EN

Konstitusiya Məhkəməsinin sədri: Ombudsmanın sorğuları əsasənda 25 qərar, 7 qərardad qəbul edilib

BAKI, 18 iyun. TELEQRAF

"Ombudsman təsisatı insan hüquq və azadlıqlarının qorunması, onların təmini vəziyyətinin araşdırılması, bu sahədə mövcud çatışmazlıqların aşkar edilməsi, pozulmuş hüquqların bərpası, həmçinin əhali arasında hüquqi maarifləndirmə işinə öz mühüm töhfəsini verir".

Teleqraf xəbər verir ki, bunu"Konstitusiya və Suverenlik İli" və 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, qloballaşan dünyada dövlətin, cəmiyyətin harmonik və sabit inkişafında fundamental hüquq və azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi mühüm şərtdir.

"Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı qarşılıqlı əlaqəyə toxunaraq qeyd etmək istərdim ki, bu cür qarşılıqlı münasibətlərin və təcrübə mübadiləsinin aparılması böyük əhəmiyyət kəsb edir. Belə ki, Ombudsman təsisatı tərəfindən Konstitusiya Məhkəməsinə verilən sorğular insan hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqca səmərəli vasitə olmaqla, bu sorğular əsasında qəbul edilmiş Plenumun qərar və qərardadları həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyır.

Ümumilikdə, bu günə qədər İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən verilən sorğular əsasında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 25 qərar və 7 qərardad qəbul edilib. Həmin qərarlarda müvafiq qanunvericilik normalarının Konstitusiyaya uyğunluğu baxımından təhlili aparılmış, onlara hüquqi qiymət verilmişdir. Bəzi hallarda hüquq tətbiq edici orqanlar üçün müəyyən praktiki istiqamətlər müəyyən edilmişdir. Ümid edirəm ki, biz yaranmış faydalı işbirliyimizi davam etdirəcəyik"- deyə Fərhad Abdullayevəlavə edib.

Chosen
10
teleqraf.com

1Sources