin maksimumuna qalxıb, sərmayəçilər isə səhmlərdən çıxaraq qızıla və dövlət istiqrazlarına yönəlir. Münaqişə Hörmüz boğazı ətrafında təhlükəni artırır. Gündəlik 18–20 milyon barel neft bu boğazdan keçir ki, bu da dünya neft ticarətinin 20 faizi deməkdir. İranın boğazı bağlama təhdidi neftin qiymətində daha kəskin sıçrayış yarada bilər. BVF hesablamasına görə, neftin 10 faiz bahalaşması inkişaf etmiş ölkələrdə inflyasiyanı 0.4 faiz bəndi artırır.
LNG bazarı da risk altındadır. Qətər və BƏƏ-nin bütün maye qaz ixracatı Hörmüz boğazından keçir və bu, qlobal LNG ticarətinin 1/5 hissəsini təşkil edir. İran üzərindən keçən marşrut bağlansa, Çin və Hindistan alternativ mənbələrə yönələcək, bu da digər bazarlarda qiymətləri yuxarı çəkəcək. Çünki İran sanksiyada olsa belə bu iki ölkə, ələlxüsus da Çin öz neft ehtiyacının ciddi bir hissəsini İran hesabına təmin edir.
Aviasiya sektorunda da gərginlik var. İran, İsrail, İraq və İordaniya hava məkanlarını bağlayıb. Bir neçə beynəlxalq aviaşirkət regiona uçuşları dayandırıb, Təl-Əvivdən sərnişinsiz təyyarələr Kipr və Avropa şəhərlərinə yönləndirilib. Marşrut dəyişiklikləri səyahət vaxtını uzadır, yanacaq xərclərini artırır və sığorta risklərini böyüdür. Bu isə ciddi, həm logistik xidmətlərdə, həm də turizm üzrə qiymət artımlarına səbəb olur.
Ticarət yolları və dəhlizlər də təhlükə altındadır. Hörmüz boğazı yalnız enerji deyil, həm də konteyner yükləri, o cümlədən məişət texnikası və istehlak malları üçün əsas dəhlizdir. Münaqişə sığorta haqlarını artırır, gecikmələr və daşınma xərcləri isə son nəticədə istehlakçının ödədiyi qiymətlərə təsir edir”.

E.Əmirovun sözlərinə görə, İsrailin daxilində də vəziyyət ürəkaçan deyil, panika əlamətləri artıb: 

“Şekel dollar qarşısında 2 faiz dəyər itirib. Supermarketlərdə izdiham yaşanır. Məlumatlara görə, əksər alış-veriş şəbəkələrində alış səviyyəsi 300 faiz artıb, bəzi məhsulların rəfləri boşalıb. "Barclays" və "EY-Parthenon" isə bu qarşıdurmanı “qlobal tənəzzülə səbəb ola biləcək ssenari” adlandırır. Neftin bahalaşması təkcə yanacaqla yanaşı, ərzaq, daşınma və istehsal xərclərində də artıma səbəb olacaq. Amma bütün bunların içində ən strateji hədəf Hayfa limanıdır — onun arxasında duran daha dərin iqtisadi və geosiyasi səbəbləri var”.

Chosen
27
sherg.az

1Sources