Albaniya, Kanada və Andorra Knyazlığının bəzi bölgələrindən Azərbaycana ət və ət məhsullarının idxalı məhdudlaşdırılıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Andorra Knyazlığının Sant Julia de Loria inzibati ərazi vahidində iribuynuzlu heyvanlarda epizootik hemorragiya xəstəliyi, Albaniya Respublikasının Berat bölgəsində xırdabuynuzlu heyvanların taunu, Kanadanın Britaniya Kolumbiyası əyalətində isə quşlarda Nyukasl xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri gövşəyən heyvanların və onlara aid genetik materialların, diri ev və vəhşi xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, həmçinin tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.