EN

Aslan Kərimov: “Sabah” Sloveniya klubuna qalib gələ bilmək iqtidarındadır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 iyun, AZƏRTAC

Düşünürəm ki, “Sabah” Sloveniya klubuna qalib gələ bilmək iqtidarındadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünə əsasən, Sloveniyanın “Tselye” komandası ilə qarşılaşacaq “Sabah”ın şanslarını dəyərləndirərkən deyib.

Mütəxəssis Sloveniya təmsilçilərinin avrokuboklarda çox təcrübəli və futbol oynamağı yaxşı bacaran komandalar olduğunu vurğulayıb: “Potensial rəqiblər arasında Moldova təmsilçisi “Şerif” bizə daha uyğun rəqib idi. “Tselye” Sloveniyada öz sözünü demiş komandalardan biridir. Son iki mövsümdə ölkə çempionluğunu və kubokunu qazanıblar. Bu, o deməkdir ki, titul əldə etməyi bacaran kollektivlə üz-üzə gələcəyik. Ümumiyyətlə, Qərbə yaxın olduğu üçün Sloveniya futbolunda alman nizam-intizamı nəzərə çarpır. Belə komandalara qarşı oynamaq hər halda çətin olacaq. Digər tərəfdən bizi çətinə salacaq faktorlardan biri də “Tselye”nin baş məşqçisi Albert Riyeradır. İlk dəfə 2023-cü ildə komandaya rəhbərlik edib. Daha sonra Fransanın “Bordo” klubuna yollanıb. Orada işlər istədiyi kimi getmədiyi üçün yenidən “Tselye”yə qayıdıb. Yəni, bu ispaniyalı çalışdırıcı komanda üçün yeni sima deyil. Əgər söhbət hansısa ispaniyalı məşqçinin çalışdırdığı klubdan gedirsə, sözsüz ki, onlar üçün ən vacibi topa sahib olmaqdır. Sloveniya keçmiş postsovet və Yuqoslaviya ölkələri arasında futbolda ən nizam-intizamlı ölkələrdən biridir. Bu da təmsilçimizə bir qədər çətinlik yarada bilər. Amma, məsələn, “Şaxtyor”la müqayisə etsək, “Tselye”nin bizə daha uyğun olduğunu söyləmək olar. Düzdür, heyətində Braziliya və İspaniyadan olan keyfiyyətli legioner oyunçular var. Amma yerli futbolçuların daha çox üstünlük təşkil etdiyi komandadır”.

Aslan Kərimovun sözlərinə görə, qalib gəlmək üçün düzgün strategiya qurmaq lazım gələcək: “Açığı, iki kollektivi eyni müstəviyə qoymaq olduqca çətindir. “Sabah”ı yaxşı tanısaq da, “Tselye”nin oyun üslubuna çox da bələd deyilik. Bu səbəbdən müqayisə etmək asan olmayacaq. Bakı klubunun üstünlüyü cinah oyunçuları, zəif nöqtəsi isə müdafiə xəttidir. Əminəm ki, rəqibin heyətində olan hücumameyilli futbolçular çox kreativdirlər. Çünki daxili çempionata nəzər salsaq, onların son illər kuboklar qazandığını görə bilərik. Bu da kollektivin qol vurmağı bacardığını göstərir. Heyət, baş məşqçi və oyun üslubu baxımından “Tselye”nin şansını azca üstün görürəm. Təbii ki, qarşısıalınmaz komanda deyil. Güclər təxminən bərabərdir. Təmsilçimizə uğurlar arzulayıram. Fikrimcə, bizi çox maraqlı qarşılaşmalar gözləyir”.

O bildirib ki, “bayquşlar”a ən çox çətinlik yaradan faktorlardan biri də hazırda baş məşqçisinin olmamasıdır”: “Komandanın matçlara kimin rəhbrəliyi altında necə çıxacağı da oyunçularda bir qədər təzyiq yarada bilər. Ümidvaram ki, qısa zaman kəsiyində oyun üslubunu dəyişmək kimi bir riskə girməzlər. İnanıram ki, ölkə kubokunda göstərdikləri qələbə əzmini və aqressivliyi qoruyub saxlayacaq, rəqibi ən yaxşı şəkildə analiz edərək, qalib gələcəklər”.

Qeyd edək ki, “Sabah” I təsnifat mərhələsində ilk matçına iyulun 10-da evdə, cavab qarşılaşmasına isə bir həftə sonra səfərdə çıxacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
azertag.az

2Sources