EN

Məşhur reklama niyə Cavan Zeynallını çəkdilər? - Yalçın İslamzadə

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Məmləkətdə mahiyyət üzrə danışmaq, düşünmək və hərəkət etmək kimi ciddi problem var. Deyirsən, "Müzakirəmizin məqsədi Yaponiyanın zəlzələyə qarşı mühəndislik həllərini müzakirə etməkdir".
Reaksiyalar gəlir, "Guya başqa yerdə zəlzələ olmur?", "Yaponiyada yağış da yağır", "Zəlzələnin iqlim silahları ilə törədirlər" vs.

Özəl bank reklam çəkmişdi, hədəf kütlə gənclər idi, gənclərə kredit təklif edirdilər. Səthi assosiasiya ilə gənc-cavan-Cavan Zeynallı əlaqəsi qurub reklama hörmətli Cavan Zeynallını çəkmişdilər.

Qida şirkəti reklam hazırlayıb, xanımlar piknikə gedirlər. Nə qədər qızıl bəzək əşyası var, taxıblar. Piknik = relaks fəlsəfəsidir halbuki.

"Leyli və Məcnun" operası səhnəyə qoyulur, "Məcnunun" 65, "Leylinin" 53 yaşı var.

Müəllimlər sertifikasiya imtahından keçirilirlər. Müəllimləri hazırlayan pedaqoji fakultələrin müəllimləri sertifikasiyadan keçirilmir. Əksəriyyəti qoca, sahəsinə dair kitab-jurnal mütaliə etməyən, müasir təhsil diskursundan xəbərsizdirlər. "Günahkar qurbandır" məntiqiylə gözləyirlər ki, müəllim dərədən-təpədən material tapıb sertifikasiyaya hazırlaşsın.

Tanınmış jurnalist orta məktəbdəki tədbirdən canlı yayın paylaşıb, deyir ki,

"Bizdə görəsən nə zaman səhnə mədəniyyəti olacaq?"

Oxucular da eyni sualı təkrar edirlər. Halbuki həmin aparıcı simpatik ötkəmliyindən istifadə edərək, səhnəyə çıxıb qısa çıxışla iştirakçılara etiket qaydalarını xatırladıb, əməl etməyə dəvət edə bilərdi.

Əvəzində şikayət edir. Olmadığını bilirik, necə və hardan olacaq?

Bir gün möcüzəvi şəkildə hərkəsin bu qaydalardan xəbərdar olacağına, nəyə əsasən ümid edirlər?

Hərkəsin şikayəti anonimdir, kimsə kimdənsə gözləyir. O gözlənilən kimsə də, başqasından gözləyir.

Chosen
9
1
kulis.az

2Sources