EN

Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığının perspektivlərinə dair hesabat hazırlanıb

Astana, 18 iyun, AZƏRTAC

“Astana” Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) tərəfindən Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığının dərinləşdirilməsi perspektivlərinə dair analitik hesabat hazırlanıb.

AZƏRTAC xəbər verir ki, hazırlanan sənəd iki ölkə arasında strateji tərəfdaşlığın potensialını ortaya qoyur. Hər iki dövlət İpək Yolu regionunun əsas qovşaqları qismində kimi çıxış edir və iqtisadiyyatın diversifikasiyası, xarici ticarət axınlarının genişləndirilməsi və regionlar arasında əlaqənin gücləndirilməsi prioritetləri daxil olmaqla əlaqələndirilmiş geoiqtisadi strategiya formalaşdırır.

Analitik hesabatın əsas məqamları ticarət tərəfdaşlarından regional aktorlara çevrilmə prosesini, Qazaxıstan və Azərbaycanın İpək Yolunun nəqliyyat, enerji və maliyyə infrastrukturunun inkişafında koordinasiyalı liderlik səylərini əks etdirir.

Daha bir məqam energetika keçidi ilə bağlıdır: qeyd olunur ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının genişləndirilməsi və yaşıl enerjiyə investisiyalar (o cümlədən Tranş-xəzər kabel layihəsi) Aİ-yə “təmiz enerji” ixracı üçün perspektivlər açır.

Növbəti istiqamət logistika və maliyyə məsələləridir: 2021-ci ildən bəri Orta Dəhliz boyunca yükdaşımalarının dörd dəfədən çox artması regionun əsas tranzit qovşağı kimi rolunu vurğulayır. ABMM, öz növbəsində, bu sahədə layihələrin strukturlaşdırılması üçün platforma təklif etməyə hazırdır.

Sonuncu sahə rəqəmsal və kənd təsərrüfatı infrastrukturudur: Xəzər fiber-optik kabeli və logistika zəncirlərinin inkişafı kimi təşəbbüslər hər iki ölkənin ərzaq təhlükəsizliyini və rəqəmsal rəqabət qabiliyyətini artırır.

Sənəddə vurğulanır ki, iqtisadi konvergensiyanın gələcək uğuru infrastruktura, rəqəmsal transformasiyaya, tənzimləmənin uyğunlaşdırılmasına və birgə müəssisələrin inkişafına koordinasiya edilmiş investisiyalardan asılı olacaq. Qazaxıstan və Azərbaycan bu addımları həyata keçirməklə öz iqtisadi dayanıqlığını gücləndirə, həm də özlərini yeni Avrasiya iqtisadiyyatının regional liderləri elan edə biləcəklər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
1
1
azertag.az

2Sources