Astana, 18 iyun, AZƏRTAC
Prezident Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan Mərkəzi Asiya və Avropanın ən böyük regionlarını birləşdirən əsas logistika mərkəzinə çevrilir.
AZƏRTAC xəbər verir ki, o, ikinci “Mərkəzi Asiya-Çin” sammitində çıxışı zamanı 2024-cü ildə Çindən Mərkəzi Asiya ölkələri vasitəsilə daşınan yüklərin ümumi həcminin 12 faiz artaraq 211 min konteyneri keçdiyini bildirib. Çindən Avropaya quru daşımaların 85 faizi Qazaxıstanın payına düşür.
“Biz transkontinental qarşılıqlı əlaqələrin gücləndirilməsinə və Mərkəzi Asiya regionunun rəqabət üstünlüklərinin üzə çıxarılmasına müstəsna əhəmiyyət veririk. “Bir kəmər, bir yol” meqalayihəsinin birinci həlqəsini təqdim edərək, Qazaxıstan onun “Qərbi Çin - Qərbi Avropa”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Şimal-Cənub” əsas nəqliyyat dəhlizləri ilə birləşdirilməsinin tərəfdarıdır”, - deyə Prezident bildirib.
Qasım-Jomart Tokayevin sözlərinə görə, Transxəzər marşrutunun cəlbediciliyini artırmaq üçün Qazaxıstan Xəzər dənizinin limanlarının modernləşdirilməsi və rəqəmsallaşdırılması, yük terminallarının tikintisi, nəqliyyat gəmilərinin istehsalının təşkili istiqamətində sistemli tədbirlər görür.
“Biz Xəzər dənizindəki Kurık limanında Çinlə birgə yük terminalının yaradılması məsələsinə baxılmasını təklif edirik”, - deyə dövlət başçısı vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana